“O bildirdi ki, demokratiya yoxdur, xalq seçmir, namizədləri partiya öncədən özü müəyyənləşdirir…”
Ekskluziv
4298
19 Nov 2024 | 18:29

“O bildirdi ki, demokratiya yoxdur, xalq seçmir, namizədləri partiya öncədən özü müəyyənləşdirir…”

“Qarşınıza Azərbaycanı Sovet ittifaqından ayırmaq, “Müstəqil Milli Respublika" yaratmağı qoymusunuz. Bu istiqamətdə siz antisovet millətçi  fəaliyyət göstərmisiniz. Özünü günahkar hesab edirsənmi? Cavab:Bəli”.
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...              
 
“Şərqşünaslıq.Tələbə:Zeynalov Hacı 
 
(Əvvəli burada:)
 
“19 noyabr 1948-ci ildə altıncı istintaq olmuşdur.  
 
Müstəntiq H.Zeynalovdan 1943-1944-cü illərdə tələbələrin içərisində antisovet millətçi görüşlərin meydana gəlməsinin səbəbini soruşub. H.Zeynalov Gülhüseyn  Abdullayevin ona Azərbaycan dilinə çoxlu xarici sözlər daxil edilməsi səbəbindən dilin korlandırılmasından, azərbaycanlıların vəzifələrə irəli çəkilməməsindən, sıxışdırılmasından, Azərbaycan dili və ədəbiyyatının dilinin korlanmasına görə inkişaf edə bilməməsindən, öz ədəbi gözəlliyini itirməsindən danışıb və o da bu fikirlərlə razılaşıb. 
 
“...O istedadlı ədəbi gənclik olmasına baxmayaraq onların sıxışdırılmasından, gənc milli ruhlu kadrların irəli çəkilməməsindən söhbət açdı. Bildirdi ki, bunların hamısının günahı sovet hakimiyyətidir. Bundan başqa  o bildirdi ki, necə razılaşmaq olar ki, Ermənistanda erməni, Gürcüstanda gürcü əlifbası olduğu halda, Azərbaycanda rus əlifbası olsun. Bir dənə cəsur, ürəkli, kişi adam tapılmır ki, Azərbaycan millətinin müdafiəsinə qalxsın. Ona görə Azərbaycan orfoqrafiyasını dəyişirlər və bu günə qədər təsdiq etməyiblər.  
 
G.Abdullayevin bütün bu antisovet millətçi fikirləri ilə tam razılaşdım. O, mənim onunla həmfikir olduğumu görüb Bakı şəhərində olan antisovet millətçi gənclər təşkilatının mövcud olması barədə danışdı. Məni onlarla tanış etdi.”
 
Belə cavabdan sonra müstəntiq yenidən H.Zeynalovdan hansı yığıncaqda, bu təşkilata necə üzv olmasını soruşur. O isə bu suala əvvəlki ifadələrindəki cavabı demək olar ki, təkrar edir. Ondan soruşulan növbəti sual təşkilata daxil olarkən antisovet millətçi işlərinə sadiq qalmaları haqqında and içib içmədiyini, andın mətnini tam bilib bilmədiyi olur. O, bəli cavabını verib andın tam mətnini sözbəsöz yadında saxlamasa da aşağıdakı sözləri dəqiq xatırladığını deyir: “And olsun Vətənə, duza və çörəyə mən sonadək öz yoldaşlarıma sədaqətli olacam”.
Yeddinci, növbəti istintaq 01 dekabr 1948-ci ildə həyata keçirilmişdir. Müstəntiq ondan antisovet tapşırıqları və rəhbər göstərişləri kimdən aldığını soruşur. O, İ.Rəhimov və G.Abdullayevin adlarını çəkib.
 
Bundan sonra verilən sual ilk baxışdan adi görünsə də əslində ciddi bir sonu ola bilərdi. 
 
“İ.Rəhimov və G.Abdullayevdən soruşdunuzmu ki, onlar göstərişi kimdən alıblar. Cavab: Xeyir”. 
Göründüyü kimi, əslində müstəntiq işin istiqamətini Səməd Vurğuna doğru yönəltməyə cəhd etmişdi. Lakin verilən cavab bu işin yarımçıq qalmasına səbəb olmuşdu.
 
Müstəntiq H.Zeynalovdan ADU-nun 1940-cı illərin əvvəllərində tələbəsi olmuş, sonradan antisovet fəaliyyətə görə xaric edilmiş İslam İbrahimov haqında nə bildiyini soruşub. O, heç nə bilmədiyini deyir. Bu dəfə müstəntiq sualı başqa formada verir: “Sual: 1941-1942-ci illərdə fəaliyyət göstərmiş antisovet gənclər təşkilatı haqqında nə bilirsiniz? Cavab: Şəxsən mən o təşkilat haqqında heç nə bilmirəm. Ancaq İ.Rəhimovla söhbətlərdə o mənə belə bir təşkilatın mövcud olması, onun XDİK tərəfindən ləğv edilməsindən danışıb, ancaq ad çəkməyib”.
 
İki günlük fasilədən sonra, 23 dekabr 1948-ci ildə, saat 20:00-da səkkizinci istintaq olmuşdur. 
 
Müstəntiq H.Zeynalovdan antisovet görüşdə olduğu bütün yoldaşları haqqında məlumat vermədiyini söyləyib, digərləri barədə də həqiqəti deməyi tələb edir. Cavabında o göstərir ki, onun evində 1943-cü ildə hansı ayda baş verdiyini yaddan çıxardığı yığıncaqların birində “...G.Abdullayev mənimlə söhbətində bildirdi ki, Rzayev Kamil Əbdülbağı oğlu təşkilatın üzvüdür. Sovet Ordusu sıralarındadır. Onunla G.Abdullayev yazılı-məktub vasitəsilə əlaqə saxlayır”. 
 
Verilən suala cavab olaraq o, K.Rzayevi əvvəldən 132 saylı məktəbdə birgə oxuduqları vaxtdan tanıdığını söyləyir. Göstərir ki, G.Abdullayev də bu məktəbdə oxuyub. O, qeyd edir ki, K.Rzayevlə dostluq əlaqəsi olub, bir-birinin evinə gedib-gəliblər. O, 1942-ci ildə G.Abdullayev, K.Əliyev və K.Rzayevin qohumu ilə birlikdə onu hərbi xidmətə yola salmaları, birgə şəkil çəkdirmələri barədə də məlumat verir. 
 
“Sual: Bu şəkil indi hardadır? Cavab: Həbs olunduğum vaxt bu şəkil də digər sənədlər kimi müsadirə olunub”.
 
Maraqlıdır ki, evdə axtarış aparılması haqındakı protokolda bu barədə heç nə yazılmayıb. Həmçinin şəklə də istintaq materialları arasında rast gəlmədik.  
 
Müstəntiq Zeynalovdan bu şəkli çəkdirdikləri vaxt K.Rzayevin antisovet təşkilatın üzvü olduğunu bilib bilmədiyini soruşub. O, şəkli çəkdirdikləri vaxt bu barədə məlumatsız olduğunu bildirir. Müstəntiq  ondan G.Abdullayev bunu ona söyləyərkən yanlarında kimi olduğunu soruşub. 
 
“Cavab: Əvvəllər də göstərdiyim kimi G.Abdullayev yığıncaqda şəxsi söhbət zamanı  mənə söylədi. Amma mənə elə gəlir ki, İ.Rəhimov və K.Əliyev də bilirdi ki, K.Rzayev təşkilatın üzvüdür”.
 
O, verilən suala cavab olaraq K.Rzayevin 1947-ci ilin yazında Sovet Ordusu sıralarından qayıtdığını, onunla görüşdüyünü söyləyib. Bu görüşdə K.Rzayevin ona o dövrdə Böyük Vətən müharibəsi adlandırılan müharibədəki döyüş yollarından, “Qırmızı Ulduz” ordeni almasından danışdığını göstərir. 
 
“Sual: Ona dedinizmi ki, G.Abdullayev onun təşkilatın üzvü olduğunu sənə deyib?”
 
O, bu barədə aralarında söhbət olmadığını bildirir. Verilən suala cavab olaraq H.Zeynalov K.Rzayev hərbi xidmətdən qayıtdıqdan sonra G.Abdullayevlə A.Ələsgərovun da onun görüşünə getdiyini bildirir. Çox maraqlı cavablardan biri müstəntiqin “...antisovet əlaqələrin barədə danışığı davam etdirin” sualından sonra olub. 
 
“Cavab: 1944-cü ildə M. Abdullayev məni ADU-nun Şərq fakültəsinin tələbəsi Oqtay Əfəndiyevlə tanış etdi. M. Abdullayev onu antisovet millətçi dünyagörüşünə malik adam kimi xarakterizə edib məndən məsləhət istədi ki, məqsədəuyğundursa onu təşkilata cəlb edək.  Mən ona Əfəndiyevi yaxşı tanımadığımı və ona görə  bir söz deyə bilməyəcəyimi söylədim. Sual: Təşkilat sizə və M. Abdullayevə Oqtay Əfəndiyevi təşkilata cəlb etmək barədə tapşırıq veribmi? Cavab: Mənə belə bir tapşırıq verilməyib. M. Abdullayevə belə bir  tapşırıq verilib-verilmədiyini isə bilmirəm”.
 Bununla da, istintaq gecə yarısı saat 24:00-da qurtarır.
 
Ertəsi gün saat 11:00-da növbəti, doqquzuncu  istintaq başlayır.
Müstəntiq yenidən Oqtay Əfəndiyev məsələsinin üstünə gəlir və ondan soruşur ki, bu şəxsin evində neçə dəfə və nə vaxt olub? O, cavabında bildirir ki, 1944-cü ilin əvvəllərində M.Abdullayevlə birlikdə iki dəfə O.Əfəndiyevin evində olub.
 
“Bir dəfə onun evində yeni il münasibəti ilə olmuşuq. Onda orada aşağıdakılar iştirak edirdi: O. Əfəndiyev, mən. Bundan başqa M.Abdullayev və O.Əfəndiyevin dostu, şərqşünaslıq fakültəsinin tələbəsi, soyadı və atasının adını unutmuşam Qasım. Ikinci dəfə M.Abdullayevlə birlikdə adi gündə onlara getmişik. Orada söhbətimiz ümumi xarakter daşıdı. Sual: M.Abdullayevlə O.Əfəndiyevi antisovet təşkilata cəlb etmək üçün danışıb razılaşmışdınızmı?  Cavab: Xeyr. Bir dəfə mən M.Abdullayevdən xahiş etdim ki, O.Əfəndiyevlə mənim iştirakım olanda antisovet söhbətləri aparmasın ki, o mənim təşkilatın üzvü olmağımdan şübhələnməsin. Sual: M.Abdullayev onu antisovet təşkilata cəlb etdimi? Cavab: Bilmirəm”.
 
Müstəntiq bundan sonra O.Əfəndiyevin ev ünvanını və onunla sonuncu dəfə nə zaman görüşdüyünü soruşub. H.Zeynalov O.Əfəndiyevlə sonuncu dəfə 1946-cı ilin yayında onun Moskvadan gəlməsi münasibətilə  M. Abdullayevlə onlara getdiyi vaxt görüşdüyünü bildirərək söyləyib ki, həmin vaxt O. Əfəndiyev Moskvada Şərqşünaslıq İnstitutunda təhsilini davam etdirirdi. 
 
Növbəti sual təşkilatda ondan başqa kimlərin O.Əfəndiyevi tanıması ilə bağlı olub. O, İsmixan Rəhimovun adını çəkib. 
 
“Sual: İ.Rəhimov O.Əfəndiyevin M.Abdullayev tərəfindən təşkilata cəlb edildiyini bildirdimi? Cavab: Dəqiq bilmirəm. Ola bilər ki, o, İ.Rəhimova O.Əfəndiyevi təşkilata cəlb etmək üçün hazırladığını söyləsin”. 
O.Əfəndiyev məsələsindən sonra müstəntiq H.Zeynalovdan M.Abdullayevin başqa daha kimləri antisovet təşkilata cəlb etdiyini soruşub. 
 
“Cavab: Dəqiq tarix yadımda deyil. 1943-1944-cü illərdə M.Abdullayev mənə və İ.Rəhimova söylədi iki, o, Gədəbəy rayonunda olub. Orada Vahid Qaraqoyunlu adlı bir şəxslə görüşüb. O dedi: ...Vahid Qaraqoyunlu antisovet əhval-ruhiyyədədir. Atası kolxozda işləyir, çox imkanlı adamdır. Əgər biz onu təşkilata qəbul etsək, onda Vahid bizim təşkilata pul cəhətdən, maddi yardım baxımından kömək edə bilər. Mən və İ.Rəhimov bununla razılaşdıq ki, onu təşkilata cəlb etmək lazımdır”.
 
H.Zeynalova növbəti sual onun M.Abdullayevə V.Qaraqoyunlunu təşkilata qəbul etmək üçün hazırlamağı tapşırmışdınızmı? olur. O özünün belə tapşırıq vermədiyini, ola bilər ki, İ.Rəhimovun M. Abdullayevə dediyini bildirir. 
 
15:30-da qurtaran istintaqda H.Zeynalova verilən suala cavabda o V.Qaraqoyunlunu heç bir vaxt görmədiyini bildirir. 
 
28 dekabr 1948-ci ildə saat 21:00 –da istintaq davam etmişdir. 
 
Müstəntiqin ilk sualı BDU-nun filologiya fakültəsində oxumuş, dövlətin nəzərində antisovet kimi qəbul edilən İslam İbrahimovu tanıyıb-tanımaması ilə bağlı olub. O, bu adamı şəxsən tanımadığını, ancaq onun BDU-nun filologiya fakültəsini bitirdiyini eşidib. Bu adamı ondan əvvəl filologiyanı bitirən İ.Rəhimov, G.Abdullayevin tanıdığını bildirir. İ.Rəhimov, G.Abdullayevin İ.İbrahimov  haqqında ona nələr deməsi də müstəntiqi maraqlandıran məsələlərdən biri olub. Lakin o gözlədiyi cavabı almayıb.
 
Müstəntiq H.Zeynalovdan əlaqəsi olan, tanıdığı adamlardan kimlərin antisovet millətçi dünyagörüşə malik olduğunu soruşub. 
 
“Cavab: Mənim orta məktəb yoldaşım Zeynalov Hidayət Ələkbər oğlu antisovet millətçi ruhda idi. Onun doğma qardaşı Əsəd Zeynalov XDİK tərəfindən antisovet fəaliyyətə görə həbs edilmişdir. Cəzasını çəkdi və geri qayıtdı. 1946 - 1947-ci ildə mən onu Hidayət Zeynalovun evində gördüm. Biz - mən, Azər Ələsgərov, Hidayət Zeynalov dərsə hazırlaşırdıq.” 
 
O, Ə.Zeynalovun həbsi haqqında əvvəllər ona heç nə danışılmadığını söyləsə də, müstəntiq Ə.Zeynalovun hansı antisovet sözləri, hərəkətləri sənə məlumdur sualına  verdiyi cavab bunun doğru olmadığını göstərir.
 
“Cavab: Azərbaycanlı gənc kadrları irəli çəkmirlər, onları sıxışdırırlar, Azərbaycan ədəbiyyatı inkişaf etmir. Bu zaman o öz qardaşı, Moskvada institutu qurtarıb Bakıya dönən Məcid Zeynalovu misal çəkib söylədi ki, ona Bakıda iş vermirlər, hansısa rayona tullayıblar. Hidayət Zeynalov 1945, yaxud 1946-cı ildə xuliqanlıq üstündə ADU-dan xaric edildi. O, Maarif Nazirliyinin rəhbərlərindən narazı idi. ADU-da gənclər təşkilatına seçkilər keçiriləndə o, seçki haqqında antisovet sözlər söyləyib bildirdi ki, demokratiya yoxdur, xalq seçmir, namizədləri partiya rəhbərləri əvvəldən özü müəyyənləşdirir. 
 
Onun yaxın dostu, ADU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi Hacıağa Əliyev də bu mövqedə idi. Bu söhbətdə bizim antisovet təşkilatın üzvü Azər Ələsgərov də iştirak edirdi”. 
 
Müstəntiq Hacı Zeynalovdan “Hidayət Zeynalov və Hacıağa Əliyev antisovet təşkilatın üzvü olubmu?” sualına o, xeyir cavabını verib. Növbəti sual bu iki şəxsi təşkilatın başqa üzvlərindən kimin tanıması ilə bağlı olub. 
 
“Cavab: Hidayət Zeynalovu İ.Rəhimov, G.Abdullayev, K.Əliyev, A.Vahidov, K.Rzayev tanıyırdı. Hacıağa Əliyevi isə ancaq G.Abdullayev tanıyırdı”.  
Axşam saat 9-da başlayan istintaq gecə saat 24:00-da qurtarır.
Növbəti istintaq 18 yanvar 19:49-cu ildə sat 10:20-də olub.
 
Müstəntiq ondan evində axtarış zamanı tapılan yazı kitabçasındakı “İldırım”ın qardaşı Məmməd 23 fevral 1945-ci ildə həbs olunub, tezliklə azad edilib” sözünə aydınlıq gətirməsini, Məmmədin kimliyimi soruşub. H. Zeynalov həqiqətən belə bir qeydi yazdığını qəbul edib göstərir ki, bu G.Abdullayevin onlara gəlməsindən, başına gələnləri danışmasından sonra olub. 
 
“... O mənə bildirdi ki, onu polis, yoxsa rayon komissarı saxlamış və  sənədlərini yoxlamışdır. Bu söhbətdən sonra mən bu əhvalatı yaddaş kitabçama yazdım”. 
 
Müstəntiq nədən G.Abdullayevi Məmməd kimi qeyd etmisiniz, deyə soruşduqda o, bunu təşkilatda hər kəsin bir təxəllüsünün olması ilə əlaqəli olduğunu  bildirir. Bu cavab müstəntiqi qane etmədiyindən o, ikinci dəfə Məmmədin həqiqətdə kim olduğunu, təşkilatın üzvü olub-olmadığını soruşub. H.Zeynalov doğru danışdığını, gerçəkdə belə bir şəxsin olmadığını bildirir. 
 
Belə bir cavabdan sonra müstəntiq ondan soruşub ki, bu təşkilatda digər üzvlərin , o cümlədən onun özünün təxəllüsü nə olub. 
 
“Cavab: Təşkilat üzvləri məni “Alim”, A.Ələsgərovu “Keçəl”, M. Abdullayevi “Həkim”, A. Vahidovu “Vəli” adlandırırdı. Digərlərini xatırlamıram”.
 
Gündüz üçün yarısında bu istintaq yekunlaşıb.
 
İstintaqdakı ifadələri əsas götürən müstəntiq H.Zeynalova elan olunan ittihama 04 fevral 1949-cu ildə yenisini əlavə edən qərar qəbul edir.
 
DTN-in şöbə rəisi Padarov 05 fevral 1949-cu ildə qərarı təsdiq edir. Bu idarənin kapitan rütbəli əməkdaşının qəbul etdiyi qərarda deyilir: “... təqsirləndirilən  Zeynalov Hacı Həbib oğlunun 283 № li cinayət işinə baxaraq müəyyən etdim:
Əvvəllər Zeynalov Hacı Həbib oğluna elan edilmiş Azərbaycan SSR cm-nin 72-ci maddəsinin 2-ci hissəsi və 73-cü maddələrinə Azərbaycan SSR CM-nin 21-64-cü maddələri də əlavə edilsin. Bu barədə qəbz alınmaqla tanış olmaq üçün təqsirləndirilənə məlumat verilsin. Bu qərar Azərbaycan SSR Prokurorluğuna göndərilsin”. 
 
7 fevral 1949-cu il saat 11:00-da başlayan istintaq saat yarım çəkib. 
 
Müstəntiq H.Zeynalova cinayət işinə yeni maddələr əlavə edldiyini, onun məzmunu izah edir. O, təqsirləndirilənə bir sual verib onu iki dəfə təkrar edir və təsdiqləyici cavab alır.
 
“Sual: Sizə CM-nin 21-64-cü maddələri ilə ittiham elan olunub. Burada nəzərdə tutulur ki, antisovet dünyagörüş əsasında millətçi gənclər təşkilatına üzvlər cəlb etmisiniz. Qarşınıza Azərbaycanı Sovet ittifaqından ayırmaq, “Müstəqil Milli Respublika" yaratmağı qoymusunuz. Bu istiqamətdə siz antisovet millətçi  fəaliyyət göstərmisiniz. Özünü günahkar hesab edirsənmi? Cavab:Bəli”...”
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər