“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”-ÖZƏL+FOTO
Ekskluziv
970
11:51, Bu gün

“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”-ÖZƏL+FOTO

“Bu gün Ağdamın yenidən bizə qayıtdığı gündür. Ağdama getməmişəm. Rəmişsiz mənim Ağdamda nə işim var? Rəmişsiz getməzdim də axı.. Çox heyf ki, o da Ağdamı görmədi.. O məni yandırıb-yaxır. Rəmiş son nəfəsinə qədər Ağdam həsrəti, dərdi ilə yaşadı. Ömür boyu da doğma torpaq dərdini içində çəkdi. Ağdam alınan günü artıq halı dəyişmişdi. Hətta evə gəlib-gedənləri də yaxşı tanımırdı. Yanına kim gəlirdisə gedəndən sonra deyirdi ki, Gülü, o kim idi bizə gəlmişdi?! Dedim ki, Rəmiş, Ağdam alındı.. Gözündən yaş axıtdı. Dedi ki, inanmıram Ağdam alınıb. Yenə dedim ki, ay Rəmiş, camaat toy-bayram edir, yollarda insanlar yığışıb. Dedim ki, Rəmiş, məni Ağdama apararsan? Ağdama gedəcəyik? Çiyinlərini çəkdi, dedi ki, nə bilim. Yox demədi. Yazıq yəqin bilirdi ki, gedə bilməyəcək. Ömrünün axırı idi. Öz-özüylə danışırdı. Ağdama o vaxt heç kimi buraxmırdılar”
 
Bunu Moderator.az -a açıqlamasında xalq artisti, mərhum gitara ifaçısı Rəmişin (Rafiq Hüseynovun) ömür-gün yoldaşı Gülü xanım deyib. O daha sonra əlavə edib:
 
“Mən Ağdamdan qaçqın kimi çıxmamışam. Rəhmətlik atam Bakılıdır. Məktəbi bitirəndən sonra məni Bakıya yanına gətirdi. Ağdamı heç düz-əməlli görməmişəm. Mənim orada mülküm yoxdur. Rəmişgilin orada ata mülkü var. Allah onun atasına, anasına, qardaşına rəhmət etsin. 4 qardaş bir bacıdırlar. Bu mülk də onlara düşür. Heç nə istəmərəm, heç nədə də gözüm yoxdur. Mən itirdiyimi itirmişəm. Mənim ruhum gəzir, özüm yoxam. Tez-tez məzarının üstünə gedirəm” deyə sənətkarın xanımı deyib.
Gülü xanım bildirib ki, efirlərdən uzaq gəzir, heç bir dəvətə “hə” demir:
“Qədir Rüstəmovun ailəsi mənimlə maraqlanır. Noyabr ayının 13-də Rəmişin ad günü idi. Onlardan başqa heç kim zəng edib maraqlanmadı. Rəmişsiz efirlərə də dəvət edirlər getmirəm. Çıxmaram da. Rəmişsiz mənim efirdə nə işim var? Yarım-yaraşığım, bərim-bəzəyim o idi. İşıq saçırdı. O mənim yanımda olanda elə bilirdim ki, ay işığıdır, günəş çıxıb. Rəmişsiz heç yerə getmək istəmirəm. Bircə Qədir müəllimin ailəsi çağıranda gedirəm. Mənim itirib-axtaranım yoxdur, heç kimim yoxdur. Xalqa qurban olum, məni Rəmişə görə çox istəyirlər. Rəmiş gitarada “Ana vətən nə gözəldir ellərin” mahnısını ifa edirdi. Bunu ifa edib ağlayırdı. Bir çox sənətkarlarımız vətən deyə-deyə getdi. Rəmiş də onlardan birincisi idi. Bu gün onun ruhu şaddır. Mən də Rəmişin yanına gedəcəyim günləri sayıram. Allah tez qovuşdurar bizi yəqin” deyə sənətkarın xanımı bildirib.
Link kopyalandı!
Son xəbərlər