"Ukrayna üçün təhlükəsizlik zəmanətləri "Almaniya" və "İsrail" modelləri elementlərini özündə ehtiva edən "Koreya" modelinə əsaslanmalıdır..."
Dekabrın 12-də Fransa prezidenti Emmanuel Makron Varşavaya səfər edərək Polşa tərəfi ilə Rusiya ilə saziş imzalanacağı təqdirdə Ukraynanın suverenliyini müdafiə edən sülhməramlı missiya məsələsini müzakirə edəcək.
Moderator.az xəbər verir ki, bu barədə NATO baş katibinin sabiq müavini Kamil Qrand "Rzeczpospolita" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "24tv.ua" nəşri yayıb.
Məlumatda deyilir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşü zamanı Fransa lideri Avropanın Ukraynanın suverenliyinin müdafiə edilməsi riskini öz üzərinə götürməyə hazır olduğunu bəyan edə bilərdi.
Fransa işğalçıların atəşkəsi pozmayacağına zəmanət verən sülhməramlı missiya göndərilməsini fəal şəkildə təklif edir. Bu missiya layihəsi üzərində Fransa Beynəlxalq Münasibətlər İnstitutu işləyir.
İnstitutun eksperti Eli Tenenbaum məlumat verib ki, hərbi kontingent beş briqadadan (təxminən 40 min hərbi qulluqçu) ibarət ola bilər. Bir briqadanın komandanlığı Polşaya verilə bilər.
Hazırda Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsinin yalnız üç yolu mövcuddur.
Birincisi, "Almaniya" nümunəsidir, bu, ölkə ərazisinin bir hissəsi işğalda olan zaman Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasını nəzərdə tutur. ABŞ və Almaniya bu plana qarşı çıxır.
İkincisi "İsrail" modelidir, yəni sülh sazişi bağlanandan sonra da Ukraynaya kütləvi silah tədarükünü nəzərdə tutur. Bu, qeyri-müəyyəndir, çünki Ukraynaya daimi silah tədarükü ABŞ və Avropanın büdcələrindən asılı olacaq.
Üçüncüsü, "Koreya" modelidir. 70 ildən artıqdır ki, Cənubi və Şimali Koreya arasında demarkasiya xətti beynəlxalq sülhməramlı missiya tərəfindən mühafizə edilir. Kiyev üçün təhlükəsizlik zəmanətlərinin verilməsi birinci və ikinci modellərin elemetlərini özündə ehtiva edən məhz bu modelə əsaslanmalıdır".
Qrand hesab edir ki, bu missiyaya hətta iştirakı rəmzi olsa belə, daha çox ölkə və ABŞ cəlb edilməlidir. O, seçkilərdən sonra Almaniya və Niderlandın da bu ideyaya dəstək verəcəyini proqnozlaşdırıb.
Ukraynaya qoşunların göndərilməsi
Qərb KİV-lərinin məlumatına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna cəbhəsində Avropa ölkələrinin hərbi qüvvələrinə nəzarət edəcək bufer zonasının yaradılmasını nəzərdən keçirir.
Məlumata görə, London və Paris artıq müharibənin başa çatdırılmasına dair sülh sazişinin imzalanacağı təqdirdə onların Ukraynanı necə müdafiə edəcəyini müzakirə edir.