Qərb ölkələri Kiyevdəki səfirliklərini bağlayıb
Ekskluziv
423
17:45, Bu gün

Qərb ölkələri Kiyevdəki səfirliklərini bağlayıb

 
"ABŞ səfirliyi bu gün potensial hava hücumu barədə konkret məlumat əldə edib..."
 
"Hava hücumunun Rusiyanın Həştərxan şəhərindən yeni "Rubej" ballistik raketi ilə həyata keçiriləcəyi ehtimal edilir..."
 
ABŞ, İspaniya, Yunanıstan və İtaliya Ukraynaya güclü hava hücumu təhlükəsi səbəbindən noyabrın 20-də Kiyevdə öz səfirliklərinin bir günlük bağlanması barədə qərar verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, ABŞ-ın Ukraynadakı səfirliyi bəyan edib ki, bu gün "potensial hava hücumu barədə konkret məlumat" aldıqdan sonra səfirlik bağlanır.
 
Amerika diplomatik missiyasının saytında dərc edilən məlumata görə, səfirlik öz əməkdaşlarına yerlərində qalmağı, ABŞ vətəndaşlarına isə hava həyəcanı elan edilən zaman dərhal sığınacaqlarda gizlənməyə hazır olmağa çağırıb.
 
İspaniya səfirliyi Ukrayna ərazisində yaşayan İspaniya vətəndaşlarına elektron məktublar göndərib və fövqəladə təhlükəsizlik tədbirləri görməyə, yerli hakimiyyətin bütün tövsiyələrini icra etməyə və sığınacaqlar barədə düşünməyə çağırış edib.
 
İspaniyanın ardınca İtaliya da öz səfirliyinin bağlanması barədə bəyan edib. Səbəblər yenə də dron və raket zərbələri təhlükəsidir.
 
"ABŞ səfirliyi öz saytında bu gün yükdək intensivli hava hücumunun mümkünlüyü barədə məlumat yerləşdirib. Təhlükəsizlik tədbirləri çərçivəsində Kiyevdəki səfirlik bu gün ziyarətçilər üçün bağlı olacaq", - bu barədə İtaliyanın Ukraynadakı səfirliyinin saytında qeyd edilir.
 
Yunanıstanın da Kiyevdəki səfirliyi təhlükəsizlik mülahizələrinə görə işini dayandırıb.
 
Digər ölkə səfirlikləri adi rejimdə işləməkdə davam edir. Ukraynanın "Monitor" kanalının məlumatına görə, hazırda Rusiyanın Həştərxan şəhərindən ballistik hücum ehtimalı barədə xəbərdarlıq edilib. Lakin belə təhlükə əslində təkcə bu gün deyil, sonrakı günlər də ola bilər.
 
"Raketlərin tətbiq edilməsi riski hər gün var. Xüsusi məlumatları gözləmək lazım deyil. Bütün bunlar ATACMS raket kompleksinin tətbiqinə icazə verilməsi ilə bağlı ola bilər", - məlumatda deyilir.
 
Həmçinin Ukrayna sosial şəbəkələrində Rusiyanın döyüş şəraitində yeni raket sınağı keçirə biləcəyi barədə məlumatlar yayılıb. 
 
Söhbət "RS-26 Rubej" strateji ballistik raketdən gedir. Bu raket Kremlin istəyi ilə nüvə yükü daşıya bilər. Bu raketin uçuş məsafəsi 6000 km, dəqiqliyi 150 m, start kütləsi 50 ton, döyüş hissəsinin kütləsi 1, 2 tondur.
 
Mütəxəssislərin sözlərinə görə, bu məlumatlar doğrudursa, bu, üç "İsgəndər-M" raket kompleksinə ekvivalentdir.
 
Ukrayna jurnalistləri xatırladıb ki, rusiyalıların bu müharibədə əsas vəzifələrindən biri ölkədə təlaş və isteriya yaradılmasıdır və bu, ilk növbədə informasiya vasitəsilə edilir.
 
Bu arada isə Kremlin mətbuat katibi Dmitri Peskov SİTA agentliyinə məlumat verib ki, 1962-ci ildə Kuba raket böhranından sonra Kreml ilə Ağ Ev arasında yaradılan təcili qaynar xətt hal-hazırda istifadə edilmir.
Link kopyalandı!
Son xəbərlər