Bizi sosial şəbəkələrdən izləyin:
"Söhbət o cümlədən "Hizbullah"ın tərksilah edilməsi və Livanın cənub rayonları üzərində nəzarətin Livan milli ordusuna verilməsinindən gedir..."
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bu yaxınlarda Florida ştatındakı Mar-a-Laqo villasında İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə görüşü zamanı İsrail ilə "Hizbullah" arasında atəşkəslə bağlı işlənib hazırlanan təklifə imza atıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Dremerin brifinqindən sonra Tramp bu təklifə "yaşıl işıq" yandırıb və ümid etdiyini ifadə edib ki, bu təklif onun vəzifəyə başlayacağı 20 yanvar 2025-ci ilədək gerçəkləşəcək.
Dermer Vaşinqtona Bayden administrasiyasının yüksək vəzifəli şəxslərilə görüşmək üçün Vaşinqtona yola düşməzdən öncə həmçinin Trampın kürəkəni Cared Kuşnerlə görüşüb.
Bu arada isə ABŞ-ın Livanda danışıqlara rəhbərlik edən nümayəndəsi Amos Xoxşteyn jurnalistlərə məlumat verib ki, "tezliklə İsrail ilə "Hizbullah" arasında atəşkəslə bağlı sazişi imzalamaq şansı var".
Livanda atəşkəslə bağlı planın təsdiq edilməsi barədə məlumat ABŞ-ın Livandakı səfiri Liza Consonun Livan parlamentinin spikeri Nəbih Berriyə Vaşinqtonda işlənib hazırlanan təklifi təqdim etməsindən sonra üzə çıxıb. Bu barədə "Reuters" agentliyi Livanın iki yüksək vəzifəli siyasətçisinə istinadən məlumat verib.
Məlumata görə, təklif edilən plana "Hizbullah"ın tərksilah edilməsi və Livanın cənub rayonları üzərinə nəzarətin beynəlxalq qüvvələrin dəstəyi ilə Livan milli ordusuna verilməsi daxildir.
O cümlədən İsrail "Hizbullah"ın bütün hərbi obyektləri, o cümlədən yeraltı strukturlarının demontaj edilməsi, habelə Livanın gücləndirilmiş bölmələrinin BMT qüvvələrinin dəstəyilə sərhəd, dəniz limanları və hava məkanına nəzarət üçün yerləşdirilməsinə təkid edir.