Ekskluziv
595
18:19, Bu gün

"Biz Kəlbəcəri gənclər üçün təhsil və mədəniyyət imkanları ilə zəngin bir bölgə kimi görmək istəyirik"

“Bu gün Kəlbəcərin işğaldan azad edilməsinin 4-cü ildönümüdür. Bu tarixi hadisə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dəqiq və uzaqgörən siyasətinin, Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində mümkün oldu. Sevindirici haldır ki, Kəlbəcər bir güllə belə atılmadan azad edildi. Bu, bizim qələbəmizin siyasi-diplomatik zəfəridir."
 
Bu sözləri Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Mircəlil Qasımlı Moderator.az-a Kəlbəcər Günü ilə bağlı danışarkən deyib:
 
"Kəlbəcər Azərbaycanın təbii gözəlliklərinin mirvarisidir və onu çiçəklənən bir region kimi görmək hər birimizin arzusudur. Biz Kəlbəcəri ən müasir infrastrukturla, inkişaf etmiş turizm mərkəzləri ilə, gənclər üçün təhsil və mədəniyyət imkanları ilə zəngin bir bölgə kimi görmək istəyirik.
 
Bu fürsətdən istifadə edərək, şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə can sağlığı və uzun ömür arzulayıram. Onların fədakarlığı sayəsində biz bu gün azad və güclü Azərbaycanı daha böyük inamla qururuq.
 
Bir gənc millət vəkili olaraq, hər zaman azad Kəlbəcər üçün real təkliflərə və tövsiyələrə açıq olduğumu qeyd etmək istəyirəm. Hökumətimizin və cənab Prezidentimizin yol xəritəsinə uyğun olan hər bir təşəbbüsü dəstəkləməyə hazıram. Haqqımda bəzən səsləndirilən “Parlamentdə özünə yer deyil, insanların qəlbində yer düzəlt” fikrinə cavab olaraq vurğulamaq istəyirəm ki, parlamentdə yerlər şəxsi istəklə deyil, xalqın səsi ilə müəyyən edilir. Mən də bu böyük məsuliyyətin fərqindəyəm və xalqıma xidmət etməyi özümə borc bilirəm. İnsanların qəlbində yaxşı və ya pis qalmağı zaman göstərəcək, əsas olan Kəlbəcər üçün və ölkəmiz üçün faydalı işlər görməkdir.
 
Kəlbəcər üçün ən çox zəhmət çəkən millət vəkili mənim fikrimcə, Cavid Qurbanov olmuşdur. Onun bu günə qədər minlərlə insana dəstək olduğunu danmaq mümkün deyil. Artıq aylardır ki, Kəlbəcər əhalisinin içindəyəm və bəzən Cavid müəllim haqqında "mənə filan şeyi etmədi və sair" kimi sözlər eşidirəm. Halbuki onun gördüyü işlərin müəyyən hissəsini nə mən, nə də məndən sonra gələcək deputatlar görə bilməyəcək bəlkə də. Bəlkə bəziləri deyə bilər ki, bunu etmək onun borcu idi. Amma etməyə də bilərdi. Onun daxili vicdanı və Kəlbəcərə, xalqımıza olan sevgisi bu işləri görməyə sövq edib. Ona görə də ideal olmaq mümkün deyil, lakin əlimizdən gələnin ən yaxşısını etmək borcumuzdur.
 
Bütün ziyalılara uğurlar arzu edir, bir daha vurğulamaq istəyirəm ki, bizim yolumuz Ulu Öndər Heydər Əliyevin yaratdığı və cənab Prezident İlham Əliyevin davam etdirdiyi bir yoldur.”   
 
Kəlbəcər günümüz mübarək!"
 
Link kopyalandı!
Son xəbərlər