“Antonio Quterreş hələ 2011-ci ildə Ağdamda torpaqlarımızın azadlığı üçün əlindən gələni edəcəyinə söz vermişdi...”
Ekskluziv
338
18:04, Bu gün

“Antonio Quterreş hələ 2011-ci ildə Ağdamda torpaqlarımızın azadlığı üçün əlindən gələni edəcəyinə söz vermişdi...”

“O, ayağa qalxıb uşaqları bir daha salamladı, gözəl, təsirli ifaya görə təşəkkür etdi. Gözlənilmədən təxminən  8 yaşlı bir qız uşağı başladı ingilis dilində cənab Quterreşlə danışmağa... Biz təəccübləndik, hətta bir az narahat olduq ki, görəsən, bu uşaq nə danışır...”
 
 
Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Sadıqov Moderator.az-a açıqlamasında BMT Baş katibi Antonio Quterreşin hələ 2011-ci ilin mayında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı kimi Azərbaycana səfəri zamanı Ağdam rayonundakı məktəblərdən birində məcburi köçkün müəllim və şagirdlərlə görüşündəki maraqlı bir epizodu xatırlayıb:
 
“2011-ci ilin mayında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı qismində Ağdamda olan hazırkı BMT Baş katibi cənab Antonio Quterreş məktəblərdən birində məcburi köçkün müəllim və tələbələrlə görüş keçirdi. Mən o zaman rayonun icra başçısı idim. Həmin məktəbdə uşaq xoru təşkil edilmişdi. Xorda “O kənd bizim kəndimizdir- Getməsək də, görməsək də, o kənd bizim kəndimizdir” şeirinin daxil edildiyi kompoziya ifa edildi. Kompozisiyanın sonuna tanınmış sənətkarımız Tacir Şahmalıoğlunun uşaqlıqda ifa etdiyi və dillər əzbəri olan “Könlümün sevgili-məhbubu mənim vətənimdir, vətənimdir, vətənim” misrasının da daxil olduğu məşhur “Bayatı şiraz” sintez edilmişdi.  O vaxtkı köçkün həyatının mahiyyətini əks etdirən bu kompozisiyanın tərcüməsini də dinləyən qonağımızı çox təsirləndi.  Cənab Quterreş hətta bir az kövrəldi. O, ayağa qalxıb uşaqları bir daha salamladı, gözəl, təsirli ifaya görə təşəkkür etdi. Gözlənilmədən təxminən  8 yaşlı bir qız uşağı başladı ingilis dilində cənab Quterreşlə danışmağa... Biz təəccübləndik, hətta bir az narahat olduq ki, görəsən, bu uşaq nə danışır. Sonda Ali Komissar əyilib uşağın üzündən öpdü. Uşaq ona deyib ki, cənab Quterreş çox sağ olun bizim və məktəbimiz haqqındakı xoş sözlərə görə, ancaq biz işğal altındakı öz torpaqlarımıza qayıtmaq istəyirik və arzu edirik ki, siz də bu işdə Azərbaycan dövlətinə, xalqına dəstək verəsiniz. Quterreş də söz verdi ki, mən bu işdə Azərbaycana dəstək olmaq və siz uşaqların da doğma torpaqlarınıza dönə bilməniz üçün əlimdən gələni edəcəm... 
 
2017-ci ildə artıq vəzifədən çıxmışdım. Həmin məktəblini axtarıb tapdım. Məlum oldu ki, o, Bakıda ingilis dili təmayüllü bir liseydə təhsil alır. Biz onun adından o vaxt artıq BMT Baş katibi olan cənab Quterreşə bir məktub hazırladıq. Həmin məktubda 6 il öncə məktəbdəki görüş, bəhs edilən məktəblinin ona etdiyi müraciət  və cənab Quterreşin Azərbaycan torpaqlarının azad edilməsi üçün əlindən gələni edəcəyi üçün verdiyi söz xatırladılırdı. Bildirilirdi ki, artıq BMT Baş katibi olaraq sizin beynəlxalq səviyyəli bir sıra problemlərin həlli ilə məşğul olduğunuzu bilirik, lakin istərdik ki, siz söz verdiyiniz  kimi, Azərbaycanın da ərazi bütövlüyünün  bərpası, məcburi köçkün insanların öz yurdlarına qayıtmaları  məsələsinə xüsusi diqqət ayırasınız. Düzdü, həmin məktuba cavab gəlməsə də, cəmi 3 ildən sonra- 2020-ci ilin payızında 44 günlük Vətən savaşından başlayaraq torpaqlarımızın düşməndən azad edilməsi prosesi başlandı və şəhid və qazilərimizin canı-qanı hesabına, dövlətimizin mükəmməl xarici siyasəti sayəsində işğal altındakı torpaqlarımızın hamısı düşmənlərdən təmizləndi və ərazi bütövlüyümüz bərpa edildi. Və bu günlər “COP-29” tədbirində iştirak etmək üçün Bakıda qonaq olan BMT Baş katibi Antonio Quterreşi görəndə bir daha o ağır məcburi köçkünlük illərində bizlərə, övladlarımıza verdiyi ən azı mənəvi dəstəyi hörmətlə xatırladıq...” 
 
Link kopyalandı!
Son xəbərlər