Ekskluziv
515
13:11, Bu gün

"Ukrayna təkcə özü uğrunda deyil, bizim uğrumuzda da döyüşür" - Blinken

 
"Rusiyanın təcavüzü təkcə Ukrayna və onun xalqına qarşı deyil, beynəlxalq münasibətlər sisteminin əsasını təşkil edən prinsiplərə qarşı yönəlib..."
 
Amerika Birləşmiş Ştatları Ukraynanı 2025-ci il ərzində döyüşmək üçün bütün zəruri olanlarla təmin edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken İtaliyada keçirilən G7 ölkə XİN rəhbərlərinin görüşündən sonra bəyan edib. Bəyanatı "Sky News" nəşri yayıb.
 
Məlumatda deyilir ki, amerikalı diplomatın sözlərinə görə, G7 və onun tərəfdarları Ukraynanın 2025-ci ildə səmərəli döyüşməsi və ya sülh danışıqlarını güc mövqeyindən aparması üçün pulu, silahı və qüvvələri olmasına "köklənib".
 
O, qeyd edib ki, ABŞ Ukraynanın şərqində müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün təhlükəsizlik sahəsində yardımı artırmaqda davam edir.
 
Blinken həmçinin Şimali Koreya qoşunlarının Rusiyanın Ukraynaya qarşı müharibəyə cəlb edilməsini də şərh edib. Onun sözlərinə görə, bu fakt G7 üçün ciddi narahatlıq üçün əsas verir.
 
"Gerçəklik budur ki, Ukrayna bizim uğrumuzda mübarizə aparır. O, təkcə özü uğrunda deyil, bizim uğrumuzda da döyüşür. Bunu biz lap əvvəldən demişik, bu qədər ölkənin Ukraynanın müdafiəsinə cəlb olunmasının səbəbi də budur", - o, deyib.
 
"Rusiyanın təcavüzü təkcə Ukrayna və onun xalqına qarşı yönəlməyib. Bu təcavüz beynəlxalq münasibətlər sisteminin əsasını təşkil edən və sülh və təhlükəsizliyin təmin olunması üçün zəruri olan prinsiplərin özünə qarşı yönəlib", - ABŞ Dövlət katibi vurğulayıb.
 
Ukraynaya yardım - son xəbərlər
 
Norveç hökuməti Ukraynaya yardımı kəskin artırmaq qərarına gəlib. 2025-ci ildə ölkə bu məqsədlə Ukraynanın maliyyələşməsinə ümumilikdə 30 milyard Norveç kronu (təxminən 2, 7 milyard dollar) ayırmaq niyyətindədir.
 
Bu arada isə "Bloomberg" nəşri məlumat verib ki, Böyük Britaniya gizlin olaraq Ukraynaya yeni "Storm Shadow" raketlər verib. Söhbət onlarla qanadlı raketlərdən gedir.
 
Qeyd edilir ki, bu, hələ Londonun USQ üçün bu silahdan istifadəyə məhdudiyyətlərin ləğv edilməsi qərarından və ABŞ-ın uzaqvuran raketlərlə bağlı analoji qərarından öncə baş verib.
Link kopyalandı!
Son xəbərlər