“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ-ÖZƏL
Ekskluziv
805
19 Nov 2024 | 23:43

“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ-ÖZƏL

“Bu gün mahnılarımızın əksəriyyətinin sözləri bəsitdir. Bir sözü 100 dəfə təkrar edirlər. Bu təkrara da qulaq asırsan, sanki insana yaxşı olmayan təəssürat bağışlayır. Deməli sənin bu poetikada söz baqajın çox məhddudur, söz tapa bilmirsən, sən necə mahnıya mətn də yaza bilərsən? Ümumiyyətlə sənin mahnı bəstələməyin, mətn yazmağın nə dərəcədə vacibdir?”
 
Bunu Moderator.az-a açıqlamasında Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib. 
 
İttifaq sədri bildirib ki, mahnı mətnlərində təzyiq və aşağılayıcı ifadələr üstünlük təşkil edir:
 
“Əlbəttə ki, bütün bunlar da televiziyalar tərəfindən təbliğ olunur. Bu doğru deyil. Bizim Bəstəkarlar İttifaqında bu illər ərzində çox gözəl əsərlər yaranıb. Onlardan tamaşaçıların xəbəri var? Əlbəttə ki, yoxdur. Çünki bunlar efirlərdə təbliğ olunmur. Reyntinq gətirmir. Bilirsiz musiqidə və incəsənətdə insanların hərəkəti çox ehtiyyatlı olmalıdır. Yavaş-yavaş. Hər şey tədricən baş verməlidir. Birdəfəlik götürüb kəsmək olmur. Biz bir-birimizi incitmədən səhvləri göstərməliyik bu mahnılarda. Bundan da əlavə həmin bəsit mahnıları cəmiyyət özü qəbul etməməlidir. Cəmiyyətin qarşıdurması olmalıdır. Bir bəstəkarın, bir musiqişünasın yox. Bu mahnılarla toylarda külli-miqdarda pullar qazanırlar. Əlbəttə ki, onların bizim köməyimizə ehtiyacları olmayacaq. O düşünür ki, mən səndən çox pul qazanıram. Mən simfonik əsər yazıram, onu sata bilmirəm, amma o bir mahnısı ilə bütün günü toylardadır, gəlib mənim tövsiyyələrinə qulaq asacaq?” deyə xalq artisti bildirib.
Firəngiz Əlizadə bildirib ki, Bəstəkarlar İttifaqı həmin müğənni və bəstəkarlara mane ola bilmir. 
 
“Bu mahnıların əksəriyyəti bizim Bəstəkarlar İttifaqının üzvü olmayan insanlar tərəfindən yazılır. Biz onları bura çağırıb töhmət verə bilmərik. Bu bizim səlahiyyətimizdə deyil. Amma bu bəstəkar, şair özü desə ki, Firəngiz xanım biz gəlmək istəyirik ittifaqa, bəlkə tövsiyyələriniz olar, əlbəttə ki, buyurub gəlsinlər. Biz həmişə buna hazırıq. Bizim hətta belə bir bölməmiz də var. Mahnı yazanların qonorarları elədir ki.. Onlar bura heç gəlmirlər, tövsiyyələrimizə ehtiyacları yoxdur. Zorla gözəllik olmaz. Bunlar özlərindən çox razıdırlar” deyə xalq artisti Firəngiz Əlizadə bildirib.
Link kopyalandı!
Son xəbərlər