Son dövrlərin ən aktual məsələlərindən biri Qərbi Azərbaycandan olan soydaşlarımızın yenidən öz tarixi torpaqlarına qayıdışı, atta-baba yurduna dönüşüdür. Hansı ki, Prezident İlham Əliyev tərəfindən dəfələrlə gündəmə gətirilən bu missiyanın dinc şəkildə həyata keçiriləcəyi, bu qayıdışın soydaşlarımızın hüquqi-mənəvi haqqı olduğu vurğulanıb.
Xatırladaq ki, bu məsələ Qərbi Azərbaycan İcması tərəfindən də mütəmadi şəkildə gündəmə gətirilməkdə, sözügedən istiqamətdə informasiya müstəvisində sistemli addımlar atılmaqdadır.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli Azərbaycanın bu məqsədinə də nail olacağını vurğulayıb:
“Qərbi azərbaycanlılar, yəni indiki Ermənistan ərazisindən qovulan soydaşlarımız yenidən öz torpaqlarına qayıtmalıdır. Bunun başqa variantı, başqa alternativi yoxdur. Bu məsələni bizim Prezidentimiz qaldırıb və bunun necə, hansı şəkildə reallaşacağını da izah edib.
Bu gün xarici ölkələrdə bəzi qüvvələr iddia edir ki, Xankəndindən köçən ermənilər geri qayıtmalıdır. Guya onları biz zorla çıxarmışıq. Halbuki, gedən ermənilərin könüllü şəkildə Xankəndini tərk etdiyi hər kəsə məlumdur. Biz bu yalanın qarşısında öz həqiqətimizi qaldırmışıq.
Azərbaycan mediası da bu istiqamətdə mühüm iş görür. Bununla yanaşı, hesab edirəm ki, mediamız bu sahədəki aktviliyini daha da artırmalı, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq mediada işıqlandırılmasına daha çox diqqət göstərməlidir. Dünyanın aparıcı dillərində - alman, fransız, ingilis dilində Qərbi Azərbaycanla bağlı məqalələr, videoçarxlar hazırlanmalı, bütün dünyaya bu torpaqların bizə məxsus olduğu, bu ərazilərə bizim deyil, ermənilərin gəlmə olduğu göstərilməli, sübut edilməlidir. İnanıram ki, belə bir fəaliyyət dünya ictimaiyyətinin Qərbi Azərbaycan məsələsinə daha obyektiv yanaşmasına təsir edəcək, xalqımızın haqq işinin qalib gəlməsinə töhfə verəcək”.
Seymur ƏLİYEV