“Əsəd 135 milyard dolları köçürmə ilə çıxara bilməzdi, nağd şəkildə daşımaq üçün isə ona 60 vaqonluq qatar lazım olardı...”
Ekskluziv
5744
10 Dec 2024 | 20:12

“Əsəd 135 milyard dolları köçürmə ilə çıxara bilməzdi, nağd şəkildə daşımaq üçün isə ona 60 vaqonluq qatar lazım olardı...”

Amerikanın Milli Təhlükəsizlik Agentliyi bütün dünyadakı bank köçürmələrini nəzarət altında saxlayır və 3 min dollardan yuxarı hər bir köçürmə xüsusi kompüter proqramı vasitəsilə yoxlanılır, həmin vəsaitin köçürülmə mənbəyi, ünvanı, tarixi dəqiq öyrənilir. Nə üçün?..”
 
Xəbər verdiyimiz kimi, bu gün mediada yayılana məlumata görə, Şamın kəşfiyyat xidmətində çalışan mayor rütbəli Xalid Beyye Suriyada baş verən hadisələrlə bağlı verdiyi açıqlamada guya Bəşər Əsədin Rusiyaya qaçaq yolla 135 milyard dollar aparmağa nail olduğunu iddia edib. Bəs bu nə dərəcədə inandırıcıdır?..
 
Sovet dövründə neçə illər Yaxın Şərqin müxtəlif ölkələrində hərbi mütərcim kimi çalışmış, Suriyanı da gəzmiş politoloq Zərdüşt Əlizadə mövzu ilə Moderator.az-a açıqlamasında bunları söyləyib: 
 
“Yaxşı yadımdadır, 1990-cı illərdə belə bir hadisə oldu. İstanbul hava limanında gömrük xidməti 100 dollarlıq əskinaslarla dolu 4 konteyner saxlamışdı.  Məbləği 40 milyon dollar olan əskinasların çəkisi cəmi 360 kq olmuşdu. Bu, Azərbaycanın məşhur nazirlərindən birinin xalqdan oğurlayaraq qaçırmaq istədiyi pullar idi... Yəni söhbət ondadır ki, 40 milyon dollar 360 kq-dırsa və 4 konteynerə yerləşdirilirsə, onda 135 milyard dollar pulu nağd şəkildə daşımaq üçün təxminən 60 vaqonluq bir qatar, bir eşelon lazımdır.  Digər tərəfdən, Suriya da, Rusiya da sanksiyalar altındadır, hər iki ölkənin bank sistemi məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistem olan “SVİFT”dən uzaqlaşdırılıb. Ona görə Əsədin o məbləğdə pulu qaçaq yoluyla da köçürməsi mümkün deyil... 
 
Üçüncüsü də, Amerikanın Milli Təhlükəsizlik Agentliyi bütün dünyadakı bank köçürmələrini nəzarət altında saxlayır və 3 min dollardan yuxarı hər bir köçürmə xüsusi kompüter proqramı vasitəsilə yoxlanır, həmin pulun köçürülmə mənbəyi, ünvanı, tarixi dəqiq öyrənilir. Nə üçün? Terrorizmə qarşı mübarizə məqsədi ilə...  Azərbaycanda da bəzi məmurlar bunu bilmir və “qazandıqları” pulları ora-bura köçürməyə çalışırlar. Amma ABŞ-da bunların hamısını “görürlər”, bilirlər və ayrıca siyahıya yazıb yaddaşda saxlayırlar. Araşdırırlar, əgər həmin vəsaitin terrorizmlə əlaqəsi yoxdursa, talanmış pul olsa da, hara nə məqsədlə; obyekt açmaq, villa tikmək, mülk almaq, eyş-işrət  və s. üçün xərclənirsə, bu, amerikalıları maraqlandırmır... Lakin ərazisində daimi terror qruplaşmaları olan və Əsəd kimi diktatorlar olan ölkələrin köçürmələri daim ciddi yoxlanılır.  Bu mənada sözsüz ki, özü də neçə illərdir ciddi kəşfiyyat nəzarəti altında olan Əsəd bu 135 milyardı hansı yolla köçürsə də, ABŞ kəşfiyyatının “gözü”ndən yayına bilməz... 
 
Dördüncüsü isə axı heç Suriyanın o qədər pulu da ola bilməz. Onun Azərbaycan qədər nefti də yoxdur. Ölkəmiz 30 ildir müstəqildir, neft sənayesi 20-25 ildir qaydasında işləyir, amma bu gün Neft Fondunda təxminən 75 milyard dollar var. Elə bu neçə illər ərzində də neftdən cəmi 130-140 milyard pul gəlib Azərbaycana...
 
Mən özüm 1969-cu ildə Suriyada olmuşam, gəzmişəm, o xalqın həyatıyla, ölkənin sənayesi, təsərrüfatıyla maraqlanmışam. Bu ölkənin, dediyim kimi, nefti azdır. Bundan başqa isə yalnız çox miqdarda fosfat mədənləri var. Bir də keyfiyyətli çörək bişirilməsi üçün yaxşı və bol taxılı olur. Meyvə-tərəvəzləri də boldur. Lakin bu sərvətlər hesabına da Əsədin 135 milyard toplaması mümkün deyil...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər