2220
03 Dec 2024 | 14:38

"Zelenski sülh danışıqlarına hazır olduğu barədə siqnal göndərir" - "The Wall Street Journal"

 
"Rusiyalı məmurların isə danışıqlar prosesinə marağı azdır, onlar Rusiyanın bu müharibədə qalib gəldiyini bəyan edir..."
 
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibədə öz mövqeyini yumşaltmağa başlayıb və işğal edilmiş ərazilər uğrunda mübarizəni NATO üzlüyü müqabilində dayandıra biləcəyinə eyham vurur.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Ötən həftə bir sıra müsahibələrində Zelenski müharibənin dayandırılmasına hazır olduğunu bəyan edib. Əvvəllər o, Moskvanın nəzarətində olan təxminən 20 faiz ərazilər geri qaytarılmayınca Ukraynanın mübarizəni davam etdirəcəyinə təkid edib.
 
İndi isə prezident Ukraynanın qalan hissəsinin NATO tərəfindən müdafiə ediləcəyi təqdirdə atəşkəsi istisna etmir. Lakin burada iki ciddi maneə var, bunlar Ukraynanın yaxın zamanlarda Alyansa qoşulmağının az ehtimal edilməsi və Rusiyanın danışıqlara marağının olmamasıdır.
 
"Dondurulmuş münaqişə Ukrayna üçün risklidir"
 
Bazar günü mətbuat konfransında Zelenski vurğulayıb ki, istənilən danışıqlar güc mövqeyindən mümkün ola bilər. 
 
"Ukraynanın güclü mövqeyi olmadan münaqişənin dondurulması o demək olacaq ki, Putin 2, 3 və ya 5 ildən sonra geriyə dönüb bizi məhv edəcək", - prezident qeyd edib.
 
Cümə günü "Sky News" telekanalının efirində Zelenski ölkənin işğal edilməyən hissəsinin NATO üzvlüyünə qəbul ediləcəyi təqdirdə Ukraynanın müharibənin "qaynar" fazasının dayandırılmasını nəzərdən keçirə biləcəyini təklif edib. O, həmçinin vurğulayıb ki, Kiyev işğal edilmiş ərazilərini diplomatik yolla geri qaytarmağa cəhd göstərəcək.
 
Yaponiyanın "Kyodo News" nəşrinə müsahibəsində Zelenski bəyan edib: "Bizim ordumuzun işğal edilmiş ərazilərin azad edilməsi üçün gücü yetərli deyil. Biz məsələnin diplomatik həllini tapmalıyıq".
 
"Diqqət hərbi yardıma yönəldilməlidir..."
 
NATO baş katibi Mark Rütte diqqəti Ukraynaya hərbi yardıma yönəltməyə çağırış edib: "Bir, iki, üç nömrəli prioritet  Ukraynaya daha çox hərbi yardımın göstərilməsidir".
 
Qərb ölkələri müharibənin dayandırılması variantı kimi Ukraynaya təhlükəsizlik zəmanətlərini özündə ehtiva edən sülh sazişini nəzərdən keçirir.
 
Eyni zamanda NATO-nun sabiq baş katibi Yens Stoltenberq bəyan edib ki, müvəqqəti işğal edilmiş ərazilərin Rusiyaya verilməsi Kiyevə ciddi təhlükəsizlik zəmanətlərinin veriləcəyi təqdirdə mümkün ola bilər. "Bu o demək deyil ki, Ukrayna öz torpağını həmişəlik Rusiyaya verməlidir", - o, vurğulayıb.
 
"Ukrayna müharibəsindən yorulma sezilir..."
 
Ukrayna cəmiyyətində getdikcə müharibənin dayandırılması istəyi daha çox sezilir. "Gallup"-un sorğularının nəticələrinə görə ukraynalıların 52 faizi müharibənin dayandırılmasına tərəfdardır, ötən il bu göstərici 27 faiz təşkil edib. Lakin NATO üzvlüyünün olmaması Ukraynanı təhlükəsizlik zəmanətlərsiz qoyacaq.
 
"Ukrayna üçün ən güclü təhlükəsizlik zəmanəti NATO üzvlüyüdür", - bunu Avropa İttifaqının Ali nümayəndəsi Kaya Kallas Kiyevə səfəri zamanı bəyan edib.
 
Avropa Şurasının prezidenti Antoniu Koşta əlavə edib ki, Avropa İttifaqı Ukraynaya "tələb edilən qədər dəstək göstərəcək".
 
Rusiya necə davranır?
 
Qərb məmurları Kremlin danışıqlara hazır olmasına skeptik yanaşır, çünki Rusiya döyüş meydanında uğurlar qazanmaqda davam edir.  Moskva hər gün mindən artıq hərbçisini itirərək, böyük resurslar xərcləyir, amma fəal hücum əməliyyatlarını davam etdirir.
 
Ötən ay Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib ki, Qərb Rusiyanın mühatibəni udmasını qəbul etməli və danışıqlar aparmalıdır. Rusiyanın rəsmi şəxsləri həmçinin bəyan edib ki, Ukrayna istənilən dinc nizamlanma çərçivəsində NATO-ya qoşulmaq ümidindən əl çəkməlidir. 
 
Ukraynanın bəzi rəsmi şəxsləri etiraf edir ki, NATO-ya daxil olmağın yeganə alternativi yaxın illərdə Rusiya ilə mübarizə aparmaq imkanına malik olmaq üçün müttəfiqlər tərəfindən tələb ediləcək hərbi dəstəyin göstərilməsi ola bilər. Lakin Zelenski açıq şəkildə Qərbin yardımının Ukrayna ordusunun tam təchiz edilməsi vədlərinə uyğun olmadığından gileylənib.
 
Qərb müttəfiqləri Ukraynaya maliyyə yardımın göstərilməsində çətinliklərlə üzləşir. Ukrayna məmurlarının sözlərinə görə, gələn il Rusiyanın çəkindirilməsinə 120 milyard avro lazım olacaq.
 
"Xüsusilə Tramp administrasiyasının Ukraynaya yardımı azaldacağı təqdirdə Qərb hökumətləri üçün məsrəflər həddən artıq çox ola bilər", - bunu Ukraynanın yüksək vəzifəli məmuru qeyd edib.
 
Rusiya ilə sülh danışıqları - xəbərlər
 
Zelenski bundan öncə bəyan edib ki, Tramp və komandası Ukraynanın mövqeyi və onun "Qələbə planı"nından xəbərdardır, bu da danışıqlar masası arxasında ölkənin mövqeyinin gücləndirilməsindən ibarətdir.
 
NATO-nun sabiq baş katibi Yens Stoltenberq hesab edir ki, Ukraynada müharibənin ərazi itkiləri olmadan tez bir zamanda başa çatması real deyil və mümkündür ki, Kiyevə işğal edilmiş ərazilərindən imtina etmək lazım gələcək.
Link kopyalandı!
Son xəbərlər