"ABŞ-ın təklifinə əsasən, İsrail qoşunları Cənubi Livandan çıxarılmalı, bu bölgə BMT qüvvələrinin dəstəyi ilə Livan ordusunun nəzarətinə keçməlidir..."
Livan hökuməti ABŞ-ın atəşkəslə bağlı təklifinə cavabını Amerikanın Beyrutdakı səfirliyinə göndərib və cavab müsbətdir.
Moderator.az xəbər verir ki, bu barədə "Livan Yayım Korporasiyası" (LBI) məlumat verib. Məlumatı "vesty.co.il" nəşri yayıb.
Xatırladaq ki, noyabrın 15-də "Reuters" agentliyi məlumat verib ki, Livan parlamentinin spikeri, "Hizbullah"ın müttəfiqi və danışıqlarda ənənəvi vasitəçi olan Nəbih Berri Amerikanın Beyrutdakı səfirindən İsrail ilə münaqişənin nizamlanması barədə sazişin layihəsini əldə edib.
Bu sənəd 13 bəddən ibarətdir və İsrail qoşunlarının çıxarılmasından sonra cənub rayonların BMT-nin Livandakı müvəqqəti qüvvələrinin dəstəyi ilə Livan ordusunun nəzarətinə keçməsini nəzərdə tutur.
Livan Yayım Korporasiyasının məlumatında deyilir ki, Livan ABŞ-ın xüsusi elçisi Amos Xoxşteynin son detalların razılaşdırılması üçün regiona səfərini gözləyir.
Xoxşteyn Beyruta noyabrın 19-a səfər edəcək. Onun Yaxın Şərqə indiki səfəri tərəflərin sülh müqaviləsinin imzalanması və onun şərtlərinə əməl edilməsinə hazır olmasının siqnalı və əlaməti olacaq.
Xoxşteynin noyabrın 19-da Beyruta səfər edəcəyi barədə həmçinin "Əl-Ərəbiyyə" telekanalı diplomatik mənbələrə isrinadən məlumat verib.
Onların sözlərinə görə, Beyruta səfərindən sonra ABŞ-ın xüsusi elçisi Livanın Birləşmiş Ştatların atəşkəs təklifinə cavabını İsrailə ötürmək üçün Qüdsə yollanacaq. Əgər o, birbaşa ABŞ-a yollanacaqsa, deməli, razılaşma əldə olunmayıb.
Telekanalın məlumatına görə, "Hizbullah" hələ bu təklifə birmənalı cavab verməyib, hərçənd, İran atəşkəsin əleyhinə deyil. İsrail ona istinad edir ki, İran Livan hökumətinin saziş əldə edilməsi cəhdlərinə qarşı deyil.
"Tehran hazırkı məqamda dərinə getmək istəmir, uzaq hədəflərə köklənərək oyun oynayır və hesab edir ki, bu mərhələdə sazişə mane olmaq üçün səbəblər yoxdur", - mənbələr qeyd edib.
"Hizbullah" Amerikanın təklifinin istənilən sazişin təməlini təşkil etdiyini hesab edir, lakin əlavə müzakirəni tələb edir. Livan tərəfinin dəyərləndirmələrinə görə, "atəşkəs sazişinin mətni yaxşıdır, lakin İsrail müharibədən qalib çıxır, ona görə də bu bənd və onunla bağlı olanlar qəbul edilməyəcək".
Bundan öncə məlumat verilib ki, Amerikanın atəşkəslə bağlı saziş layihəsinə görə, İsrail öz qoşunlarını Cənubi Livandan çıxarmalı, Livan hökuməti isə öz ərazisində qanunsuz silahlı birləşmələrinin fəaliyyətinin və qaçaqmalçılıq yolu ilə onlara silah tədarükünün qarşısının alınması üzrə öz üzərinə öhdəliklər götürəcək.