“Bu gün həm Ağdamın azad olunduğu gündür, həm də Qədirin doğum günüdür. Qədir müəllim heç vaxt özünə doğum günü keçirməyib. Mən israr edərək onun doğum günlərini ailə içərisində keçirtmişəm. Ağdam işğal olunandan sonra deyirdi ki, mənim hansı günümə yaraşır doğum günü? Ayıbdır! Ulu öndər Heydər Əliyev Qədirin 60 yaşında onu çağırıb, tövsiyyələrini, məsləhətlərini verdi, onu “Şöhrət” ordeni ilə təltif etdi. Ağdam işğal olunandan sonra demək olar ki, yeni zapislər yazdırmırdı. Hörmətli Heydər Əliyev ona dedi ki, get oxu, sən xalqa lazımsan, xalqın sənətkarısan. Ulu Öndər hələ o vaxt ona demişdi ki, mən sənə söz verirəm, bizim bir qarış torpağımız da ermənidə qalmayacaq, sən də Ağdamın işğaldan azad olunduğu günü görəcəksən”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, görkəmli xanəndə, “Şöhrət” ordenli sənətkar Qədir Rüstəmovun ömür-gün yoldaşı Fatma Rüstəmova deyib. O daha sonra əlavə edib:
“Allah bizim dövlətimizə, prezidentimizə, qazilərimizə can sağlığı versin. Şəhidlərimizə rəhmət etsin. 30 ildən sonra doğma Qarabağ bizim özümüzə qayıtdı. Bu bir təsadüf idi yoxsa nə idisə Qədir müəllimin doğum gününə düşdü, onun ruhuna bir hədiyyə oldu. Biz bunu ikiqat bayram kimi qeyd edirik. Qədirsiz də olsa Ağdam torpağına qədəm qoydum. Evimiz dağılsa da gedib gördük. Özünə qismət olmasa da balalarına qismət oldu. Təəssüflər olsun ki, orada artıq evlərimiz yoxdur. Ağdamı yeniləyirlər, şəhər salırlar. Söz veriblər ki, Ağdamda Qədir Rüstəmov adına küçə, musiqi məktəbi olacaq. Özümüz də ev növbəsindəyik, bizə Ağdamda ev verəcəklər. Biz Ağdamda yaşayacağıq, övladlarımla birgə ora köçəcəyik. O gözəl Ağdamda daha da gözəl Ağdam yaranacaq. Düzdür, həmin insanlar orada olmayacaq, amma onların ruhu şad olacaq. Ağdamın hər tərəfindən Qədir müəllimin səsi gəlir, özü görünür. Çünki Ağdamı Qədir Rüstəmovsuz, Qədir Rüstəmovu da Ağdamsız təsəvvür edə bilmirəm. Oralarda gəzmək insanı əzir, sındırır. Bu insan o qədər səbirsizliklə gözləyirdi ki, Ağdama qayıtsın. Deyirdi ki, eybi yox, evlərimiz dağılıb, yeni ev tikərik. Yetər ki, Ağdama qayıdaq” deyə sənətkarın xanımı bildirib.
Görkəmli sənətkarın xanımı onun son günlərini belə xatırlayıb:
“Qəfildən sol gözü başladı zəifləməyə. Biz onu həkimə apara bilmirdik. Ömründə həkimə getməmişdi. Qızımın yoldaşını çox istəyirdi. Ona dedim ki, sən de, bəlkə sözünü yerə salmaz. Təklif etdi, razılaşdı. Həkimə getdi, burada bizə dedilər ki, bizlik deyil. Sonra cənab prezidentimiz İlham Əliyev göstəriş verdi, onun tapşırığı ilə Qədir müəllimi Türkiyəyə apardıq. Orada müalicə olundu, yaxşılaşdı. Azərbaycana gəlməyinə bir gün qalmış halı pisləşdi və komaya düşdü. 56 gün komada qaldı. Hamı yanına gəlirdi, Arif Babayev hər gün zəng edirdi. Alim Qasımov, Aqil Abbas, Həsən Zeynalov və s. şəxsiyyətlər İstanbulda yanına gəlmişdilər. Hətta Aqil Abbas son günündə onun qulağına dedi ki, “Qədir, Ağdamı aldıq”. Bu sözdən sonra Aqil müəllim dəhlizə çıxıb hönkürtü ilə ağlamağa başladı. Həkim deyirdi ki, Qədir Rüstəmov bu sözə reaksiya verdi. Həkimlər soruşurdu ki, bu adam kimdir belə? Həqiqətənmi böyük sənətkardır? Bütün günü prezident, nazirlər onunla maraqlanır. Qədir müəllimin ən çox sevdiyi bir şeir parçası var idi. Hər zaman o şeirləri əzbərləyəndə mən də yanında olurdum: “Xərabat dağından bir ay ucaldı, Fələyin damında bir çadır qurdu, Bu zaman atifdən ucaldı bir səs, Bu dünya bir samandır çöpünə dəyməz”. Qədir Rüstəmovdan bir daha olmayacaq” deyə Fatma Rüstəmova deyib.