“Mirvarid Dilbazinin qızı ölməyib, sağdır”-xalq şairinin qızı GİLEYLƏNDİ-ÖZƏL
Ekskluziv
704
09:28, Bu gün

“Mirvarid Dilbazinin qızı ölməyib, sağdır”-xalq şairinin qızı GİLEYLƏNDİ-ÖZƏL

“Mirvarid Dilbazi bu gün həyatda yoxdur, amma onun nəslindən yaşayan şəxslər var. Mən varam, nəvəsi var, nəticəsi var. Bəzən bizimlə məsləhət etmədən veriliş hazırlanır, qonaqlar dəvət edilir və anam haqqında nələrsə yayımlanır. Olmazmı bizimlə də məsləhət edəsiz? Bəlkə elə tarix yaxud hadisə var onu ailəsi olaraq biz daha dəqiq bilirik!”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi deyib. O daha sonra əlavə edib:
 
“Dünən axşam saatlarında Mədəniyyət kanalını təsadüfən açanda gördüm ki, anama həsr olunan “Ovqat” verilişi yayımlanır. Verilişdə saz ifaçıları, şairlər qonaq idi. Hər kəs orada idi, qızından başqa. Mən şöhrətpərəst insan deyiləm, müğənni deyiləm ki, gündə efirlərə çıxıb özümü göstərim. Mənə sadəcə xəbər verərdilər ki, veriliş nə vaxt efirə gedəcək. Mən bu haldan olduqca narazı qaldım. Hətta verilişin aparıcısı, çox hörmət bəslədiyim Səyyarə xanıma da zəng etdim. O da bildirdi ki, mənim varlığımdan xəbərsiz olub. Mənim danışığım da yerindədir, sağlamlığım da. Lazım olan verilişlərdə iştirak etmişəm. Şair Güllü Eldar Tomarlı deməli idi ki, Mirvarid Dilbazinin qızından da bir rəy alaq. Çünki mən o verilişi də, Səyyarə xanımı da çox sevirəm. Hətta bir dəfə Güllü xanıma demişdim ki, çox istərdim ki, bir gün Səyyarə xanımın anam haqqında hazırladığı verilişdə iştirak edim. Bu istəyimi axı o bilirdi” deyə şairin qızı bildirib.
 
Xatirə Dilbazi daha sonra bəzi efirlərdən gileylənib:
 
“Həqiqətən də telekanallara adam baxmaq istəmir. O qədər biyabırçı hadisələr, mövzular gedir ki. Böyük-kiçik qalmayıb. Poeziya, sənət, teatr, kino verilişləri azlıq təşkil edir. İnsanların estetik zövqünü oxşayan layihələr çox azdır. Biz niyə bu günə düşdük? Axı bizim mədəniyyətimiz də, musiqimiz də, poeziyamız da digər xalqlardan seçilir. Olmazmı bu yaxşı hadisələri işıqlandırasız?” deyə Xatirə Dilbazi deyib.
 
Link kopyalandı!
Son xəbərlər