Ekskluziv
465
13:19, Bu gün

"Baydenin qərarı Ukrayna üçün ümidvericidir, amma gecikmiş ola bilər" - BBC

 
"Bu qərar Kreml hakimini Şimali Koreyadan yeni hərbçiləri cəlb etməkdən çəkindirəcək..."
 
Bayden Ukraynaya Rusiya ərazisinə zərbə endirməyə icazə verib, Trampın oğlu qəzəblənib...
 
ABŞ prezidenti Co Bayden özünün prezidentlik müddətinin sonunda Kiyevin Rusiya ərazisinə ATACMS ballistik taktiki raketlərlə zərbə endirilməsinə qadağanı aradan götürüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
İlk öncə bu məlumatı "The New York Times" və "The Washington Post" qəzetləri, daha sonra isə CNN və BBC-nin ABŞ-dakı tərəfdaşı CBS teleşirkətləri yayıb.
 
Məlumatda deyilir ki, Bayden Şimali Koreya hərbçilərinin Rusiyanın Kursk vilayətinə yardım üçün göndərilməsinə cavab olaraq bu qərarı verib.
 
ATACMS (Army Tactical Missle System) o cümlədən HIMARS qurğularından buraxılan taktiki ballistik raketlərdir. Onların müxtəlif modifikasiyalarının uçuş məsafəsi müxtəlifdir, maksimal olaraq 190 mil, yəni 305 km təşkil edir.
 
İndiyədək Vaşinqton öz raketlərilə Rusiya ərazisinə zərbələrə icazə vermədiyini eskalasiyadan ehtiyat etməsi ilə izah edib. ABŞ və NATO-nun digər ölkələri Rusiyanın buna, məsələn, onların ərazilərində diversiyalarla cavab verəcəyindən ehtiyat edib.
 
Bu narahatlıq hələ də qalmaqdadır, ona görə də Baydenin icazəsilə raketlərin tətbiqinin nəticələri "konkret və məhdud olacaq".
 
Karnegi Fondunun hərbi eksperti Maykl Kofman deyib ki, bu qərar ukraynalılara Kursk vilayətini daha inamla müdafiə etməyə imkan verəcək. 
 
Bir çox hərbi ekspertlər hesab edir ki, Baydenin bu qərarı müharibədə dönüş yaratmayacaq, hərçənd, Ukraynaya müdafiədə kömək edəcək.
 
Politoloq Samuel Ramani "The Telegraph" nəşrində yazıb ki, ATACMS raketlərinin Kursk vilayəti ərazisində tətbiq edilməsi Ukrayna Silahlı Qüvvələri üçün vəziyyəti yaxşılaşdıracaq, həmçinin Kreml hakimini KXDR-dən yeni hərbçiləri cəlb etməkdən çəkindirəcək.
 
İndi Ukrayna Kursk vilayətində "Xalino" hərbi aviasiya bazasına müntəzəm olaraq zərbələr endirə biləcək. Bundan başqa, işğalçılar bombardmanlar üçün istifadə edilən təyyarələrin 90 faizini uzaqlarda yerləşdirib.
 
ATACMS raketlərinin çatacağı hədəfdə 17 aviasiya bazası və 250 iri hərbi obyekt qalır. Hələlik ABŞ-ın bundan uzaqlara zərbə vurmağa icazə verəcəyi bəlli deyil.
 
"Trampın andiçmə mərasimi yaxınlaşdıqca ABŞ, nəhayət, Ukraynanın qələbəsi işi ətrafında tamamilə birləşib. Bu çox ümidverici dönüşdür, amma Ukrayna üçün az və geçikmiş ola bilər", - Ramani deyib.
 
Bu arada isə Trampın oğlu qəzəbli bəyanatla çıxış edib. O, bu qərarı "sarsaqlıq" adlandırıb. "Deyəsən, hərbi-sənaye kompleksi atamın sülhü və insanların həyatını xilas etmək şansını əldə edəcəyindən öncə üçüncü dünya savaşına başlayacağına əmin olmaq istəyir", - o, "X" sosial şəbəkəsində yazıb.
 
Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə icazə verilib
 
Xəbər verildiyi kimi, ABŞ prezidenti Co Bayden ATACMS, "Storm Shadow" və SCALP raketlərilə Rusiya ərazisinə zərbələrə qadağanı ləğv etmək qərarı verib. 
 
Ukrayna ordusu bu gündən Kursk vilayətində Rusiya və Şimali Koreya qüvvələrinə zərbələr endirə biləcək.
 
Rusiya əvvəllər belə qərarların NATO-nun, guya, Ukrayna müharibəsində birbaşa iştirak etməsi anlamına gələcəyi ilə təhdid edib. Federasiya Şurası bunu üçüncü dünya savaşına addım adlandırıb.
Link kopyalandı!
Son xəbərlər