"Anna Akopyanın bu addımı atması amerikalıları onun Paşinyandan da irəli getməyə hazır olduğuna inandırıb..."
"Bir neçə həftə əvvəl bizə məlumat daxil olub ki, ABŞ-ın sifarişi ilə Ermənistanda ictimai əhval-ruhiyyəni öyrənmək, Ermənistan vətəndaşlarının Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı baş nazir kimi görməyə hazır olub-olmadığını anlamaq üçün sorğu keçirilib"
Moderator.az xəbər verir ki, bunu "Politik. am" nəşri yazır.
Nəşr qeyd edir ki, sorğuların nəticəsinin necə olduğu bilinmir, lakin Qərb üçün Paşinyanı əvəz edə biləcək namizədlər siyahısında Anna Akopyanın da olduğu açıq-aydın görünür.
“ABŞ-ın Anna Akopyanla bağlı planları Ermənistanın baş nazirinin həyat yoldaşının anti-Rusiya siyasəti çərçivəsində Ukraynaya səfəri, Zelenski ailəsi ilə görüşü və ruslar tərəfindən öldürülmüş günahsız ukraynalıların xatirəsini ehtiramla yad etməsi və onların məzarına gül dəstələri qoyması anından ciddi çalarlar əldə edib. Anna Akopyanın bu addımı atması amerikalıları onun Paşinyandan da irəli getməyə hazır olduğuna inandırıb.
Əslində, Anna Akopyanın hiperaktivliyini məhz ABŞ-ın hazırladığı ssenari ilə izah etmək olar. O, uğurlu iş adamları, blogerlər, qadınlar, tələbələr və həlak olanların yaxınları ilə görüşür. Hər gün Anna Akopyanın fəaliyyəti ilə bağlı reklam çarxları yayılır. Əslində Anna Akopyan hansısa seçkilərin elan edilməməsinə baxmayaraq, aktiv kampaniya aparır.
Anna Akopyan da işinə geo-siyasi çalar qatır. Məhz o səbəbdən bu yaxınlarda Vatikanda yenidən Ukrayna prezidentinin xanımı ilə görüşüb. O, Qərbə açıq siqnal verir ki, etimadı qazanacağı təqdirdə hər şeyə hazırdır.
Ekspertlər son səs-küylü istefaların məhz Anna Akopyana hakimiyyətin ötürülməsi çərçivəsində baş verdiyini istisna etmirlər. Ən mühüm vəzifələrə Anna Akopyanla yaxın əlaqələri olan şəxslər təyin olunub. Anna Akopyanın rəfiqəsi Arpine Sarkisyan daxili işlər naziri təyin edilib, Anna Akopyanın xaç oğulluğu David Xudatyan isə ərazi idarəsi naziri olacaq. Bu postların hər ikisi seçkilər zamanı əsasdır.
Bir sözlə, Qərb bu məsələyə ciddi yanaşır və indi, deyəsən, bu ssenarinin həyata keçirilməsi üçün hər şey dəqiq şəkildə edilir”, – nəşr yazır.
S.Laçın