"Ukrayna Almaniyaya bel bağlaya bilər, biz etdiklərimizi deyirik və dediklərimizi edirik..."
Almaniya kansleri Olaf Şolts bazar ertəsi səhər gözlənilmədən Kiyevə gəlib və yeni yardım paketini elan edib.
Moderator.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.
Şolts bəyan edib ki, bu səfəri ilə o, Ukrayna ilə həmrəy olduğunu ifadə etmək istəyib. O, əmin edib ki, Almaniya "Ukraynanın Avropada ən güclü tərəfdarı olaraq qalacaq və əlavə silah tədarükünü vəd edib.
"Ukrayna bizə bel bağlaya bilər. Biz etdiklərimizi deyirik və dediklərimizi edirik. Bunu bir daha izah etmək üçün bu gün axşam mən qatarla 1000 gündən artıq Rusiyanın qəsbkar müharibəsindən müdafiə olunan ölkədən keçərək Kiyevə gedirdim. Prezident Zelenski ilə birlikdə mən dekabr ayında 650 milyon avro məbləğində əlavə yardım barədə elan edəcəyəm", - kansler deyib və əlavə edib ki, Ukrayna Almaniyaya bel bağlaya bilər.
Xatırladaq ki, bu, Olaf Şoltsun Ukraynaya ilk səfəri deyil. 2022-ci ilin iyun ayında o, Rumıniya, Fransa və İtaliya liderləri ilə birgə Kiyevi ziyarət edib.
Xəbər verildiyi kimi, noyabrın 15-də Olaf Şolts Rusiya diktatoru Vladimir Putinə zəng edib. Bu, həm prezident Zelenski, həm də Ukraynanın bir çox tərəfdaşları tərəfindən tənqidə məruz qalıb. Telefon söhbətindən sonra Almaniya kansleri bəyan edib ki, Rusiya prezidentinin müharibəyə baxışları dəyişməyib və bu, pis xəbərdir.
AFR hökuməti məlumat verib ki, söhbət zamanı Olaf Şolts "Rusiyanın təcavüzkar müharibəsini pisləyib və prezident Putinə qoşunlarını Ukraynadan çıxarmağa çağırıb", habelə "Ukraynaya lazım olan qədər dəstək verməkdə sarsılmaz qətiyyətini ifadə edib".
Öz növbəsində Rusiya tərəfi qeyd edib ki, Putin və Şolts Ukraynada "vəziyyətlə bağlı müfəssəl və açıq fikir mübadiləsi" aparıb. Prezident Putin bəyan edib ki, "bu böhran NATO-nun bir çox illər ərzində apardığı aqressiv siyasətinin birbaşa nəticəsidir". O, vurğulayıb ki, "Rusiya tərəfi danışıqların bərpa edilməsindən imtina etməyib və əvvəlkitək buna hazırdır".
Xatırladaq ki, Ukrayna artıq çoxdandır ki, Almaniyadan "Taurus" uzaqvuran raketlər verilməsini xahiş edir. Alman siyasətçilərinin bir hissəsi bunu dəstəkləyir, lakin Olaf Şolts bunun qəti əleyhinə çıxır. O, bunun eskalasiyaya sövq edəcəyi və Ukraynanın Kremlə zərbə endirəcəyindən çəkinir.