"BMT Təhlükəsizlik Şurasının daimi üzvü Beynəlxalq Cinayət Məhkəməsi ilə sanki terrorçu təşkilat kimi davranır..."
Beynəlxalq Cinayət Məhkəməsinin icra edilməyən həbs orderlərinin sayı artır.
Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin sədri Tomoko Akane Roma Nizamnaməsinin iştirakçısı olan dövlətlər Assambleyasının Haaqada keçirilən 23-cü konfransının açılışında bəyan edib. Məlumatı " Associated Press" agentliyi yayıb.
Tomoko Akane Roma Nizamnaməsi iştirakçılarına üzərlərinə düşən öhdəlikləri icra etməyə çağırış edib. O, vurğulayıb ki, bəzi iştirakçı dövlətlər məhkəmə tərəfindən axtarışda olan şəxsləri öz ərazisində qəbul edir, digər olkələr Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməkdən imtina edir.
"BMT Təhlükəsizlik Şurasının daimi üzvü məhkəməni cəngəllik xarakterli iqtisadi sanksiyalarla təhdid edir, sanki məhkəmə terrorçu təşkilatdır", - hakim bəyan edib.
Bu zaman o, Beynəlxalq Cinayət Məhkəməsini (BCM) "təhlükəli zarafat" adlandıran və ABŞ Konqresinə prokuror Kərim Xana qarşı sanksiyalar tətbiq etməyə çağırış edən amerikalı senator Lindsi Qremi nəzərdə tutub. Sonradan Qrem BCM-ə kömək etməyə cəhd edən istənilən ölkəyə qarşı ABŞ sanksiyaları ilə təhdid edib.
Qremi qəzəbləndirən o olub ki, hakimlər BCM-in baş prokuroru Kərim Xanın İsrail baş naziri Bunyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın insanlığa qarşı cinayətlərinə görə həbslərinə order vermək xahişini icra edib.
"İlk dəfədir ki, Beynəlxalq Cinayət Məhkəməsi Qərbin əsas müttəfiqlərindən birinin hazırkı liderini məsuliyyətə cəlb edir", - agentlik qeyd edib.
İnformasiya agentliyi qeyd edib ki, Lindsi Qremin təhdidləri boş sözlər kimi qəbul edilmir, çünki Donald Tramp 2020-ci ildə prezidentliyi dönəmində məhkəmənin əvvəlki prokuroru Fatu Bensudaya qarşı Amerika qoşunları və kəşfiyyat əməkdaşlarının Əfqanıstanda fəaliyyətinin araşdırılmasına görə sanksiyalar tətbiq edib.
ABŞ-la yanaşı, Tomoko Akane Rusiyanın ünvanına kəskin iradlar bildirib. "BMT Təhlükəsizlik Şurasının daimi üzvü BCM-in bir neçə seçilmiş vəzifəli şəxslərinə qarşı həbs orderləri verib", - o, qeyd edib və Putinlə bağlı araşdırmasına cavab olaraq Moskvanın Kərim Xanın və BCM-in digər üzvlərinin həbsinə orderlər verdiyini nəzərdə tutub.
"BCM 2002-ci ildə ən dəhşətli cinayətlər-hərbi cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırım və təcavüz cinayətlərinə görə məsuliyyət daşıyan şəxslərin təqib olunması üçün dünya məhkəməsinin daimi instansiyası kimi yaradılıb. Məhkəmə ölkələrin bu cinayətləri öz ərazilərində təqib edə bilmədikləri və ya təqib etmək istəmədikləri zaman işə qarışır.
Bu gün Roma Nizamnaməsini 124 ölkə imzalayıb, buna uyğun olaraq da bu təsisat yaradılıb. Buna qoşulmayanlar arasında ABŞ, Rusiya, Çin və İsrail də var. BCM-in icraedici qüvvələri yoxdur və həbsə verilən orderləri icra etməli olan üzv-dövlətlərə bel bağlayır", - agentlik qeyd edib.