Ukrayna Avropa İttifaqından 35 milyard avro borc alacaq
Ekskluziv
818
04 Dec 2024 | 17:59

Ukrayna Avropa İttifaqından 35 milyard avro borc alacaq

 
"Bütün vəsaitlər Ukraynaya təmənnasız veriləcək..."
 
Ukrayna maliyyə naziri Sergey Marçenko Ukrayna ilə Avropa İttifaqı arasında qarşılıqlı anlaşma və 35 milyard avro məbləğində makromaliyyə yardımı üzrə Kredit Sazişi imzalayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "hromadske.ua" nəşri məlumat verib.
 
Məlumatda deyilir ki, bütün vəsaitlər G7 ölkələr birliyinin Ukrayna büdcəsinə daxilolmaların artırılması məqsədilə əlavə kredit mexanizmləri üzrə təşəbbüsünün bir hissəsidir.
 
ABŞ-ın 20 milyard dollarlıq maliyyələşdirmə təklifi nəzərə alınmaqla makromaliyyə yardımı 18 milyard avro təşkil edə bilər.
 
"Borcun ödənilməsi istisnasız olaraq Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlir hesabına olacaq. Beləliklə, Ukrayna üçün makromaliyyə yardımı məqsədilə bütün vəsaitlər təmənnasız veriləcək. Daxili maliyyə resursları borcun ödənilməsinə yönəldilməyəcək", - nazirlik qeyd edib.
 
Bu vəsaitlər makromaliyyə sabitlik, dövlət müəssisələri, dövlət idarəetmə, energetika, hüququn aliliyi və korrupsiya ilə mübarizə, müdafiə sənayesi istiqamətlərinə yönələcək.
 
Ukraynaya makromaliyyə yardımı
 
Oktyabrın 22-də Avropa Parlamenti Ukrayna ilə kredit əməkdaşlığı və Ukraynaya makromaliyyə yardımının göstərilməsi Mexanizminin yaradılması haqqında qətnamə qəbul edib.
 
Bu qərarla Avropa İttifaqı Ukraynaya G7-nin təşəbbüsü ilə 35 milyard avro məbləğində borc ayırır və bu borc gələcəkdə Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlir hesabına ödənilir.
 
Oktyabrın 23-də Avropa İttifaqı Şurası Ukraynaya 35 milyard avro məbləğində borc formasında maliyyə yardımı verilməsini təsdiqləyib.
Link kopyalandı!
Son xəbərlər