“Ermənilərin Qarabağa qayıtmasıyla soydaşlarımızın Qərbi Azərbaycana dönməsini eyniləşdirməyin qəti əleyhinəyəm...”
Ekskluziv
2243
03 Dec 2024 | 20:55

“Ermənilərin Qarabağa qayıtmasıyla soydaşlarımızın Qərbi Azərbaycana dönməsini eyniləşdirməyin qəti əleyhinəyəm...”

“Son aylar Gürcüstanda baş verən ictimai-siyasi prosesləri izlədikdən sonra belə nəticəyə gəlirəm ki, oradakı soydaşlarımız özlərini Gürcüstan vətəndaşları kim hiss edir, belə təqdim edir və bununla fəxr edirlər... Gürcülər belə bir mühiti oradakı azərbaycanlılar üçün yaradıb. Bəs ermənilər öz ölkələri sayılan ərazidə soydaşlarımız üçün uyğun bir şərait yaradacaqlar, yoxsa yox?..”
 
“Bildiyiniz kimi, bu günlərdə parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirildi. Siz demək olar ki, Qarabağın işğal altında olduğu bütün müddət ərzində o torpaqların azad edilməsi və son nəticədə köçkün soydaşlarımızın  öz yurdlarına qayıdışı uğrunda mübarizə aparmış bir hərəkatın lideri olaraq həm Qarabağ, həm də Ermənistan ermənilərinin etnopsixoloji xarakterinə, eyni zamanda Ermənistanın müxtəlif siyasi dairələrinin düşüncələrinə yetərincə bələd olmuş biri kimi soydaşlarımızın Qərbi Azərbaycana, yəni hüquqi cəhətdən Ermənistanın olan bir əraziyə qayıdışını və yenidən ermənilərlə yanaşı yaşayışını necə təsəvvür edirsiz?” 
 
Moderator.az əməkdaşının  bu sualını 1993-2022-ci illərdə Qarabağ Azadlıq  Hərəkatının(2000-ci ildən Təşkilat adlandırılmış) rəhbəri olmuş Azad Vətən Partiyasının sədri Akif Nağı belə cavablandırıb: 
 
“Maraqlı və düşündürücü sualdır. Təbii ki, Ermənistana, “Ermənistan” adlanan tarixi torpaqlarımıza soydaşlarımızın qayıtması asan bir proses olmayacaqdır. Bu yolda bir çox çətinliklər var. Burada məsələnin iki tərəfini qabartmaq olar. Birincisi, emrənilər bununla razılaşacaqlarmı və hansı amillərin təsiri altında razılaşa bilərlər? Və əgər buna razılaşsalar, azərbaycanlıların qayıdıb orada normal şəkildə yaşamaqlarına şərait yaradacaqlarmı? İkincisi, soydaşlarımız o tarixi torpaqlarımıza qayıtmaq istəyirlər. Qərbi Azərbaycan icması təsadüfən yaradılmayıb və lazımi işlər mütəşəkkil şəkildə aparılır. İnsanlar bölgələr və kəndlər üzrə təşkilatlanırlar. Və geriyə dönməyə hazırdırlar. Əsas sual ondan ibarətdir ki, soydaşlarımız ermənilərin ən azı son 35-40 ildəki münasibətindən, onlara, eyni zamanda Qarabağdakı soydaşlarımıza qarşı törətdiklərindən sonra Qərbi Azərbaycan torpaqlarında necə uyğunlaşıb yaşayacaqlar. Həmin bölgələrin erməni rəhbərləri qaldıqca bizimkilər oranı öz Vətənləri, torpaqları hesab edə biləcəklərmi?.. 
 
Məsələ ilə bağlı bir müqayisə aparaq. Mən son aylar Gürcüstanda baş verən ictimai-siyasi prosesləri izlədikdən sonra belə nəticəyə gəlirəm ki, oradakı soydaşlarımız özlərini Gürcüstan vətəndaşları kim hiss edir, belə təqdim edir və bununla fəxr edirlər. Yəni bu, normal bir prosesdir. Belə bir hal o zaman yaranır ki, əvvəla, olduğun yerdə sənin həyat və fəaliyyətin üçün şərait yaradılır və sən yaşadığın vətəni sevirsən, özünü orada yad hiss etmirsən. Gürcülər belə bir mühiti oradakı azərbaycanlılar üçün yaradıb. Bəs ermənilər öz ölkələri sayılan ərazidə soydaşlarımız üçün uyğun bir şərait yaradacaqlar, yoxsa yox. Görünən odur ki, heç 70 illik sovet dövründə onlar belə bir şərait yaratmadılar. Azərbaycanlılar Ermənistanda- öz tarixi torpaqlarında yad bir ünsür kimi qəbul edilirdi.  Onlara qarşı zaman-zaman təqiblər, təzyiqlər olurdu. Soydaşlarımızın adi işlərlə təmin olunması çətin bir məsələ idi. Təbii ki, erməni rəhbərlər özlərini Moskvaya göstərmək üçün azərbaycanlıları müəyyən vəzifələrə, postlara təyin edirdilər.  Səhv etmirəmsə, azərbaycanlı nazir olmasa da, qəzet redaktoru var idi, Ermənistan SSR kommunist partiyası mərkəzi komitəsində məsul işlərdə işləyən azərbaycanlılar var idi, raykom katibləri, kolxoz sədirləri, məktəb direktorları var idi. Amma bütün bunlar soydaşlarımızın özlərini orada ermənilərlə bərabər öz torpaqlarının sahibi, vətəndaş kimi hiss etməsi üçün o qədər də əhəmiyyətli postlar deyildi. Lakin bunun əksinə olaraq Azərbaycanda, xüsusən də paytaxt Bakı və Qarabağda ermənilər üçün xüsusi güzəştli bir şərait yaradılmışdı. Məsələn, sovet dövründə neçə illər boyu ardıcıl olaraq yazılmamış bir qanun kimi Azərbaycanın meşə təsərrüfatı naziri erməni olmalı idi. Və yaxud Bakının indi Binəqədi adlanan o vaxtkı Kirov rayonunda 1-ci katib hökmən erməni olmalıydı. Halbuki, paytaxtın böyük bir ərazisini tutan həmin rayonun əhalisinin də əksəriyyəti azərbaycanlılar idi... Bir sözlə, azərbaycanlılar Qərbi Azərbaycana qayıdandan sonra  belə bir şərait onlar üçün yaradılacaqmı? Təəssüf ki, bu heç inandırıcı deyil...   
 
Və beləliklə, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı probleminin göstərdiyimiz iki tərəfi üzərində hər kəs düşünə bilər və düşünməlidir. Amma mən hesab edirəm ki, azərbaycanlılar bütün hallarda hökmən öz yurdlarına qayıtmalıdırlar. Lakin onu da deyim ki, mediada bəzən bəzi şəxslərin, o cümlədən deputatların belə fikirləri var ki, əgər ermənilər Qarabağa qayıdacaqlarsa, azərbaycanlılar da Ermənistana qayıtmalıdır. Mən məsələnin bu şəkildə eyniləşdirrilməsinin qəti olaraq əleyhinəyəm. Bilirsiz ki, 1988-1991-ci illərdə “Ermənistan” deyilən Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlını zorla, işgəncə və qətliamlara məruz qoyaraq çıxardılar, insanlara çox böyük zülm olundu. Rəsmi statistikaya görə, 216 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Amma Qarabağdan, yəni Azərbaycan Respublikası ərazisindən ermənilər öz xoşlarıyla getdilər. Müvəqqəti orada qalan, sovet dövründə Azərbaycanın rəsmən tərkibində yaşayan və özü də, öncə dediyim kimi, yetərincə yüksək şərait yaradılmış qonaqlar kimi... Çünki kifayət qədər tarixi faktlar və sənədlər var ki, ermənilər Qarabağa əsasən uzağı iki yüz il bundan öncə Rusiya imperiyası tərəfindən köçürülməklə süni şəkildə yerləşdirilmişdilər. Qərbi Azərbaycan isə azərbaycanlıların min illərlə yaşadıqları daimi, təbii yurdları, vətənləri idi. Odur ki, bunlar tamamilə fərqli məsələlərdir. Və heç bir halda ermənilərin Qarabağa qayıtmasıyla soydaşlarımızın Qərbi Azərbaycana qayıtmasını eyniləşdirmək və ya əlaqələndirmək qətiyyən düzgün deyil. Ermənilər Qarabağa qayıtmaq hüququnu itiriblər.  Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə, cinayətlərə görə... Ancaq yenə də Azərbaycan humanistdir və sovet dövründə Azərbaycan vətəndaşı olmuş şəxslərin ərazimizə qayıtmasının əleyhinə deyilik. Qayıdandan sonra da cinayət törədənlər qanun qarşısında cavab verəcəklər. Lakin Qərbi azərbaycanlılar ermənilərə qarşı hansı cinayəti törədiblər? Sözsüz ki, heç bir cinayət törətməyiblər və özləri cinayətin qurbanı olublar. Ona görə də onlar öz yurdlarına mütləq qayıtmalıdırlar...”
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər