“Bilirsiz ki, Azərbaycan dövləti Ermənistana qarşı təzminat məsələsi qaldırıbdır. Həmin təzminatın bir hissəsinin geri qayıdacaq azərbaycanlıların öz həyat şəraitini yaratmasına yönəldilməsi ilə bağlı təkliflər ola bilər. Həmçinin bu işlər üçün Azərbaycan dövləti tərəfindən də vəsait ayrıla bilər...”
“Xəbər verildiyi kimi, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın yekun sənədi qəbul edilib. Hazırda hüquqi və faktiki cəhətdən Ermənistan ərazisi olan Qərbi Azərbaycana soydaşlarımızın real qayıdış prosesinin həyata keçirilmə mexanizmini necə görürsüz? Təbii ki, bu, ağır və çətin prosesdir. Qarabağın azad edilməsindən artıq 4 il keçib, amma 1 miyona yaxın məcburi köçkünün heç 5 faizini öz torpaqlarında daimi məskunlaşdıra bilməmişik. Bu mənada tarixi torpaqlarımıza dönüşümüz neçə illər çəkə bilər?”
Moderator.az əməkdaşının bu sualını 1993-2022-ci illərdə Qarabağ Azadlıq Hərəkatının(2000-ci ildən Təşkilat adlandırılmış) rəhbəri olmuş Azad Vətən Partiyasının sədri Akif Nağı belə cavablandırıb:
“Bəli, ötən söhbətimizdə dediyimiz kimi, Qərbi Azərbaycana qayıdış prosesi çox ağır bir prosesdir və onun mexanizmi də mövcu və gələcək reallığa uyğun olaraq ciddi şəkildə hazırlanmalıdır. Və təbii ki, müəyyən bir dövr keçməlidir, bunun müəyyən zamana ehtiyac var. Eyni zamanda beynəlxalq təşkilatlar da anlamalıdırlar ki, Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır və azərbaycanlılar oraya mütləq qayıtmalıdır. Və göründüyü kimi bu istiqamətdə dövlətimiz və ictimaliyyətimiz tərəfindən gərəkli addımlar atılmaqdadır. Qeyd etdiyiniz beynəlxalq konfrans da, bu günlərdə parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilmiş “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmələr və s. də buna sübutdur...
Zaman yetişdikdə soydaşlarımızın Qərbi Azərbaycana qayıtması an məsələsi olacaq. O vaxt elə bir çətinlik olmayacaqdır. Və elə bir şərait yetişəcək ki, azərbaycanlılar orada “Ermənistan” deyilən ölkənin, - və hətta ola bilər ki, adı da dəyişdirilsin - fərqi yoxdur, - azərbaycanlılar birbaşa hakimiyyətdə, ölkənin idarə edilməsində içtirak edəcəkdir. Bu halda isə kiminsə azərbaycanlılar üçün şərait yaratmasına ehtiyac da olmayacaq, onlar özləri-özləri üçün şərait yaradacaqdır. Bu işlərin həyata keçəcəyi vaxta gəldikdə, belə məsələlərdə vaxt, çərçivə qoymaq çətindir...
Artıq 4 ilə yaxındır ki, aparılan Qarabağın- işğaldan azad edilmiş torpaqların məskunlaşdırılması prosesi də çox ağır məsələdir. Mən dəfələrlə bu haqda mövqeyimi bildirmişəm. Məskunlaşma islərini sürətləndirmək üçün tədricən müəssisələr, evlər tikilməli, eyni zamanda bir müddət sonra hər kəsin özünə fərdi evlər tikməsi üçün də şərait yaradılmalıdır. Bu işlər müəyyən bir məqamda sürətlənəcək. Həmin məqam da o zaman yetişəcək ki, o torpaqlarımızda insanların yaşaması üçün əsas lazımi infrastruktur tam formalaşsın. Əlbəttə, insanların yaşaması üçün ilk növbədə şərait və iş yerləri olmalıdır. Ən çətin məsələlərdən biri də iş yerləridir. İnsanları kütləvi şəkildə qaytarsaq və onlar üçün gərəkli sayda iş yerləri olmasa, bu cür məskunlaşma baş tutmaz. Bir sözlə, işğaldan azad edilmiş torpaqların məskunlaşdırılması prosesinə bir az səbir və dözümlə yanaşmaq lazımdır... Amma gərəkli işlər və proseslər gedir. Məsələn, mən bu yay aylarında Xankəndində, Şuşada, Laçında, Ağdamda oldum. Ağdam şəhəri ərazisində çox böyük tikinti işləri gedir. Rayonun isə ən azı üç kəndində yüzlərlə fərdi, həyət evləri tikilib. Xıdırlı və Sarıcalı kəndlərindəki evləri öz gözlərimlə gördüm. Laçında iki böyük kənd salınıb, digər bir neçə kəndin də tikintisi gedir. Laçın və Qubadlı istiqamətlərində sürətlə yollar, tunellər çəkilir, hava limanı tikilir. Yəni çox böyük işlər görülür. Əlbəttə, çox istərdik ki, məskunlaşdırma prosesləri daha sürətlə getsin. Amma reallıq var... Və bir mərhələdən sonra bu proseslər daha da sürətlənəcək. Yəni öncə dediyim kimi şəhər və rayon mərkəzlərində bütün əsas lazımi infrastruktur formalaşandan sonra paralel olaraq həm dövlət özü tikinti işləri aparacaq, eyni zamanda onun ayırdığı subsidiyalar və s. hesabına insanlar özləri tikinti işləri aparacaq. Bax, əsil sürətlənmə, dönüş onda başlayacaq. Və ondan sonra, hesab edirəm ki, məskunlaşma prosesi bir neçə il ərzində başa çatacaq. Və o məqamı səbirlə gözləmək lazımdır. Onun üçün isə müəyyən ilkin şərtlər yetişməlidir...
Konkret Qərbi Azərbaycana qayıdışa gəldikdə, hesab edirəm ki, 1988-1989-cu illlərdə o torpaqlardan köçmüş soydaşlarımızın xeyli hissəsinin evləri salamatdır və onlar o torpaqlara döndükdə o evləri qısa müddətdə təmir edərək orada yaşamağa başlayacaqlar. Təbii ki, o vaxtadək oradakı bərpa işlərinin də Ermənistanın ödəməli olduğu təzminat hesabına maliyyələşməsi də həllini tapacaq. Bilirsiz ki, Azərbaycan dövləti Ermənistana qarşı təzminat məsələsi qaldırıbdır. Həmin təzminatın bir hissəsinin geri qayıdacaq azərbaycanlıların öz həyat şəraitini yaratmasına yönəldilməsi ilə bağlı təkliflər ola bilər. Həmçinin bu işlər üçün Azərbaycan dövləti tərəfindən də vəsait ayrıla bilər. Yəni Ermənistan yoxsul və bədbəxt bir ölkədir. Bu baxımdan onların soydaşlarımızın qayıdışının təminatı üçün hansısa vəsait ayıra biləcəyi o qədər də inandırıcı deyil. Amma orada evlərin bərpası və tikintisi üçün beynəlxalq donorların cəlb olunması da mümkündür. Bütün bunlar prosesin detallarıdır. Və əsas məsələ ondan ibarətdir ki, bütün çətinliklərə rəğmən azərbaycanlılar hökmən Qərbi Azərbaycana qayıtmalıdırlar və qayıdacaqlar da... Onların qayıdışının qarşısını alacaq hər hansı bir qüvvə və maneə yoxdur...”
Sultan Laçın