Ekskluziv
422
11 Dec 2024 | 23:51

"Evdə tək" filmi tamaşa olur - Kevin rolunu məşhur cütlüyün övladı oynayacaq - ÖZƏL

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Evdə tək” filminin motivləri əsasında yeni tamaşa hazırlanır.
 
Tamaşanın rejissoru, teatrın aktyoru Zaur Əliyev Moderator.az-a açıqlamasında bildirib ki, məqsəd tamaşaçılara nostalji dəqiqələr yaşatmaqdır.
 
“Qarşıdan həm yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günü gəlir. Yeni il daha çox uşaqların sevdiyi bayramdır. Valideynlər uşaqlara bu ərəfədə xüsusilə daha çox istirahət ayırır, onların əylənmələri ilə məşğul olurlar. Mənə elə gəlir ki, ən böyük istirahət, əyləncə və maariflənmə yer olan teatrdır. Akademik Musiqili Teatrında “Evdə tək” filminin motivləri əsasında tamaşa hazırlayırıq. Elə adı da eynən “Evdə tək”-dir. Demək olar ki, biz koloriti qoruyub saxlayırıq. Qəhrəmanların adları, filmin musiqiləri yerində qalır. Sadəcə maraqlı olan budur ki, bu qəhrəmanlar Azərbaycan aktyorları olacaq. Tanıdığımız aktyorların uşaqları olacaq. Planımız qısa zaman ərzində baş verdi. Teatrımızın direktoru Əliqismət Lalaleyin ideyasından da yarandı bu tamaşa. Tamaşanın ikinci rejissoru Əmrah Dadaşovdur. Müasir tamaşa hazırlayanda nədənsə teatrda yenilik o dərəcədə qəbul olunmur. Teatrımızda kifayət qədər müasir tamaşalar var, amma baxırıq ki, tamaşaçını cəlb etmək o qədər də asan deyil. Amma klassik ad eşidəndə tamaşaçılarda nostalji hisslər yaranır. Yenidən o illərə qayıtmaq istəyirlər. İnsanlar klassikanı teatrda axtarırlar” deyə sənətçi bildirib.
 
Zaur Əliyev bildirib ki, tamaşada film kadrlarından da istifadə ediləcək:
 
“Burada da əsas məqsəd klassikanı tam saxlamaqdır. İstəyirik ki, bir az toxunuşlar olsun, təkcə adı qalmasın. Tamaşada qafqazlı, azərbaycanlı ruhu var. O ki, qaldı tamaşadakı rolları kimlərin oynayacağına?! Azyaşlı rolları teatrımızın istedadlı aktyorları Gültac və Hüseyn Əlilinin oğlanları Mironur, Miruğur oynayacaq. Həmid Həmidov bizim yeni gənc aktyorumuzdur. Əməkdaşımızın övladıdır. Uşaqların yeni nəfəsi bura canlılıq qatacaq. Ofeliya Novruzqızı da bizim tamaşada ananı oynayacaq. O filmin özündə də ananı, yəni Keyt obrazını səsləndirib. Oğrulardan birini İqrar Salamov oynayacaq. Səməd Xasıyev ata rolunu canlandıracaq. Şaban Cəfərov, Nərmin Əliyeva, Elçin İmanov və s. aktyorlar da tamaşada rol alacaqlar. “Evdə tək” tamaşası 28 dekabrdan 5 yanvara qədər Akademik Musiqili Teatrda nümayiş olunacaq” deyə tamaşanın rejissoru bildirib.
Link kopyalandı!
Son xəbərlər