“Pezeşkianın Bakıya gəlməməsinin əsil səbəbi bu idi...”-Sabiq səfir 
Ekskluziv
635
10:42, Bu gün

“Pezeşkianın Bakıya gəlməməsinin əsil səbəbi bu idi...”-Sabiq səfir 

“Hər şey ola bilərdi.  Lakin İran rəhbərliyində hücumun dəqiq vaxtı, haraya və necə olacağı haqda dürüst informasiya yox idi...”
 
“Məlum olduğu kimi, İran prezidenti Məsud Pezeşkianın öncə Bakıdakı “COP-29” tədbirinə qatılacağı bildirilsə də, sonradan bu səfər təxirə salındı. Bunun səbəbi barədə həm Azərbaycan, həm dünya mediasında müxtəlif fikirlər səsləndirildi. Guya İran prezidenti Bakıdakı tədbirdə bəzi dövlətlərin iştirak etmədiyinə görə gəlmədi. Digər bir versiyaya görə, cənab Pezeşkian guya  İsrail prezidentinin də “COP-29”-a qatılacağı ehtimalı səbəbindən Azərbaycana gəlməyib”. 
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov söyləyib.
 
“Amma bizdə olan məlumata görə, gerçəklikdə əsil səbəb həmin vaxt İranın hər gün, hər saat, hər an İsrail tərəfindən hücuma qalması təhlükəsi idi. Hər şey ola bilərdi.  Lakin İran rəhbərliyində hücumun dəqiq vaxtı, haraya və necə olacağı haqda dürüst informasiya yox idi. Əvvəlki hallarda kəşfiyyat hərbi bazaların, strateji obyektlərin vurulacağı haqda məlumat verirdi.  Bu dəfə isə qeyri-müəyyənlik idi. Ancaq eyni zamanda da böyük təhlükə mövcud idi”- deyə davamında diplomat diqqətə çatdırıb.

Keçmiş səfir qeyd edib ki, belə hallar İran-Azərbaycan münasibətlərinin soyuqlaşması kimi yozula bilməz. 

“Əhalisinin yarıdan çoxu Azərbaycan türkü olan qonşu ölkə ilə normal münasibətlər hər iki dövlət və xalq üçün mühüm əhəmiyyət kəsb edir. Və həmin münasibətlərin yaxın gələcəkdə daha da istiləşəcəyinə böyük inam var... Biz eyni regionda yaşayırıq. Və bölgədə istənilən ciddi gərginlik hər iki dövlət və xalq üçün təsirsiz ötüşmür... Bütün bunları nəzərə alaraq arzu edək ki İrana qarşı heç bir müharibə olmasın. Çünki bölgədə sülhün, əmin-amanlığın olması digər ölkələr kimi Azərbaycan üçün də çox vacibdir. Yeni dünya düzəni qurulur və bu proses böyük, gəzlənilməz və amansız müharibələrdən keçməkdədir. Tanrı xalqlarımızı və dünyamızı qorusun!..”- Abbasəli Həsənov vurğulayıb.

Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər