"İsrailin mövqeyi dəyişməz olaraq qalır, heç bir mərhələdə hökumət HƏMAS-ın Qəzza bölgəsində idarəetməyə dönməsinə imkan verməyəcək..."
İsrail Təhlükəsizlik Xidmətinin son dəyərləndirməsinə görə, HƏMAS tərəfindən saxlanılan girovların o cümlədən xarici fəhlələr daxil olmaqla təxminən 50 nəfəri sağdır.
Moderator.az xəbər verir ki, bu barədə "Walla" nəşri yazıb.
İsrail ordusu Qəzza bölgəsində döyüş əməliyyatlarını davam etdirərək girovlar üçün riskləri minimuma endirmək məqsədilə tədbirlər görür.
Ekspertlər qeyd edib ki, HƏMAS ciddi hərbi və iqtisadi təzyiqlə üzləşərək danışıqlara hazırdır. İsrail mənbələrinin məlumatına görə, qruplaşma il ərzində ilk dəfə olaraq müharibənin tamamilə dayandırılması ilə bağlı öz tələblərini yumşaldıb və güzəştlərə hazırdır.
Lakin girovların azad edilməsinin bədəli yüksək olaraq qalır. İsrail, böyük ehtimalla, fələstinli məhbusların, xüsusilə ağır cinayətlərə görə məsuliyyət daşıyanların azad edilməsinə razı olmağa məcbur olacaq.
Danışıqlar Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə, habelə Rusiya pasportu olan vətəndaşlarının azad edilməsində maraqlı olan Rusiyanın iştirakı ilə keçirilir.
Mənbələrin məlumatına görə, yaxın 42 gün ərzində, Donald Trampın andiçmə mərasiminədək mərhələlərlə sövdələşmə əldə edilməsi imkanı var.
İsrail Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli nümayəndəsi bəyan edib ki, Qəzza bölgəsinə cari təzyiq girovların azad edilməsi üçün unikal imkan yaradıb. İsrailin əsas vəzifəsi sövdələşmənin birinci mərhələsində girovların maksimal sayda azad edilməsinə nail olmaqdır.
"Sövdələşməyə şans var, HƏMAS bizim kimi təzyiq altındadır", - mənbə qeyd edib və əlavə edib ki, müzakirələr mübadilə edilməsi nəzərdə tutulanların konkret adlarınadək aparılır.
Eyni zamanda sövdələşmə müharibənin bitməsi demək olmayacaq. Mənbələr vurğulayır ki, saziş mübadilə şərtlərinin icrası üçün yalnız müvəqqəti atəşkəsi nəzərdə tutacaq.
Cənub Hərbi Dairənin komandanı, general-mayor Yaron Finkelman əmin edib ki, ordu sövdələşmə başa çatan kimi döyüş əməliyyatlarının bərpa edilməsinə hazırdır.
İsrailin mövqeyi dəyişməz olaraq qalır, heç bir mərhələdə hökumət HƏMAS-ın Qəzza bölgəsində mülki və ya hərbi idarəetməyə dönməsinə imkan verməyəcək. İsrail ordusu gələcək təhlükələrin qarşısının alınması üçün hərəkət sərbəstliyini saxlayacaq.