“Oreşnik”lə “cənnət yolçuluğu”...
Ekskluziv
407
20:36, Bu gün

“Oreşnik”lə “cənnət yolçuluğu”...

Moskva və bütün Rusiyanın Patriarxı Kirill "Oreşnik" ballistik raketini yaratdığı üçün rusiyalı alimlərə təşəkkür edib. Kirill yeni silahı "stop maşın" adlandırıb və qeyd edib ki, Moskva mütəxəssisləri "inanılmaz silahlar" yaradır.

 

Xatırladaq ki, Rusiya "Oreşnik"lə Dneprə ("Yujmaş"a) 21 noyabrda zərbə endirib və bundan bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putin Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında çıxışında “Oreşnik”i nüvə silahı ilə müqayisə edib.

 

“Oreşnik”in Ukraynada yaratdığı dağıntılar və Putinin bu raketi nüvə zərbəsi ilə müqayisə etməsi, adıçəkilən ballistik raketin doğrudan da ölümcül gücə malik olduğunu göstərir.

 

Qitələrarası ballistik raket olan “Oreşnik”in istifadəsi beynəlxalq qanunla qadağan olunsa da, üç ildir ki, Ukraynada həlledici uğur qazana bilməyən, bəşəriyyəti vaxtaşırı nüvə silahı ilə hədələyən Rusiyanın arsenalındakı bu silahdan da istifadə edəcəyi gözlənilən idi. Gözlənilməz olan din və humanizmi təmsil edən Rusiya Patriarxı Kirillin “Oreşnik” kimi məhvedici raket yaratdığı üçün alimlərə təşəkkür etməsi, onları alqışlamasıdır.

 

Kirill bəşəriyyət üçün nüvə silahı qədər ciddi təhlükə olan “Oreşnik”dən elə heyranlıqla bəhs edir ki, sanki söhbət ətrafa ölüm saçan silahdan deyil, cənnət yolçuluğu üçün hazırlanmış kosmik gəmidən gedir.

 

Tutduğu vəzifə, daşıdğı missiya etibarı ilə sülh və humanizmi təbliğ etməli olan Kirillin raketlərə sevgi və heyranlığını ifadə etməsi təəssüf doğurur. Bu, eyni zamanda Rusiyada dinin nə qədər siyasiləşdiyini, mərkəzi hakimiyyətin təbliğat vasitəsinə çevrildiyini göstərir.

 

Kirillin “Oreşnik”ə necə tərif vurmasından asılı olmayaraq, aydın olan bir həqiqət var: “Oreşnik” qətliyam vasitəsidir və cənnətdə bu vasitəyə yer yoxdur!

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər