"Bayden son iki aylıq müddətini danışıqlarda yaranmış uzunmüddətli dalandan çıxmaq, Tramp isə andiçmə mərasimini dünyada daha az böhranlı vəziyyətlə qarşılamaq istəyir..."
ABŞ-ın hazırkı prezidenti Co Bayden və yeni seçilmiş dövlət başçısı Donald Tramp yanvarın 20-dək Qəzza bölgəsində saxlanılan girovların azad edilməsinə nail olmaq üçün əməkdaşlıq etmək niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Bayden Oval kabinetdə HƏMAS tərəfindən saxlanılan amerikalı girovların ailələri ilə görüşüb.
Prezident onlara deyib ki, Trampla birlikdə yanvarın 20-də yeni seçilmiş dövlət başçısının andiçmə mərasiminədək girovların azad edilməsinə nail olmaq niyyətindədir.
Məlumata görə, Bayden Trampla iki saatlıq görüşü zamanı İsrail ilə HƏMAS arasında Qəzza bölgəsində atəşkəs və girovların azad edilməsi barədə sazişə nail olunması üçün səylərin birləşdirilməsini xahiş edib.
Qeyd edilir ki, Bayden prezidentlik müddətinin qalan iki ayından danışıqlarda yaranmış "uzunmüddətli dalandan" çıxmaq üçün istifadə etmək istəyir. Buna uyğun olaraq Tramp, ehtimal ki, özünün andiçmə mərasimini dünyada daha az böhranlı vəziyyətlə qarşılamaq istəyir.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın sözlərinə görə, Ağ Ev Tramp komandasına Qəzzada girovların azad edilməsi məsələsi üzrə birgə işləməyə hazır olması barədə "siqnal göndərib".
ABŞ prezidenti Co Baydenlə Amerika vətəndaşlığı olan girovların ailələri ilə görüş haqqında ayrıca olaraq prezidenr administrasiyasının mətbuat xidməti məlumat verib.
"Prezident girovların ailələrinə ABŞ-ın bütün girovların azad edilməsini təmin etmək üzrə səyləri barədə yenilənmiş informasiya təqdim edib və Bayden-Harris administrasiyasının girovların evlərinə dönməsinə sadiqliyini təsdiq edib", - Ağ Evin bəyanatında deyilir.
Oktyabrın 27-28-də Qətərdə İsrailin "Mossad" kəşfiyyatının rəhbəri David Barnea və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin iştirakı ilə Qəzzada girovlar üzrə növbəti məsləhətləşmələr aparılıb. Danışıqlarda əvvəlki təklifləri birləşdirən və regionda cari vəziyyəti nəzərə alan yeni plan müzakirə edilib.
Məlumatda deyilir ki, Berns Qəzzada atəşkəsin yeni formatını təklif edib. Bu təklif 28 günlük atəşkəs və 50 yaşdan yuxarı səkkiz qadın və kişinin İsrail həbsxanalarında olan ərəb məhbuslarına mübadilə edilməsini nəzərdə tutur.
Noyabrın 9-da Qətər XİN rəsmi nümayəndəsi Məcid ben Məhəmməd əl-Ənsari bəyan edib ki, Əmirliyin rəhbərliyi tərəflərin bu münaqişəyə son qoyulması niyyətlərinin olmadığı səbəbindən vasitəçilik səylərini dayandırmaq qərarına gəlib.
Bundan öncə məlumat verilib ki, Tramp və Bayden Ağ Evin Oval kabinetində hakimiyyətin ənənəvi ötürülməsi mərasimi çərçivəsində görüşüb.
Amerikanın iki lideri kamin qarşısında yan-yana əyləşib. Belə dinc mənzərə çoxdankı siyasi rəqiblər arasındakı münasibətlərdə gərginliyin olduğunu güman etməyə imkan verməyib.