İnsan problemləri olduqda, hər hansı travma yaşadıqda psixoloqa müraciət edir. Qəbuluna yazılan vətəndaşların dərdlərini, problemini dinləyən psixoloqlar bu qədər insanı dinləyir və onların həyatları ilə üzləşdiyi neqativləri toplayır. Bəs görəsən bu neqativ enerjini xərcləmək üçün psixoloqlar nədən istifadə edir? Psixoloqlar özləri də psixoloqa müraciət edirmi?
Mövzu ilə bağlı tanınmış psixoloq Samirə Bağırova Moderator.az-a danışdı:
"Bizim cəmiyyətdə psixoloqun digər psixoloqa müraciəti qəribə qarşılandığı üçün, çox halda psixoloqlar müraciət də etmirlər. Psixoloqun savadına şübhə ilə yanaşılır ki, “ bu necə psixoloqdur ki, özü də psixoloqa müraciət edir ?”. Sanki psixoloqun sıradan insan olduğunu unutmuş olurlar. Psixologiya sahəsində çalışan mütəxəssislərin də şəxsi həyatlarında qorxuları, travmaları, boşluqları, psixoloji pozuntularıola bilir. Psixoloq insanlarla dərin empatiya yaratdığına görə, zamanla hər hansısa psixoloji sindromu da özünə götürə bilər. Bu sahədə beyin həmişə müraciət edənin psixoloji probleminin analizinə fokuslandığı üçün, müəyyən müddətdən sonra, mütəxəssis emosional olaraq yorulmuş ola bilir ki, Burn- out, yəni tükənmə sindromuna səbəb olur. Hətta şəxsi şüuraltı travmaları da oyana bilir. Əslində qaydaya görə psixoloqlar superviziya, supervayzerlərə müraciət etməlidir. Supervayzer psixoloqun qarşılaşdığı çətinlikləri anlayaraq, psixoloji məsləhətlər verir. Problemlərə fərqli baxış etməyi və yeni metodlarla çalışmağı tövsiyə edir. Çünki problemlər çox halda oxşar olduğu üçün, mütləq fərqli yanaşmalar olmalıdır. Amma həm işində, həm də şəxsi həyatında özü- özünün psixoloqu olmağı bacaranlar da var. Təbii ki, bu yüksək peşəkarlıq tələb edir. Bu iş həyatı ilə, şəxsi həyat arasında balansı yaratmağı bacarmaqdır. Bu sahədə yeni- yeni çalışmağa başlayan psixoloqlara, xüsusən yaradıcılıqla məşqul olmaları tövsiyə olunur".