“Bu halda “Dostunu mənə de, deyim sən kimsən” Azərbaycan atalar sözünə uyğun olaraq bir deyim də icad etmək olar; “Kimin dostusansa, deyim sən kimsən”, yaxud...”
“...Bu səbəblərdən ən yaxşı yol bu suallara hər kəsin özünün öz mənliyi, vicdanı qarşısında cavabı olar. Həmin yolla hər kəs öz kimliyini səmimi şəkildə öz qarşısına qoya bilər...”
...Başlıqdakı suala cavabımızdan çox şey asılıdır. Təbii ki, boğazdan yuxarı yox, səmimi cavablar olsa... İlk növbədə ona görə ki, atalarımızın “Dostunu mənə de, deyim sən kimsən” hikməti var... Bu suala cavab kimliyimizi, bizim kimliyimiz yaşadığımız ölkənin kimliyini, yəni necəliyini, ölkələrimizin kimliyi isə dünyamızın kimliyini müəyyən edəcək...
Əlbəttə, bu sualın “yoxsa”ları çoxdur və məhz həmin “yoxsa”lar respondentin şəxsi keyfiyyətlərini müəyyən edir. Buna bir test də demək olar. Məsələn, 4 variantlı bir kimlik testi tərtib edib cəmiyyətə ünvanlamaq olar:
Kimin dostu olmaqla fəxr edərdiniz?
a) Vəzifəli, varlı-hallı biri ilə(varını, vəzifəsini hansı yolla qazandığının fərqinə varmadan);
b) Halal zəhməti ilə yaşayan yoxsul, vəzifəsiz, amma vicdanlı, namuslu, dürüst, mərd, etibarlı, sədaqətli, cəsarətli biri ilə;
c) Deputatla(necə; saxta, yoxsa gerçək yolla seçilməsinin fərqinə varmadan);
d) Nazir və ya icra başçısıyla( xalqla, rəhbəri olduğu əyalətin sakinləri ilə necə davranmasından, rüşvət alıb-almamasının fərqinə varmadan);
e) Hər hansı bir ölkənin dürüst işləyən, xalqını ədalətlə, demokratik yolla idarə edən, ölkənin sərvətlərinin ədalətlə bölünməsinə çalışan, amma külli miqdarda varı-mülkü olmayan bir lideri ilə;
f) Hər hansı bir ölkənin xalqını diktator kimi, avtoritar üsullarla idarə edən, ölkəsinin sərvətlərini çapıb-talayan, odur ki, var-dövləti, mülkləri milyardlarla ölçülən, üstəlik, başqa xalqların torpaqlarına göz dikən, fürsət düşdükcə qonşu ölkələri işğal etməyə çalışan biri ilə;
g) Halal yolla pul qazanmış, yetərincə varlı olan, dost-tanışa, qohum-əqrəbaya, kimsəsizlərə, yoxsullara əl tutan, mərd, vicdanlı, namuslu, alicənab biri ilə...
Düzdür, o da şəksizdir ki, bəhs edilən suala cavabın anonim olmayacağı, eləcə də həmin cavabın ictimaiyyətin və ya bir qrup şəxsin müzakirəsinə çıxarılacağı halda əksəriyyət bu suala qeyri-səmimi cavab verəcək. Yəni mənəvi-əxlaqi baxımdan mənfi sayılan bir variantı seçməyəcək. Məsələn, deməyəcək ki, mən xalqla, rəhbəri olduğu əyalətin sakinləri ilə necə davranmasından, rüşvət alıb-almamasının fərqinə varmadan hansısa nazir və ya icra başçısıyla dostluq etmək istərdim. Hətta anonimlik qorunsa belə, bir çoxları belə cavablar yazmaqdan çəkinəcək. Çoxları küçədə kamera ilə üzbəüz sorğu keçiriləcəyi halda da qarşısındakı jurnalistdən-filandan çəkinərək qəlbindəki əsil cavabı gizlədəcək. Bu səbəblərdən ən yaxşı yol bu suallara hər kəsin özünün öz mənliyi, vicdanı qarşısında cavabı olar. Həmin yolla hər kəs öz kimliyini səmimi şəkildə öz qarşısına qoya bilər...
Belə ki, əgər siz qəlbinizdə bu suala cavabların “a”, “e”, yaxud “g” variantlarından birini seçirsinizsə, bu deməkdir ki, siz, vucdanlı, namuslu, dürüst birisiniz və ölkənizi dünyanızı da özünüz kimi insanların idarə etməsini istəyir, üstəlik, bunun uğrunda mübarizəyə də hazırsınız. Təbii ki, öncə İslam dini olmaqla digər səmavi dinlərin, həm də bir çox dünya xalqlarının gerçək tarixi dəyərləri baxımından sözügedən sualın ən çox qəbul edilən, ixlaslı, ədalətli, insanın təmənnasızlığını aşkar edən variantı “b” variantıdır. Yəni halal zəhməti ilə yaşayan yoxsul, vəzifəsiz, amma mərd, etibarlı, sədaqətli, cəsarətli biri ilə dostluq etmək...
Mənfi variantlar arasında isə ən pisi, ən nifrətəlayiqi, sözsüz ki, “f” variantıdır, yəni hər hansı bir ölkənin xalqını diktator kimi, avtoritar üsullarla idarə edən, ölkəsinin sərvətlərini çapıb-talayan, odur ki, var-dövlətinin, mülkləri milyardlarla ölçülən, üstəlik, başqa ölkələrin torpaqlarını işğal edən və ya buna hazır olan biri ilə dostluq etmək...
İndi qalır başlıqdakı sualın yalnız iki variantda “bəli”, yaxud “xeyr” cavabı verilə biləcək ikinci anlamına ki, onu yalnız arif və peşəkar oxucularımız anlaya bilər...
Təbii ki, bu, söz oyunudur və bu halda “Kimin dostu olmaqla fəxr edərdiniz” sualındakı “Kim” sözü sual əvəzliyi yox, xüsusi isim kimi, yəni ad olaraq nəzərdə tutulur. Həmçinin cümlənin məntiqi vurğusu onun əsl anlamında “kimin” əvəzliyinin üzərinə düşürsə, ikinci anlamda “fəxr edərdiniz” feilinin üzərinə düşür...
Söhbət “Şimali Koreya Xalq Demokratik Respublikası” adlanan, ancaq Yer üzündə diktaturanın, qeyri-rəsmi monarxiyanın, xalqın əsarətdə, zülm altında saxlanılmasının ən bariz, ən eybəcər nümunəsi olan bir dövlətin başçısı olan Kim In Çendən gedir... Və həmin dövlətin quruluşundan, orada insanlar hansı qeyri-insani şərtlər altında yaşamasından yox, mövcud olmasından, onun başçısı olan Kim Çenin hansı xislətə, xarakterə malik olduğundan, Putin kimi işğalçı, diktator, həm də korrupsioner, öz xalqına qarşı qəddar olmaqla yanaşı, bütövlükdə bəşəriyyəti məhv olmaq təhlükəsi ilə üz-üzə qoyan biri ilə dostluq etməsini bilən bir insanın bu suala “bəli” cavabı verən şəxs barədə nələr düşünəcəyini təsəvvür etmək çətin deyil... Doğrudan da Kim In Çenlə dostluqla kimlər fəxr edə bilər? Yalnız onun özü kimilər, ölkəsini, xalqını onun kimi idarə etməyə çalışanlar...
Bu halda “Dostunu mənə de, deyim sən kimsən” Azərbaycan atalar sözünə uyğun olaraq iki deyim də icad etmək olar; “Kimin dostusansa, deyim sən kimsən”, yaxud...”
Sultan Laçın