Ekskluziv
653
19 Nov 2024 | 21:41

"Ukrayna, Yaxın Şərq, iqlim və aclıq": G20 sammitində yekun Bəyanat qəbul edilib

"Sammit iştirakçıları Rusiyanın təcavüzünü birbaşa pisləmədən Ukraynada sülhə çağırış edib..."
 
Noyabrın 18-19-da Braziliyanın Rio-de-Janeyro şəhərində Müasir İncəsənət Muzeyinin binasında G20 sammiti keçirilib. Görüşün yekunlarına dair Bəyanat qəbul edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Görüş iştirakçıları bir sıra  beynəlxalq çağırışları-Ukraynada müharibə, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi, iqlim və aclıq problemlərini müzakirə edib.
 
G20 ölkə nümayəndələri Rusiyanın təcavüzünü birbaşa pisləmədən Ukraynada sülhə çağırış edib. Sammitin başlıca nəticəsi aclıq və yoxsulluqla mübarizə üzrə Alyansın yaradılması olub.
 
Ukraynada müharibə
 
G20 sammitində xüsusilə Vaşinqtonun Ukraynaya ATACMS ballistik taktiki raketlərlə Rusiya ərazisinə zərbələr endirməyə icazə verməsindən sonra Ukraynada müharibəyə mühüm yer verilib. 
 
İlk plenar iclasında ABŞ prezidenti Co Bayden G20 ölkələrinə Ukraynanın suverenliyinə dəstək verməyə çağırış edib. Rusiya prezidenti Vladimir Putin sammitə qatılmayıb, Rusiyanı XİN rəhbəri Sergey Lavrov təmsil edib.
 
Sammit iştirakçıları yekun sənəddə BMT Nizamnaməsinin prinsiplərini, o cümlədən səylərin millətlər arasında dinc, dostcasına və mehriban qonşuluq münasibətlərinin dəstəklənməsinə yönəldilməli olduğunu xatırladıb.
 
Sənəddə həmçinin ərazilərin zəbt edilməsi üçün təhdid və ya güc tətbiq edilməsi pislənilib, lakin Rusiya təcavüzü birbaşa xatırlanmayıb. Fransa prezidenti Emmanuel Makron qeyd edib ki, sammitin yekun bəyanatı daha konkret ola bilərdi.
 
Yaxın Şərqdə atəşkəs
 
G20 sammit iştirakçıları Qəzza və Livanda atəşkəsə yekdilliklə dəstək verib, mülki əhalinin müdafiəsinin gücləndirilməsi və humanitar yardımın artırılmasına çağırış edib.
 
"Biz Qəzza bölgəsində fəlakətli humanitar vəziyyət və Livanda münaqişənin eskalasiyasından dərin narahatlğımızı ifadə edərək, humanitar yardımın təxirə salınmadan artırılması və mülli əhalinin müdafiəsinin gücləndirilməsi zərurətini vurğulayırıq", - bəyanatda deyilir.
 
İqlim
 
G20 sammitinə iqlimlə bağlı danışıqlar nöqteyi-nəzərdən xüsusi ümidlər bəslənilib. Məsələ burasındadır ki, iqlim məsələlərinə dair Bakıda keçirilən COP-29 konfransında bir həftədən çox müddət ərzində iqlim dəyişikliyinə adaptasiyanın kimin maliyyələşdirilməli olduğu barədə zəngin və inkişaf etməkdə olan ölkələr arasında hələ də razılıq əldə olunmayıb. 
 
G20 ölkə liderlərinin  danışıqların dalandan çıxara biləcəyi ilə bağlı ümidlər olub, BMT baş katibi Antoniu Quterriş bu məqsədlə onları noyabrın 17-də liderlik nümayiş etdirərək güzəştlərə getməyə çağırış edib.
 
Yekun Bəyanatda G20 ölkə liderləri iqlim maliyyələşdirməsinin bir trilyon dollara çatdırılmasının zəruriliyini etiraf edib. Bu zaman kimin bu maliyyələşmənin artırılması üzrə öhdəlikləri öz üzərinə götürməsi qeyd edilməyib.
 
Yekun bəyanatında ötən il Dubayda keçirilən COP konfransında "energetika sistemlərində çıxarılan yanacaqdan imtina edilməsinə ədalətli, nizamlı və bərabərhüquqlu keçid" barədə öhdəlik yazılmayıb.
 
Aclıq və yoxsulluqla mübarizə üzrə Alyans
 
G20 sammitinin başlıca sosial təşəbbüsü aclıq və yoxsulluqla mübarizə üçün qlobal ittifaqın yaradılması olub. Bu barədə sammitin açılışı zamanı Braziliya prezidenti Lula da Silva anons edib.
 
Aclıqla mübarizə G20 sammitində sədrlik edən Braziliyanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Alyansın yaradılması ideyası 82 ölkə tərəfindən dəstəklənib.
Link kopyalandı!
Son xəbərlər