“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” 
Ekskluziv
967
15:00, Bu gün

“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” 

“Məlum qanunu “parlament”dən keçirməklə Rusiya çalışırdı ki, Abxaziyanı  iqtisadi cəhətdən ilhaq eləsin və onu öz oliqarxlarına təhvil versin. Görünür ki, yerli oliqarxiya bununla hesablaşmayaraq belə bir prosesə start verdi. Yəni bu variantlardan, ehtimallardan biridir.  İkinci ehtimal odur ki...”
 
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
 
Görəsən, son günlər Abxaziyada baş verənlərin mahiyyətini necə izah etmək olar?  Rusiya kəşfiyyatı əsasən bu imperiyanın nəzarətində olan, hətta “müstəqilliyi” Kreml tərəfindən tanınmış  bu qondarma qurum ərazisində belə kütləvi etirazlara niyə imkan verib? Nə əcəb, “FSB” öncədən bu etirazların qarşısını almayıb? Bu proseslər hansısa xarici güclər tərəfindən körüklənibsə, hansı istiqamətə aparır?.. 
 
“Abxaziyada baş verənlərin arxasında nəyin dayandığını və ümumiyyətlə, nə baş verdiyini söyləmək çətindir. Birincisi, ona görə ki, Abxaziya kifayət qədər qapalı bir regiondur və Rusiya üçün yetərincə strateji bir regiondur. Xüsusən də nəzərə alsaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində  başlanan savaşda Rusiya Qara dəniz hövzəsində çox ciddi mövqelərini itirməkdədir.  Yəni artıq Qara Dəniz donanması qüvvələrinin dislokasiya olunduğu istər Krım, istərsə də Novorossiysk limanları təhlükəsiz deyil. Odur ki, bu baxımdan da Moskva üçün Abxaziya xüsusi önəm kəsb edir. Elə bu səbəbdən də Rusiya Gürcüstanın digər əsas ərazisi ilə həmsərhəd Oçamçiri şəhərində yeni hərbi dəniz donanması yaradır...  
 
Belə olduğu halda Abxaziyadakı məlum hadisələrin baş verməsi nə ilə izah oluna bilər? Burada bir neçə mümkün səbəb var? Mümkün səbəblərdən biri Abxaziyadakı daxili-siyasi və iqtisadi durumla bağlıdır. Bölgədə iqtisadi vəziyyət çox çətindir. Rusiyanın anneksiyası və formal olaraq Abxaziyanın “müstəqilliyi”ni tanınması onu bütün dünyadan təcrid edib və yerli əhali də bunun əziyyətini çəkir.  Və mən deməzdim ki, abxazların özlərinin, eləcə də orada yaşayan digər xalqların, hətta ermənilərin belə, Rusiyaya böyük simpatiyası var. Mən özüm Abxaziyada olmuşam. Təxminən 15-16 il il bundan öncə bir beynəlxalq işçi qrupun tərkibində... Və insanlarla söhbət etmişəm, Abxaziyanın o zamankı rəhbərliyi ilə görüşlərdə iştirak etmişəm. Görmüşəm ki, vəziyyətdən razı deyillər. Vəziyyətin belə olmasının da bir  əsas səbəbkarı var – bu da Rusiyadır. Təbii ki, Gürcüstanın da rolu var. Çünki Gürcüstanla da hər hansı bir şəkildə birgə mövcudluğu təmin etmək üçün dil tapa bilmirlər. Belə olduğu şəraitdə “Abxaziya əhalisində yaranmış narazılıqdan kim istifadə etdi” sualı, deyərdim ki, ən aktual suala çevrilir. Aydın məsələdir ki, bu siyasi aksiyanın arxasında hansısa  ya daxili, ya xarici, yaxud hibrid bir güc dayanıb. Bu daxildəki müəyyən klanlar da ola bilər. Çünki məlum qanunu “parlament”dən keçirməklə Rusiya çalışırdı ki, Abxaziyanı  iqtisadi cəhətdən ilhaq eləsin və onu öz oliqarxlarına təhvil versin. Görünür ki, yerli oliqarxiya bununla hesablaşmayaraq belə bir prosesə start verdi. Yəni bu variantlardan, ehtimallardan biridir...  
 
İkinci ehtimal odur ki, Abxaziyadakı gərginliyə səbəb Rusiyanın daxilində gedən çəkişmədir. Və həmin çəkişmənin fəsadları özünü bir sıra başqa bölgələrdə, xüsusən də Şimali Qafqazın başqa bölgələrində, məsələn,  Çeçenistan və Dağıstan, Çeçenistan və İnquşetiya liderləri arasında olan qarşıdurmada da göstərir... Və ümumiyyətlə, Rusiyanın işğalçı müharibəsi bütün bu yaraların üzə çıxmasına yol açdı. Ola bilsin ki, onlardan biri də Abxaziyadır...  
 
Üçüncü səbəb xarici faktordur. Xarici faktor mümkündürmü? Əlbəttə, mümkündür. Abxaziyanın qapalı bir məkan olmasına baxmayaraq... Amma mən deyim ki, hələ o zaman bölgəyə səfər edərkən orada çox maraqlı bir faktla üzləşdim. Abxaziyada çoxsaylı türk biznes qurumları fəaliyyət göstərir. Və onların başında duranların əksəriyyəti abxaz mənşəli türklərdir. Hətta o zaman Abxaziya rəsmiləri də mənə söylədilər ki, hazırda abxaz xalqının yarıdan çoxu Türkiyədə yaşayır. Onlar zaman-zaman təqib olunub, qaçmağa məcbur edilib, deportasiya olunub və nəticədə çoxu Türkiyədə məskunlaşıblar. İndi həmin abxaz mənşəli türkiyəlilər geri qayıdır və Abxaziyada iş, biznes qururlar. Ola bilər ki, son proseslərə onların da təsiri olsun. Hər bir halda burada geo-siyasi faktoru istisna etmək olmaz.  Çünki Rusiyanın cənuba can atdığı bir vaxtda onun Cənubi Qafqaza  keçən iki mühüm yolundan biridir. Həmin yollardan biri Dağıstan və Çeçenistan üzərindən gedir. Digəri isə Abxaziya və Gürcüstan üzərindən keçir. Görünən odur ki, həm Gürcüstandakı gərginlik, həm də ardınca Abxaziyadakı qarşıdurma mümkün geo-siyasi faktorun rolundan xəbər verir, bu da başqa bir ehtimaldır. Hər bir halda mənzərə tam aydın deyildir. Daxildə destablizasiya var və görünən odur ki, o destablizasiya ən azı yaxın zamanda asanlıqla aradan qaldırılmayacaqdır. Hətta aradan qaldırılsa belə,  müəyyən dövrdən sonra o bir daha qabaracaq... 
 
Bəs Rusiya daxilindəki hər hansı bir xarici faktor belə bir prosesə təkan verə bilərdimi? Söhbət Rusiyanın istəyindən yox, onun imkanlarından gedir. Biz gördük ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi bu dövlətin daxilində nə qədər ciddi problemlərin olduğunu üzə çıxardı. Əslində onlar belə də görünürdü. Amma indi bütün çılpaqlığıyla göründü. Göründü ki, Rusiyanın nə ordusu deyilən səviyyədədir, nə onun xüsusi xidmət orqanları barələrində yanlış təsəvvür yaradıldığı qədərdir. Bəlli oldu ki, Rusiyada idarəetmə bərbad vəziyyətdədir, iqtisadiyyatı, hərbi sənayesi, hər şeyi çox acınacaqlı durumdadır. Bu da təbiidir, korrupsiyalaşmış, kriminallaşmış bir dövlət başqa cür ola bilməz. Ona görə də mən heç bir faktoru, heç bir səbəbi istisna etmirəm. O cümlədən də istisna etmirəm ki, abxazlar ilk növbədə Rusiyadan canlarını qurtarmağa çalışırlar. Sadəcə olaraq onların seçim imkanı yoxdur. Abxaziya dünyada tanınmır. Onun sakinləri yalnız Rusiya pasportu ilə hansısa xarici ölkəyə səfər edə bilirlər. Onların hansısa biznes qurmaq imkanı yoxdur, çünki Abxaziya faktiki olaraq qeyri-qanuni ərazi elan edilib. Bir sözlə, gördüyümüz kimi, belə bir dalan vəziyyət yaranıb və abxazlar oradan çıxmağa çalışır. Belə bir versiya da mövcuddur ki, guya Rusiya Abxaziyanı Gürcüstana qaytarmaqla Gürcüstanı da bütövlükdə öz nəzarətinə qaytarmağa çalışır. Düzünü deyim ki, bu bir az konspiroloji versiyaya oxşayır. Çünki Abxaziyanı Gürcüstana qaytardıqdan sonra Gürcüstan Rusiyadan uzaqlaşarsa, o halda Moskva iki problemlə üzləşə bilər: həm Abxaziya, həm də Gürcüstan problemi ilə... Ona görə də Rusiyanın belə bir nəticəyə ümid edəcəyi inandırıcı görünmür. Bir çoxları bu halda Azərbaycanın Qarabağı işğaldan azad etməsi ilə paralel aparırlar. Mən düşünmürəm ki, torpaqlarımızın azad edilməsində Rusiyanın müstəsna rolu olub. Mən heç vaxt belə etməmişəm, bu gün də elə hesab etmirəm. Sadəcə Kreml bu prosesdən maksimal dərəcədə faydalanmağa çalışdı, lakin son nəticədə heç nəyə nail ola bilmədi. Əlbəttə, Rusiyanın Azərbaycana təsiri artdı. Bu, faktdır. Lakin Rusiya “Azərbaycanı götürdü” və yaxud “Azərbaycanı nəzarətə aldı” demək politoloji təhlil baxımından bir qədər qeyri-ciddi səslənir. Eyni şeyi də əhalisinin böyük bir hissəsi passionar və aktiv olan, Avropaya meyilli olan Gürcüstan haqda demək? Bilmirəm, Rusiya belə bir sadəlöhv plan qura bilərmi? Yəni mən bu varianta ən az ehtimal olunan bir varinat kimi yanaşardım...”
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər