Ekskluziv
376
13:15, Bu gün

"Fələstində tökülən qanlara görə təkcə İsrail deyil, ona dəstək verənlər də məsuliyyət daşıyır" - Ərdoğan

 
"Dünya, xüsusilə İslam dünyası ağır sınaqlar yaşamaqdadır, biz vahid qüvvə kimi hərəkət etməliyik..."
 
Türkiyə Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbslərinə order verilməsi barədə qərarını dəstəkləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk adına hava limanında 4-cü Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik sərgisində çıxışı zamanı bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
 
"Biz Beynəlxalq Cinayət Məhkəməsinin bu qərarını dəstəkləyirik. Belə cəsarətli qərarın bəşəriyyətin beynəlxalq sistemə etimadının bərpa edilməsi məqsədilə bütün iştirakçı ölkələr tərəfindən icrasını vacib hesab edirik", - o, deyib.
 
Türkiyə lideri diqqəti İslam dünyası ölkələrinin qədəm qoyduğu sadə olmayan dövrə yönəldib.
 
"Beynəlxalq sistemin imtiyazlı oyunçuları dünyanın müxtəlif guşələrini, əsasən də İslam coğrafiyasını öz maraqları naminə müharibələr, münaqişələr və qeyri-sabitlik burulğanına salır. Dünya, əsasən də İslam dünyası ağır sınaqlara, hərtərəfli mühasirəyə və alova qərq edilib", - Ərdoğan deyib.
 
O, xatırladıb ki, 14 ay ərzində Fələstində məzlumlar, uşaqlar, qadınlar, qocalar və dinc insanlar qəddarcasına qətlə yetirilir.
 
Onun sözlərinə görə, qlobal idarəetmə mexanizmləri, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələri Fələstində, Livanda və digər regionlarda insanlığa qarşı törədilən cinayətləri görməzdən gəlir, sionist qatillər bu vəziyyətdən ruhlanaraq hər gün yeni qəddarlıq, barbarlıq törədir, ağıllarını büdbütün itirilər.
 
"İsrailin Qəzza bölgəsinə hücumlarından 400 gün ötür. 50 minədək fələstini qardaş-bacılarımız şəhid olub, onlardan 70 faizini qadınlar və uşaqlar təşkil edir. 700 mindən artıq qardaş-bacılarımız yaralanıb. 1, 9 milyon insan öz evlərini, doğulub böyüdükləri torpaqlarını tərk etməyə məcbur olub", - prezident xatırladıb.
 
Bu zaman o, diqqəti ona cəlb edib ki, demokratiya və insan haqlarından dəm vuran ölkələr kütləvi qətlləri və soyqırımı dayandırmağa cəhd göstərmək əvəzinə, İsrailə dəstək göstərir.
 
Təkcə qatillərin deyil, onlara mane olmayanların əlləri də Fələstində tökülən qanlara batıb", - Ərdoğan vurğulayıb.
 
Bundan başqa, Ərdoğan Qüdslə bağlı beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə Qüdsün "beynəlxalq təhlükəsizlik çətirinin" altında olması üçün səylər göstərəcək.
 
"Biz İslam dünyası olaraq ixtilafları bir kənara qoyub, ümimi mövqe sərgiləyib, vahid qüvvə kimi hərəkət etməliyik", - o, vurğulayıb.
 
Bu zaman Türkiyə lideri qeyd edib ki, sionist lobbi və İsrailin tərəfdarları tərəfindən ölkə əleyhinə kampaniyalar və təzyiqlərə rəğmən, Türkiyə öz mövqeyini heç vaxt dəyişməyib.
Link kopyalandı!
Son xəbərlər