Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
2837
05 Dec 2024 | 14:44

“O gün Meydandan qayıdanda məni də şərlədilər və... 4 ay sonra həbs etdilər...”

"... Repressiya necə vüsət almışdısa, Bayılda yer olmadı, Ona görə də sonda  məni Qara şəhərdəki xüsusi təcridxanaya yerləşdirməyi qərara aldılar..."
 
“Yaxşı ki, bugünkü müstəqil(!), hüquqi(!), demokratik(!) dövlət olan Azərbaycanda belə hallara rast gəlinmir...”
 
“Şərləmə - bəşəriyyət xəlq ediləndən bəri Adəm övladının törətdiyi ən çirkin, ən murdar, ən vicdansız, ən nifrətəlayiq əməllərdən biridir.  Bu əməl ayrı-ayrı məxluqlar tərəfindən şəxsi maraqları zəminində, nəsə, var-dövlət, vəzifə əldə etmək məqsədi ilə də törədilir...”
 
“Əlimdə olan Azərbaycan dilinin izahlı lüğətində çox axtarsam da, “şərləmək” feilinə rast gəlmədim... Və buna bir yandan çox sevindim.  Allah elə etsin ki, ümumiyyətlə, həm ailə-məişət, həm də ictimai-siyasi leksikonumuzdan “şərləmək” kəlməsi birdəfəlik silinsin... Allah Özü xalqımızı, dövlətimizi Ukrayna kimi bütövlükdə şərlənməkdən qorusun!..”
 
Hər il 5 dekabr tarixi gələndə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinin əldə edilməsi yolundakı mübarizədə çox önəmli yer tutmuş, demək olar ki, milli azadlıq hərəkatına ilk güclü təkanı vermiş 18 günlük Meydan Hərəkatının sonuncu günü yadıma düşür. Həmin gün bəzən bir milyona yaxın insanın qatıldığı o misilsiz xalq hərəkatı Rusiyadan gətirilmiş xüsusi cəza dəstəsi tərəfindən yatırıldı... Əməliyyat gecə vaxtı, səhərə yaxın meydanda qalanların az olduğu bir məqamda həyata keçirildi... Minlərlə  oğul-qızımız vəhşicəsinə döyüldü, yaralandı, həbs edildi...
 
O hərəkatın 10 gecə-gündüzünü(qalan günlərin də çoxunda gündüzlər olub gecələr getmişəm) o vaxt “Lenin meydanı” adlanan Azadlıq meydanında keçirmiş bu sətirlərin müəllifi də həmin gecə orada olmalıydı... Ancaq tale elə gətirdi ki...
 
3 dekabr 1988-ci il tarixində təxminən saat 4-5 radələrində yaxın bir tələbə yoldaşımla qərara gəldik ki, neçə gecə-gündüz yorğunluqdan sonra həm bir az dincəlmək, həm də artıq yaxınlaşan imtahanlara birgə hazırlaşmaq üçün onun indiki Rəsulzadə qəsəbəsində kirayə qaldığı evə yollanaq. Meydandan çıxıb Səməd Vurğun bağından dediyim ünvana gedən avtobuslardan birinə mindik...
 
Yol boyu təxminən 12-13 yaşlı iki yeniyetmə avtobusun pəncərəsindən Azərbaycan SSR bayrağını çıxarıb yellədirdi... Artıq Binədəqi ərazisində o vaxt məşhur olan zavodlardan birinin yanındakı körpüyə çatanda orada post qurmuş rus-sovet hərbçiləri avtobusu saxlatdı. Xanımlardan biri duyuq düşüb cəld uşaqlardan bayrağı alıb gizlətdi... Əli avtomatlı hərbçilər avtobusa daxil olaraq qadın-uşaq bilmədən söyüşlü ifadələrlə bayrağı pəncərədən kimin çıxardığını soruşdular. Heç kəs dinmədi... Hamının sənədlərini toplamağa başladılar. Biz lap arxa oturacaqda əyləşmişdik. Yaxınlaşıb sənədlərimizi alanda rus hərbçilərə hiddətlə dedim ki, cənab zabitlər, ayıb deyil, uşaq-qadın yanında söyüş söyürsüz, bəli, biz sadəcə azadlıq istəyirik, bəs siz bizdən nə istəyirsiz... Onlardan biri cavabında bir daha avtomatı üzərimizə çəkərək qəzəblə soruşdu ki, bayrağı kim çıxarmışdı pəncərədən. Cavab verdim ki, lap biz çıxarmışıq, nə olsun, məgər Azərbaycan SSR-in atributu qadağan edilib... Bundan sonra hərbçilər digər sərnişinlərin sənədlərini özlərinə verib bizimkiləri qaytarmadılar və təkidlə aşağı düşməyimizi tələb etdilər. Biz çəkinmədən düşmək istəsək də, - o zaman xalq arasında möhkəm birlik, iradə və mübarizlik vardı,- yaşlı kişilər, qadınlar avtobusun hər iki qapısını kəsib nə bizi aşağı düşməyə qoydular, nə də rus hərbçilərini yuxarı çıxmağa... Beləcə bu olay sovusdu. Amma sənədlərimiz hərbçilərdə qaldı... 
 
Həmin günlər Azadlıq meydanına girişləri ciddi şəkildə əhatəyə almış əsasən Əfqanıstanda hərbi xidmət keçmiş gənclərimizdən ibarət patrul dəstəsi erməni və s. təxribatçılardan qorunmaq üçün içəri yalnız pasportları yoxladıqdan sonra buraxırdılar. Yoldaşım hərbçilərə tələbə vəsiqəsini versə də, mən pasportumu vermişdim. Ona görə dekabrın 4-də  artıq meydana daxil ola bilmədim... Odur ki, təəssüf ki, həmin gecə meydan dağıdılarkən orada olmadım... Amma mən də  o günlər bəzi üzdəniraq rəhbər məmurlarımızın rəsmi sənədlərdə “cəmiyyətə yad ünsürlər” adlandırdığı meydandakılar kimi sonradan “layiqincə” cəzalandırıldım...
 
...Dərnəgüldə tələbə yataqxanasında yaşayırdım.  Bəhs etdiyim olaydan bir neçə gün sonra sənədlərimizin qaytarılmasına kömək etməsi üçün sahə müvəkkilinə müraciət etdik, o da Bakı Şəhər Milis İdarəsinə getməyi məsləhət bildi. Dəfələrlə həmin idarəyə ayaq döysək də və həmin günlər rus hərbçilər tərəfindən toplanan sənədlərin oraya verildiyi bildirilsə də, bizim sənədlər tapılmadı ki, tapılmadı... 
 
Nəhayət, 4 ay sonra- səhv etmirəmsə, 1989-cu il martın 2-də günorta dərsdən qayıdandan sonra sahə müvəkkili yataqxanaya gəlib o vaxt “Kirov” adlanan Binəqədi rayonunun milis idarəsinin rəisi tərəfindən söhbət üçün çağırıldığımı bildirdi. Artıq məsələnin nə yerdə olduğunu təxminən anladım... Məlum oldu ki, tələbə yoldaşımı da çağırıblar...
 
Milis rəisinin kabinetinə girən kimi başladı hədyanlar yağdırmağa: “Ekstremistlər, xuliqanlar, cinayətkarlar!” Ondan bir dayanmağı xahiş edərək sual etdim: “Cənab rəis, heç nə başa düşmədik. Siz hansı haqla, hansı əsasla bizi cinayətkar, xuliqan adlandırırsız? Biz hansı cinayəti törətmişik?”. O, hiddətlə “Özünüz yaxşı bilirsiz” deyərək nəhayət, 4 aydan sonra tapılmış sənədlərimizi və rus dilində yazılmış protokolu qarşımıza atdı. Məlum oldu ki, dekabrın 3-də getdiyimiz avtobusu saxlayaraq pasportlarımızı əlimizdən almış və bizimlə mübahisə etmiş rus-sovet hərbçiləri bizi açıqca şərləyiblər. Protokolda yazıblar ki, guya biz avtobusun pəncərəsindən onları daşlamışıq... Nə qədər and-aman etsək də ki, biz belə bir əməl törətməmişik, yalandır-böhtandır, azərbaycanlı(təəssüf ki, ad-soyadını unutmuşam) milis rəisi təkidlə sovet hərbçilərinin protokollaşdırdığı şəri dəstəkləyərək bizim, səhv etmirəmsə, o vaxtkı “xırda xuliqanlıq” maddəsi ilə  5 sutkalıq inzibati həbs yatmalı olduğumuzu bildirdi. Onun köməkçisi-filanı göz-qaş etdi ki, “bir şey” verin, canınızı qurtarın... Tələbə yoldaşım dərhal o biri otağa keçərək köməkçiyə nəsə (sonradan dediyinə görə 5 rubl pul) verdi və canını qurtarıb getdi. Ancaq mən yerimdən tərpənmədim. Dedim ki, sizin yanınızda nədə gözü kölgəliyəm ki, hansı cinayət etmişəm ki, sizə də rüşvət verəm, nə bilirsiz-edin... 
 
Bu minvalla məni o vaxtkı “UAZ” tipli milis maşınlarından birinin arxasına mindirib əvvəlcə Bayıl türməsinə gətirdilər.... Təsəvvür edin ki, repressiya necə vüsət almışdısa, Bayılda yer olmadı, Ona görə də sonda  məni Qara şəhərdəki xüsusi təcridxanaya yerləşdirməyi qərara aldılar... 
 
O zaman daxili işlər naziri Aydın Məmmədov idi. Bizim fakültənin dekanı isə onun qardaşı, əlaçı,nizam-intizamlı olduğumdan, həm də hərdən tədbirlərdə cızma-qara elədiyim şeirləri dediyim üçün həmişə məni “şair” deyə çağıraraq xətrimi çox istəyən Vaqif Məmmədov idi.  Vaqif müəllim bizim milisə çağırılmağımız barədə xəbər tutan kimi dərhal avtomobilə əyləşib milis idarəsinə gəlib, lakin o, məni artıq oradan aparandan 5-10 dəqiqə sonra, həm də hər şey sənədləşəndən sonra gəlib çatmışdı...
 
Xülasə, Qara şəhərdəki təcridxanada 5 gün yatdıqdan sonra azadlığa çıxdım... Və ömrümdə ilk dəfə  20 yaşımda insanın günahsız yerə, heç bir əsas olmadan şərlənməsinin nə olduğunu bildim... Özü də acınacaqlısı o oldu ki, məni rus-sovet milisi şərlədi və təəssüf ki, Azərbaycan sovet milisi də ona dəstək verdi, üstəlik, şəri üstümdən “təmizləmək” üçün məndən rüşvət istədi...
 
Yaxşı ki, bu gün artıq o günlər, Meydan hərəkatında və s. apardığımız mücadilələr bütün bu repressiyalara, şərləmələrə, həbslərə rəğmən, o totalitar repressiya maşınını sındıraraq öz nəticəsini verib və bugünkü müstəqil(!), hüquqi(!), demokratik(!) dövlət olan Azərbaycanda belə hallara rast gəlinmir...
 
Fəqət, o günlər hələ müstəqilliyimizin, azadlığımızın əleyhinə olan Sovet-rus repressiya maşınının məndən dəfələrlə çox təzyiq, şərləmə və  həbslərə, sürgünlərə məruz qalan oğul-qızlarımız oldu. Elə 5 dekabrda da, 20 Yanvarda da... Amma təəssüf ki, bəzi rəhbər məmurlarımız da həmin günlər Qarabağ, müstəqillik, suverenlik uğrunda meydanlarda mübarizə aparan oğul-qızlarımızı başqa cür şərləyərək “yad ünsürlər” adlandırdı və Moskvanın repressiyasına münbit şərait yaratdı... 
 
Belə məmurların ruslarla bərabər imzaladığı “V.İ.Lenin adına meydanda keçiriləcək tədbirlər haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 04 dekabr 1988-ci il 428 saylı qərarda belə deyilir:
 
“Bakı şəhərində xüsusi vəziyyət və komendant saatı olmasına baxmayaraq V.İ.Lenin adına meydanda toplanmış xeyli əhalinin, o cümlədən  cəmiyyətə zidd ünsürlərin  ucbatından bura antisanitariya vəziyyətinə düşmüş, bir çox ictimai mülkiyyətə zərər dəymiş, yaşıllığa xeyli xətər yetirilmişdir. Ona görə də Azərbaycan SSR Nazirlər Soveti qərara alır:
 
Azərbaycan SSR Daxili İşlər Nazirliyi (nazir A.Məmmədov), Dövlət Təhlükəsizliyi Komitəsi(sədr İ.İ. Qorelevski), Bakı şəhər xüsusi rayonunun ştab rəisi (general-leytenant M.A. Kolesnikov) ilə birlikdə 5 dekabrda V.İ.Lenin adına meydanı cəmiyyətə yad ünsürlərdən təmizləmə tədbirləri həyata keçirsinlər”.
 
5 dekabr olayından cəmi 3 il sonra o azərbaycanlı(!) məmurların “cəmiyyətə yad ünsürlər” adlandırdığı yüz minlərin  Meydanda xərclədiyi potensial enerjisi, sonradan bir çoxlarının 20 Yanvar, Qarabağda şəhid və ya qazi olması hesabına Azərbaycan hüquqi müstəqillik əldə etdi. Və  həmin məmurlardan biri düz 22 il həmin dövlətin Baş naziri vəzifəsini daşıdı. Müxtəlif qərarlar verdi, o cümlədən məhz  Meydan hərəkatının başladığı 17 Noyabr – Milli Dirçəliş gününün bayram və istirahət günü olması(sonradan istirahət günü olması ləğv edildi) haqda uzun illər sərəncamlar imzaladı...
 
Nə isə... Bəhs etdiyim bu olaydan sonra mən bir dəfə də şərləndim, amma bu dəfə kiçik bir miqyasda... Yenə tələbə ikən 1991-ci ilin yazında gecələr mühafizəçi işlədiyim bir məktəbin direktoru guya mən növbədə olan gecə seyfinin yarılması və oradan külli miqdarda pul götürülməsi ilə məni şərlədi. Ancaq bu halda tam günahsız olduğum üçün qurtula bildim... Allah Özü üçüncü şərləmədən saxlasın...
 
Şərləmə - bəşəriyyət xəlq ediləndən bəri Adəm övladının törətdiyi ən çirkin, ən murdar, ən vicdansız, ən nifrətəlayiq əməllərdən biridir.  Bu əməl ayrı-ayrı məxluqlar tərəfindən şəxsi maraqları zəminində, nəsə, var-dövlət, vəzifə əldə etmək məqsədi ilə də törədilir... Həmçinin avtoritar, totalitar quruluşlu dövlətlərdə haqqı, gerçəyi deyən vicdanlı, namuslu, ədalətli, mübariz insanları susdurmaq metodlarından biri kimi işlədilir... 
 
..Şərləmə- Azərbaycan xalqına, eləcə də keçmiş sovet məkanındakı digər xalqlara, o cümlədən rus xalqının özünə daha çox 1937-ci ildən tanışdır... Elə bütövlükdə 1920-ci illərdən başlayaraq ta ki çökənədək sovet repressiya maşını bəzən az, bəzən çox miqyasda daim şərləmə ilə məşğul olub...
 
Əlimdə olan Azərbaycan dilinin izahlı lüğətində çox axtarsam da, “şərləmək” feilinə rast gəlmədim... Və buna bir yandan çox sevindim.  Allah elə etsin ki, ümumiyyətlə, həm ailə-məişət, həm də ictimai-siyasi leksikonumuzdan “şərləmək” kəlməsi birdəfəlik silinsin... Allah Özü xalqımızı, dövlətimizi Ukrayna kimi bütövlükdə şərlənməkdən qorusun!..
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər