“Türkiyənin Suriyada maraqlarının təmini Azərbaycanın da mənafeyinə uyğundur”
Ekskluziv
231
11 Dec 2024 | 22:11

“Türkiyənin Suriyada maraqlarının təmini Azərbaycanın da mənafeyinə uyğundur”

“Türkiyə və Azərbaycan Prezidentlərinin son telefon danışığı zamanı Suriyadakı vəziyyətin müzakirəsi, ardınca da Azərbaycan Xarici İşlər Nazirliyinin Suriya ilə bağlı bəyanatı baş verənlərin məmləkətimizlə də əlaqəsinin olduğunu göstərir. Strateji müttəqimiz Türkiyənin Suriyada mövqelərinin güclənməsi bölgədəki vəziyyəti dəyişmək iqtidarındadır. Rusiya və İran Suriyada yanlış tərəfi seçdilər və itirdilər. Türkiyə isə bu illər ərzində səbr nümayiş və sonda qazanan ölkə oldu”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Politoloq qeyd edib ki, Türkiyənin Suriyada möhkəmlənməsi Azərbaycanın da maraqlarına uyğundur:

 

“Türkiyənin Suriyada maraqlarının təmin edilməsi Azərbaycanın da maraqların cavab verir. Türkiyənin hədəflərindən Suriya ərazisində terrorçu PKK və ona bağlı silahlı qrupların neytrallaşdırılmasıdırsa, digəri yerli türkmanlarin təbii haqlarının bərpasıdır. Ermənistan vaxtilə Əsəddən yana oldu, yanıldı, indi Azərbaycanın növbəsidir, Türkiyə ilə birgə Suriyadakı qardaş türkmanlərdən yana olmalıyıq. Azərbaycan Türkiyənin Suriyada humanitar aksiyalarında yer ala bilər. Suriya infrastukturunun yenidən qurulmasında Türkiyə şirkətləri ilə birgə Azərbaycan şirkətləri də iştirak edə bilərlər.

 

Fikrimcə, yaxın müddətdə Azərbaycanın Suriyada səfirliyi də fəaliyyətini bərpa edəcək. Türkiyənin Suriyada mövqelərinin möhkəmlənməsi qardaş ölkənin Cənubi Qafqazda da mövqelərini daha da möhkəmləndirəcək. Bunu Ermənistanda da anlayırlar. Odur ki, Ermənistan hökuməti Konstitusiyada dəyişiklik edib nə qədər tez Azərbaycanla sülh sazişi imzalasa, bir o qədər onun üçün faydalı olacaq. Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması Türkiyə ilə sərhədin açılması və diplomatik münasibətlərin qurulmasına da şərait yaradacaq”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər