“O hələ 2017-ci ildə ABŞ-ın suveren dövlətlərin işinə qarışmasının əleyhinə çıxan yeganə ABŞ siyasətçisidir. Daha düzünü desək, Trampın siyasi xəttini yeridən, həyata keçirən siyasətçilərindən biridir...”
Xəbər verildiyi kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə Tulsi Qabbardın namizədliyini irəli sürüb. Bu xanımın Birləşmiş Ştatlarda belə yüksək vəzifəyə təyinatı Avropa Birliyi ölkələri ilə yanaşı Rusiyanın da bəzi siyasi şərhçiləri tərəfindən həyəcanla qarşılanıb.
Siyasi analitik Tahir Cəfərli Moderator.az-a açıqlamasında məsələni belə şərh edib.
“Noyabrın 13-də Donald Tramp gələcək hökumətində ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini Tulsi Qabbarda həvalə etdiyini bəyan edib. Bəs Tulsi Qabbard kimdir? Hər şeydən əvvəl Tulsi milliyyətcə hindusdur. O, 1981-ci ildə anadan olub, İraq müharibəsi veteranıdır, sonradan respublikaçılara qoşulmuş eksdemokratdır. Bayden hökumətini ciddi tənqidə tutan siyasətçilərdən biridir. Tulsi sanskrit dilində “reyhan” deməkdir.
Bir sıra şərhçilər T. Qabbardın bu vəzifəyə seçilməsini birbaşa Ukrayna ilə əlaqələndirirlər. Çünki ABŞ-ın bu siyasətçisi hələ Nümayəndələr Palatasında olduğu vaxtda Ukrayna –Rusiya müharibəsinin əleyhinə idi. O deyirdi ki, Ukrayna –Rusiya müharibəsi vasitəsi ilə Rusiyanı gücdən salmaq siyasətini həyata keçirmək qeyri-mümkün olacaq. Əksinə, Rusiya daha da güclənəcək, Avropanın özü isə gücdən düşəcək. Bu xanımın uzaqgörənliyindən çox danışmaq olar. Ancaq analitiklərin sözlərinə görə, 20 yanvar 2025-ci il tarixindən sonra Milli Kəşfiyyat direktoru vəzifəsinə keçəcəyi gündən ABŞ-ın öz qoşunlarını müharibə zonalarından çıxaracağı gözlənilir. Çünki Tramp hökuməti öz silahına yox, iqtisadiyyatına arxalanmaq istəyəcək...
Donald Trampla həmfikir olan bu siyasətçinin məqsədi ilk növbədə müharibələri dayandırmaqla dağıdılmış ölkələrin bərpası ilə bağlı investisiyaların ABŞ-ın nəzarətində saxlamaqdır. Belə olduğu halda ölkəsinə ciddi gəlirlər gələcəyi də bir faktdır.
Tramp komandası Baydendən fərqli olaraq ABŞ-ın iqtisadiyyatından və hərbi strukturlarından xəbəri olan siyasətçilərdən ibarətdir. Hələ birinci prezidentliyi dövründə Tramp müharibələrin və dövlət çevrilişlərinin dayandırılmasını qarşısına məqsəd qoymuşdu və həyata keçirməyə də çalışırdı. O, yeganə prezidentdi ki, hakimiyyəti dövründə ABŞ müharibə etməyib. Odur ki, onun yeni komandası ABŞ-ın iqtisadi təhlükəsizliyi təmin etməyi özünə borc bilir.
T.Qabbardın proteksionist siyasətini həyata keçirdikdə nəyə nail olacağı haqqında əvvəlcədən danışmaq mümkündür. D.Trampın ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə Konqresin Nümayəndələr Palatasının keçmiş üzvü Tülsi Qabbardı təyin etməsi çoxlarını şok vəziyyətinə saldı. Bu xanım hələ 2017-ci ildə ABŞ-ın suveren dövlətlərin işinə qarışmasının əleyhinə çıxan yeganə ABŞ siyasətçisidir. Daha düzünü desək, o, Trampın siyasi xəttini yeridən, həyata keçirən siyasətçilərindən biridir. Bu siyasətinə 2017-ci ildə ABŞ siyasətçiləri tərəfindən ciddi tənqid atəşinə tutulmuşdur. Buna səbəb həmin il onun Suriya prezidenti Bəşər Əsədlə görüşü olmuşdur. Bundan əlavə, o, ABŞ-ın Ukrayna və Rusiyaya qarşı siyasətini pisləmişdi. O, qeyd etmişdi ki, hakimiyyətdə olan demokratlar Ukrayna və Rusiya arasındakı konflikti uzatmaqla, Rusiyanın zəifləməsinə nail olmaq istəyirlər. Bunun əksinə olaraq Qabbard tərəflər arasında dinc danışıqların təşkil olmasını tələb etmişdi.
2022-ci ildə Qabbard bildirib ki, münaqişənin həlli üçün istənilən cəhd Ukraynanın ərazi güzəştləri və onun neytral statusu ilə əlaqələndiriləcək. O həmçinin ABŞ-ın sülh prosesində iştirakının vacibliyini vurğulayıb və Kiyevə silah tədarükünü tənqid edib və bunun vəziyyəti daha da gərginləşdirdiyinə gətirib çıxaracağına inandığını deyib...
Ukrayna və başqa Avropa ölkələri Tulsi Qabbardın ABŞ-ın Milli Kəşfiyyatında direktorluğundan narahatdır, çünki D.Trampın administrasiyasında çalışanlarının proteksionistlər olduğu halda, ABŞ-ın iqtisadi və siyasi maraqlarını üstün tutacaqları halda, nə Avropa Birliyinə, nə də Ukraynaya ciddi hərbi yardım göstərməyəcəklər, onları Rusiya ilə sülh masası arxasına gətirəcəklər. Tulsi Qabbardın məqsədi Ukraynada və başqa bölgələrdə müharibəni dayandırmaq olacaq.
Belə olduğu halda bəs nə üçün Rusiya telekanalları, solovyovları-malovyovları da narahatdırlar və Milli Kəşfiyyat direktoru olacaq bu xanıma qarşı Avropa ölkələrində olduğu kimi ciddi hücuma keçiblər?
T. Qabbardın Ukrayna ilə Rusiya arasında sülhü təmin edəcəyi halda, istər Rusiya, istərsə Avropa Birliyi ölkələri çox şey itirəcəklər. Avropa ABŞ-dan NATO-ya gələn yardımı, Rusiya isə bu müharibə siyasəti nəticəsində əldə etdiyi iqtisadi imkanları itirəcək... Belə ki, ötən söhbətlərimizdə də söylədiyim kimi, Rusiya Ukraynaya təcavüz edəndən sonra müharibə siyasətini həyata keçirmək məqsədi ilə Hərbi Sənaye kompleksinin üçdə birini işə saldı, ÜDM-ni 2022-2024-cü illərdə üç dəfədən çox artırdı. Yəni Rusiya müharibə etməklə üç dəfədən çox varlanmış, ordusunu dünyada birinci yerə çıxartmış, yüksək texnologiyalı silahların və təyyarələrin istehsalını birə-beş artırmışdır. Bunlar ciddi göstəricilərdir. Odur ki, ABŞ bunun qarşısını almağa çalışacaq...
Eyni zamanda onu da demək gərəkdir ki, Qabbard sadə siyasətçi deyil, ABŞ-ın gələcək hökumətində yer alacaq ciddi iqtisadi bilikləri olan şəxsiyyətdir. O həmçinin idarəçilik sayəsində ciddi biliklərə malikdir Odur ki, iqtisadi görüşləri əsasında ABŞ-ın demokratların ölkəni gətirib çıxartdığı iqtisadi və siyasi uçurumdan qurtarmaq məqsədi güdən siyasi xətti işləyib hazırlayacaqdır.
Sırf ABŞ proteksionizminin nümayəndəsi olan Tulsi Qabbard ilk növbədə D.Trampın “Amerikanın möhtəşəmliyini özünə qaytaraq!” siyasi xəttini həyata keçirəcək şəxsiyyətlərdən biridir. Bu xətti həyata keçirməyə nail olsalar, keçmiş ABŞ administrasiyaları tərəfindən 20 ildən artıq müddətdə aparılmış müharibələr nəticəsində viran qalmış ölkələrə investisiya yeritməklə, itirdikləri dövlətləri öz maraq dairələrinə alacaqlar. Bu isə Rusiyanın xeyrinə deyil, çünki Ukrayna-Rusiya müharibəsi dayanarsa, Rusiyanın Hərbi Sənaye Kompleksi SSRİ dağılandan sonra dağıldığı kimi dağılacaq, ÜDM-i aşağı enməklə, ölkə yenidən dağılma təhlükəsi qarşısında qalacaq. Solovyov-malovyovların onu söyməsinin arxasında da məhz bunlar durur”.
S.Laçın