“Zəfər qələbəsindən sonra, əzəmətli quruculuq fonunda məktəb bağlamaq təəssüf doğuracaq bir haldır” - Ekspert
1963
30 Nov 2024 | 15:45

“Zəfər qələbəsindən sonra, əzəmətli quruculuq fonunda məktəb bağlamaq təəssüf doğuracaq bir haldır” - Ekspert

“Zəfər qələbəsindən sonra, əzəmətli quruculuq fonunda məktəb bağlamaq təəssüf doğuracaq bir haldır.”
 
  Bu sözləri Moderator.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.
 
“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaydığı məlumatda bildirilib ki, müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir. Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır.
Məsələ ilə bağlı tanınmış təhsil mütəxəssisi Nadir Israfilovun münasibətini öyrəndik.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatı gecikmiş hesab edirəm. Sayı 10-a qədər olan 142 məktəb rasionallaşdırıldıqdan sonra, rasionallaşdırılmanın həyata keçirilməsində məqsədin nə olduğunu izah etmək, əslində bu məsələ ilə bağlı səsləndirilən fikirlərlə obyektiv münasibət bildirmək yox, özünə bəraət qazandırmaq xarakterli  cavabıdır. Sual olunur olmazdımı ki, müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri ilə bağlı təhlillər aparılaydı və sonra təhsil müəssisələrinin rasionallaşdırılması prosesinə başlanılaydı...? 2025-ci il üçün Azərbaycan dövlət büdcəsindən təhsil sahəsinə 4 milyard 946 milyon manat vəsait ayrılması və bunun 2024-cü illə müqayisədə 395,7 milyon manat (8,7%) artması, təhsilin inkişafına dövlətin prioritet yanaşmasını göstərir. Həmin vəsaitdən rasional istifadə etməklə vəziyyətdən optimal çıxış yolu tapmaq olar. Bir də ki, necə olur ki, ötən illər bu illə müqaisədə xeyl az vəsait hesabına yeni məktəblər tikilib istifadəyə verilir, əsaslı artımdan sonra isə bəzi məktəblərin fəaliyyəti dayandırılır? 35-40 şagirdin bir sinifdə oturması  şagirdlərin təhsil almaq hüququnu pozmur, siniflərdə 5-10 şagirdin olması tədrisin fasiləsizliyi təmin etmir. Əgər fərdi qaydada yanaşma tətbiq ediriksə, onda gəlin hər iki məqama fərdi yanaşaq – sıxlıq olan sinifləri bölək, şagird sayı az olan sinifləri birləşdirək.
Şagirdlərin sayı az olan məktəblər və siniflərin, habelə, şagird sıxlığı müşahidə olunan məktəblər və siniflərin mövcudluğu, bəzi regionlarda müəllim çatışmazlığının, bəzi regionlarda isə müəllim artıqlığının müşahidə olunması nə dünənin, nə də bu günün problemdir. Bu, uzun illərdən bəri optimal həllini gözləyən vacib məsələlərdən biri kimi daim gündəmdə saxlanılıb. Baxmayaraq ki, bu məsələnin tənzimlənməsi istiqamətdə müəyyən işlər görülüb, hətta ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramın hazırlanıb həyata keçiriləcəyi ilə bağlı rəsmi vədlər də verilib. Bununla belə müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans hələ də qalmaqdadır.
 
Kiçik bir xatırlatma yerinə düşər ki, hələ 2000-ci ilin əvvəllərində Dünya Bankının layihəsi çərçivəsində Ucar, İsmayıllı rayonları və Şirvan şəhərində rasionallaşdırma tədbirlərinə başlanılsa da, şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi - məktəb şəbəkəsinin rasionallaşdırılması prosesinə start verilsə də, məktəblərin birləşdirilməsi, şagirdlərin köçürülməsi məsələlərində müəyyən problemlər yarandı. Nəticədə proses təxirə salındı. Hətta, az şagirdi olan məktəblərin böyük məktəblərə birləşdirilməsi, sonra şagirdlərin avtobuslarla daşınması kimi məsələlər müzakirə olunurdu. Sonradan qərara alındı ki, bu iş yalnız Ucar rayonunda həyata keçirilsin. Amma tam hazırlıq olmadığı üçün bu da baş tutmadı. Müəyyən mənada qanunvericilik bazası, digər infrastruktur məsələsi həll edilmədiyi üçün bu işi aparmaq mümkün olmadı.
 
O vaxtkı rəsmi statistikaya əsasən ölkəmizdə şagirdlərinin sayı 30-dək olan 315, 31-dən 50-dək olan 38, 51-dən 100-dək olan 9 ibtidai məktəb var idi. Ölkədə şagirdlərinin sayı 30-dək olan 89 əsas və 9 orta, 31-dən 50-dək olan 154 əsas və 74 orta, 51-dən 100-dək olan 325 əsas və 323 orta məktəb mövcud idi. Belə az sayda şagird kontingentinə malik əsas və orta məktəblərin mövcudluğunun məqsədəuyğun olmadığını, müvafiq məktəb şəbəkəsinin rasionallaşdırılması üzərində ciddi düşünmək lazım gəldiyi bildirilmişdi.
 
“Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən ibtidai və ümumi orta təhsil müəssisələri azkomplektli formada fəaliyyət göstərə bilər. Artıq, yalnız ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq. Qanun layihəsi  Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edildi. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.
Hesab edirəm ki, şagirdlər azdır deyə təhsilin strukturuna nə dərəcədə təsir etsə belə, hansısa məktəbi və ya sinfin ləğv edilməsi düzgün mövqe sayıla bilməz. Hazırda regionların inkişafı ilə əlaqədar prezidentin sərəncamları var. Regionların sosial vəziyyətini yaxşılaşdırmaq, mədəni, məişət obyektlərinin  tikintisini gücləndirməklə, müəyyən stimullaşdırıcı qərarlar qəbul etməklə yeni iş yerləri açmaq, təyinat yolu ilə gənc müəllimlərin kənd yerlərinə axınını artırmaq olar.  Bu istiqamətdə müəyyən işlər görülür, modul tipli məktəblərin şəbəkəsi getdikcə daha da genişləndirilir.
 
Hansısa ucqar rayonun bir neçə kəndindəki az şagirdi olan məktəbi birləşdirmək həmin kəndlərdən şəhərlərə axını - urbanizasiya prosesini gücləndirə bilər. Çünki, hər bir kəndin mövcudluğu üçün gərək onun məktəbi, xəstəxanası, mədəniyyət klubu olsun. Əgər məktəbləri rasionallaşdırma adı ilə həmin kənddən köçürsək, o kənd məhv olub gedəcək və bir kənd kimi tarixdən silinəcək, təhsildən yayınma hallarının baş verməsi qaçılmaz olacaq. Bu gün təhsilin keyfiyyətindən danışırıqsa, bu, heç də təhsilin əhatəliliyini və davamlılığını arxa plana keçirmək anlamına gəlmir. Zəfər qələbəsindən sonra, əzəmətli quruculuq fonunda məktəb bağlamaq təəssüf doğuracaq bir haldır...”.
Link kopyalandı!
Son xəbərlər