"BMT-nin prinsip və məqsədlərinə, beynəlxalq hüquqa, digər ölkələrə qarşı aqressiv məqsədlər güdən rejim BMT üzvü olmağa layiq deyil..."
İslam Əməkdaşlıq Təşkilatının iştirakçıları İsrailin BMT-də üzvlüyünün dayandırılmasına yönələn tədbirlər görür.
Moderator.az xəbər verir ki, bu barədə İran XİN rəsmi nümayəndəsi İsmayıl Baqai bəyan edib. Məlumatı "tass.ru" agentliyi yayıb.
"BMT-nin prinsip və məqsədlərinə, beynəlxalq hüquqa və dinc yanaşı yaşamağa inanmayan, digər ölkələrə qarşı aqressiv məqsədlər güdən rejim beynəlxalq təsisatların, o cümlədən BMT-nin iştirakçısı statusuna layiq deyil", - iranlı diplomat deyib.
"İslam Əməkdaşlıq Təşkilatı artıq bir müddətdir ki, sionist rejimin BMT-dən çıxarılmasına yönələn addımlar atır", - o, məlumat verib.
Baqai belə bəyanatla Tehranda həftəlik brifinqdə İranın "İrna" agentliyi müxbirinin İsrail nümayəndə heyətinin Bakıda COP-29 iqlim sammitində iştirakı ilə bağlı sualı cavablandırarkən çıxış edib.
İran XİN spikeri İsrail tərəfindən İranın nüvə obyektlərinə təhlükələrdən də danışıb.
"BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi həmçinin sionist rejimin BMT-də üzvlüyünə qarşı ölkələrin kollektiv şəkildə çıxış etməsini tələb edib və bu məntiqdən çıxış edərək belə rejimlərin müxtəlif məsələlər və problemlərin həll edildiyi beynəlxalq təşkilatlarda iştirakına zərurət olmadığını vurğulayıb. Biz digər ölkələrin bu kampaniyaya qoşulmasını alqışlayırıq", - o, deyib.
O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 533 saylı qətnaməsində "İranın nüvə obyektlərinə qarşı istənilən təhdidlər və ya zor tətbiq edilməsi" qadağan edilir və belə hallarda BMT Təhlükəsizlik Şurasının müdaxilə etməyə borclu olduğu birbaşa deyilir.
"Bu məsələlərdə BMT Təhlükəsizlik Şurası qətiyyətli mövqe sərgiləməli və bu, hüquqi aspektdir, - o, vurğulayıb. - Siyasi cəhətdən bizim region sionist rejiminin qanunsuz yanaşmasından yaxşı xəbərdardır".