“İstintaq zamanı eston müstəntiq dedi ki, sən Tallində olsaydın,  sağ ikən heykəlin qoyulardı...”
Ekskluziv
582
12:23, Bu gün

“İstintaq zamanı eston müstəntiq dedi ki, sən Tallində olsaydın,  sağ ikən heykəlin qoyulardı...”

“İllər sonra mən rəhmətlik Ziya Bünyadovun 1988-ci ildə nə demək istədiyini daha yaxşı anladım...”
 
“Müstəqilliklərini əldə etdikdən sonra Estoniya məmurları sübut etdilər ki, onlar doğrudan da müstəqilliyə layiqdirlər. Kəhrəbadan başqa heç bir dəyərli təbii sərvəti olmayan bu ölkə iqtisadiyyatda “Estoniya möcüzəsi” yarada bildi. Amma biz...”
 
36 il öncə Milli Dirçəliş gününün əsasının qoyulduğu 17 noyabr 1988-ci ildə başlayan ilk mitinqlərin əsas təşkilatçısı Ənvər Əliyev özünün “Meydan sirləri” kitabında hələ 1988-ci ilin mayında Azərbaycan Xalq Cəbhəsinin Estoniya Xalq Cəbhəsinin proqramının kopiyalanması əsasında hazırlanmış proqramını rəhmətlik akademik Ziya Bünyadovaya təqdim edəndə onun bir neçə gündən sonra həmin sənədi qaytararaq “Yaxşı şeydir, ancaq bizə aid deyildir” söylədiyini yazır.  Görəsən, bu günlərin prizmasından yanaşdıqda görkəmli ziyalımızın məsələyə məhz bu cür münasibətini necə izah etmək olar?
 
Sözügedən kitabın müəllifi Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
 
“İllər sonra mən rəhmətlik Ziya Bünyadovun 1988-ci ildə nə demək istədiyini daha yaxşı anladım... Bilirsiz, artıq bunu gizlətmək mümkün deyil. Estoniya xalqı ilə o vaxtkı Azərbaycan xalqını bir tərəziyə qoymaq mümkün deyildi axı... Hamımız gedirdik, gəlirdik, oradakı real vəziyyəti görürdük...  Və müstəqilliklərini əldə etdikdən sonra Estoniya məmurları sübut etdilər ki, onlar doğrudan da müstəqilliyə layiqdirlər. Kəhrəbadan başqa heç bir dəyərli təbii sərvəti olmayan bu ölkə iqtisadiyyatda “Estoniya möcüzəsi” yarada bildi. Amma biz bu qədər yeraltı-yerüstü sərvətlə xalqın rifahını lazımınca yüksəldə bilən bir iqtisadiyyat qura bilmədik. Bunu gizlətmək mümkün deyil...
 
Maraqlıdır ki, Meydan hərəkatı zamanı həbs edildikdən sonra məni dindirən müttəhimlərdən biri Estoniyadan idi. Ona deyirdim ki, biz də Rusiya imperiyasının müstəmləkəsiyik, siz də - bəs bir-birimizi  nə vaxt başa düşəcəyik... Amma ədalət naminə deyək ki, o müstəntiq istintaqı mümkün qədər obyektiv aparmağa çalışırdı və buna görə də Moskva onu töhmətləndirirdi. Həmin eston müstəntiq istintaq zamanı evimdə də olmuşdu. Və həmişə mənə deyirdi ki, sən belə bir şəraitdə yaşaya-yaşaya xalqın üçün nələr edirsən, sən Tallində olsaydın, elə indi, sağ ikən heykəlini qoyardılar... Bunu həm də ona görə deyirəm ki, bizim milli azadlıq hərəkatı zamanı gördüyümüz işləri özümüzdən daha çox kənarda olanlar, ictimai-siyasi proseslərdən anlayışı olanlar doğru-düzgün qiymətləndirir... Mən illər sonra Norveçdə də olanda bir eston qadın Azərbaycanda 1988-1992-ci illərdəki milli azadlıq hərəkatına yüksək dəyər verirdi və mənim də Meydan hərəkatın ilk təşkilatçısı olmuşam, mənə qarşı hörməti ikiqat artdı...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər