Bizi sosial şəbəkələrdən izləyin:
“Bu gün həyat yoldaşım, mənimlə də bir neçə filmdə birlikdə rol alan Mömünat Qurbanovanın doğum günüdür. Cənnətdəki doğum günün mübarək! Ümid edirəm və əminəm ki, yeri cənnətdir. Onu heç bir zaman unutmuram, unuda da bilmirəm. O vaxt uşağımız balaca olduğu üçün filmlərə çəkilməyini istəmirdim, amma bu gün deyirəm ki, nə yaxşı ki, çəkilib. Həmin filmlər mənə bu gün ən böyük təskinlik, təsəllidir”
Bunu Moderator.az -a açıqlamasında xalq artisti Ənvər Həsənov deyib. O daha sonra əlavə edib:
“Çox qısqanc qadın idi. Bu da sevgidən irəli gəlirdi. “Tarqovıy” küçəsində onunla yan-yana gəzə bilmirdim. Bir də görürdüm ki, nə qədər qız üstümə gəlir. Gizlənə də bilmirdim. Gəlib öpüb gedirdilər. O da kənardan dayanıb baxırdı. Qısqanclıqdan heç nə demirdi. Hətta bir dəfə bu qısqanclığa görə boşanmaq ərəfəsində də olmuşuq. Rayonda idim, çəkilişlərdən gəlib ərizəni gedib götürdüm. Azərbaycana hansı məşhur aktrisalar gəlirdi mən də onlarla görüşürdüm. Onlara da məni qısqanırdı” deyə sənətkar bildirib.
Ənvər Həsənov bildirib ki, xanımını ağır avtomobil qəzasında itirib.
“2008-ci il idi. Hava soyuq idi, qar yağmışdı. Xaçmaza, Nabrana gedirdik. Ov tüfəngimi də götürdüm, Mömünat dedi ki, mən də gedirəm. O da həvəskar idi. Yol buz idi. Qabağıma bir it çıxdı. Qəfil maşın aşdı. Mənim başım partlamışdı, Mömünatın da gicgahına dəymişdi. Elə o anda da yerində keçindi. İndi də o yerdən keçəndə hönkürtü ilə ağlayıram. Maşını saxlayıram, yadıma salıram. Kaş onun yerinə mən ölərdim. Mən bu illər ərzində yaşamıram ki.. Onsuz yaşamaq mənim üçün əzabdan da betərdir” deyə sənətkar bildirib.
Ənvər Həsənov vəsiyyətindən də danışıb:
“Hər ay Mömünatın məzarını ziyarət edirəm. Axır vaxtlar xəstə oduğum üçün bir az gedə bilmirəm. Onun məzarının yanında da özümə yer saxlamışam. Vəsiyyət etmişəm ki, məni orada dəfn edin. Mömünat hər şeyi öncədən hiss edirdi. Allah ona belə bir xüsusiyyət vermişdi. Mənə deyirdi ki, mən səndən tez öləcəm, amma sən tək qalma, qırxımı verən kimi get evlən. Deyirdi ki, sən tək qala bilməzsən. Mən də həmişə onun bu sözlərinə etiraz edirdim” deyə xalq artisti bildirib.