Müəllimlərin imtahanında bu dəyişikliklər olunmalı - Məntiq əlavə edilməlidir
Ekskluziv
195
12:15, Bu gün

Müəllimlərin imtahanında bu dəyişikliklər olunmalı - Məntiq əlavə edilməlidir

Müəllimlərin işəqəbulu üzrə müsabiqəsi 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.
 
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.
 
10 ildən çoxdur ki, mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində yalnız bir neçə il öncə əsaslı dəyişikliklər edildi. Təkmilləşdirmə məqsədilə aparılan növbəti dəyişikliklər rəy və sorğular əsasında hazırlandı. 
 
Dəyişikliklərə əsasən, test imtahanlarının vaxtı və toplanıla biləcək mümkün balı da artmış oldu.
 
Test imtahanı mərhələsində sualların cavablandırılması üçün verilən 90 dəqiqə 120 dəqiqəyə qədər uzadıldı.  Sual sayı yenə də 60 say kimi müəyyənləşdirildi: 40 ixtisas, 20 kurrikulum-metodika. Amma cavabların  qiymətləndirilməsi fərqli şəkildə həyata keçirildi: namizədlər artıq əvvəlki kimi 60 yox, maksimum 100 bal toplamaq imkanı qazandı. (İxtisas suallarına görə hər bir fənn üzrə düzgün cavab 2 bal, metodika üzrə isə 1 bal əldə edir) 
 
Həmçinin,  bir yenilik də tətbiq edildi  ki, o müəllim və namizədlərin  o qədər də ürəyincə olmadı. Belə ki, imtahan zamanı, eynən bakalavrların qəbul imtahanında olduğu kimi  4 səhv cavab  1 doğru cavabı da  silmiş oldu.  
 
Çatışmayan detal
 
Artıq üçüncü ildir ki, MİQ müsabiqəsinin test imtahanı mərhələsi yuxarıda qeyd etdiyimiz qaydalar əsasında təşkil edilir və qiymətləndirilir. Amma fikrimizcə, burada bir vacib çatışmazlıq var ki, o barədə az sonra danışarıq. Hələlik, o vacib detalın dünya təhsilindəki rolu barəsində bir qədər söhbət açaq.
 
Çağdaş dünya təhsilinin əsas tələbi yaddaşdan təfəkkürə keçid etmək, təhsilalanlarda tətbiqetmə, tədqiqat aparma, analiz qabiliyyətini artırmaqdır. Təhsilin yaxşı  inkişaf etdiyi Avropa, ABŞ və Uzaq Şərq ölkələrində bu model uzun illərdir ki, tətbiq olunur. Bu ölkələrdə  məktəb şagirdi lazımlı-lazımsız  informasiya ilə yükləyən bir məkan yox, onları gələcəyə fərqli müstəvidən yanaşmağı bacaran, prosesləri situasiyaya uyğun olaraq doğru-düzgün analiz edən şəxsiyyət hazırlığı məktəbidir. 
Bu cür məktəblərdə qiymətləndirmə mexanizmi də məhz sadalanan meyarlara əsasən aparılır və şəxsiyyətyönümlü prinsiplərə xidmət edir. 
 
Bizdə isə təəssüf ki, məktəblərdəki qiymətləndirmə çərçivəsi də məhz tədris formasına, təhsilin mahiyyətinə olan yanaşmadan  o tərəfə getmir: bir çox yerlərdə  qiymət şagirdə necə düşündüyü üçün deyil, predmeti necə  əzbərlədiyi üçün verilir. yaxşı qiymət alır. (Təbii ki, bunun əksini təsdiqləyən bir çox müsbət nümunələr də vardır ki, biz onların sayının getdikcə artmasını arzulayırıq).
 
Müəllimlər bir qismi təəssüf ki, öz fənnini şagirdə onu necə düşündürmək, analitik qabiliyyətinə necə təkan vermək üçün bir alət kimi sevdirmir. Bu tip müəllimlər üçün (yaxşılardan iraq) öz fənninin şagirddə yaratdığı həyati bacarıqlar da əhəmiyyətli deyil. Onlar  üçün şagirdin yaddaşına xitab əsas meyardır. MİQ müsabiqəsinə hazırlıqda da  bu meyarı özləri  üçün əsas götürməkdədirlər. İstər kurrikulum, istərsə də ixtisasla bağlı sualları əzbərləmək, tədris edəcək predmeti yalnız informasiya bazası kimi qəbul etmək müəllimlərimizin əsas yanlışlığı sayılmalıdır.
 
İndi gələk, sözümüzün Mustafasına… Yuxarıda sadalanan boşluq və yanaşma xətalarını aradan qaldırmaqdan ötrü görüləcək ilk işin – Məntiq predmetinin MİQ-in test imtahan mərhələsinin proqramına daxil edilməsinə…  
 
Xatırlayırsınızsa, 2020-ci ilə qədər MİQ-in test imtahan mərhələsində Məntiq predmetinə də aid suallar  var idi. Lakin həmin il nazirliyin qərarı ilə Məntiqə aid suallar test imtahanı proqramından çıxarıldı və müəllimlərin bilikləri yalnız ixtisas (40 sual) və kurikulum-metodikaya aid  (20 sual) suallarla məhdudlaşmış oldu. 
 
Təəssüf ki, bu xəbəri az qala, bütün müəllimlərimiz yüksək sevinc hissi, toy-bayram ovqatı ilə qarşıladılar. Çünki test imtahan mərhələsində müəllimlərin ən yaralı yeri məhz Məntiqə aid suallar idi. Xüsusən də, humanitar və təbiət elmlərinə aid fənləri tədris edən müəllimlər Məntiqi özlərinə tamam yad predmet hesab edir, onu ancaq Riyaziyyat müəllimləri üçün gərəkli sayırdılar. Təbii ki, qətiyyən belə hesab edilməməli idi. Çünki ixtisasından asılı olmayaraq Məntiq predmeti məhz modern təhsilin təfəkkür funksiyasına əsasən bütün müəllimlər üçün zəruridir. 
 
Bu detal həm də “Biz çağdaş təhsil yanaşmalarına necə hazırıq?” sualının əsas barometri ola bilərdi. Təsəvvür edin, sinif otaqlarında şagirdə düşünməyi, hansı yollarla fərqli analiz aparmağı öyrədən müəllim özü məhz bu bacarıqları ehtiva edən bir predmetdən zəif nəticə göstərir. Hələ bu azmış kimi Məntiqin MİQ proqramından çıxarılmasına da sevinir.
 
Bu səbəbdən də Məntiq predmetinin növbəti illərdə yenidən MİQ-in test imtahan proqramına salınması arzuolunandır. Doğrudur, burada da müəyyən detallara xüsusi diqqət yetirməli, imtahan suallarına sırf humanitar və təbiət yönümlü fənləri tədris edən müəllim və namizədlərin əsas kabusu olan riyazi məntiqə aid suallar salınmamalıdır. Verbal məntiqə aid olan suallar, əsas sözlü, mətnin məntiqi analizinə, situasiya ilə bağlı analitik təfəkkürü özündə əks etdirəcək nünumələr MİQ-də Məntiq predmetinin əsas təmsilçisinə çevrilməlidir. Yalnız belə olan şəkildə Məntiq müəllim və namizədlər üçün arzuolunmaz alətə çevrilməyəcəkdir. Həmçinin, tətbiqi bacarıqlar üzərində qurulmuş Məntiq tapşırıqları təhsilalanlara tədris prosesi zamanı da çox faydalı olacaqdır. 
 
Müsbət nümunə
 
Söhbətin bu yerində MİQ-in çağdaş təhsil bacarıqları ilə uyğunluq göstəricisinə aid müsbət nümunəni mütləq deməliyik. Bu müsbət məqam kurrikulum-metodika ilə bağlı verilən tapşırıqların mahiyyəti ilə bağlıdır. Belə ki, istər test, istərsə də müsahibə mərhələsində kurrikulum-metodika ilə bağlı verilən sual və tapşırıqlar özünün tətbiqi, analitik funksiyası ilə fərqlənir. Onlardan bir neçə nümunəni təqdim edək:
 
 Tədqiqatın aparılması – Bu istiqamətdə verilən tapşırıqlar müəllimlərdə problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır. Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır. Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır. Tədqiqatın aparılması üzrə metodların seçiminə, işin qrup şəklində və digər formada təşkili və aparılmasına, Tədqiqatın aparılması üçün tapşırıqların və bilik mənbələrinin seçilməsinə, İş vərəqlərinin hazırlanmasına.
 
İnformasiya mübadiləsinə aid tapşırıqlar-Bu istiqamət əsasında verilən tapşırıqlar əsasında namizədlərdən  tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsinin necə aparılması kimi tətbiqi bacarıqlar soruşulur. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır. Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
 
Məlumatın müzakirəsi və təşkili – bu tip tapşırıqlar müəllim və namizədlərdən bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onlarınsistemləşdirilmə-sinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.
 
Yaradıcı tətbiqetmə- Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür. İstər test, istərsə də müsahibə mərhələsində müəllim-namizədlərə bu tip sualların verilməsi çağdaş təhsilin əsas prinsiplərinə xidmət edir. 
Nəticələrin çıxarılması -  Məüllim-namizərlədə bu istiqamətdə ünvanlanan tapşırıqlar da özünün vacibliyi ilə seçilir. Belə ki, bu tapşırıqların sayəsində müəllim şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparmağı öyrədir.   Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır. Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət  hissi təşkil edir.
 
Sözümüzün canı…
 
Göründüyü kimi, MİQ müsabiqəsində çağdaş təhsilin əsas tələbi olan təfəkkür meyarı, analitik tətbiq bacarıqları da müəllim-namizədlərdən tələb olunur və bu şəxsiyyətyönümlü tədrisin əsas tələblərini tam əks edə bilir. Demək, biz Məntiq predmetini də müəllimlərimizə güvənərək tam şəkildə MİQ-in test imtahan mərhələsinə asanlıqla əlavə edə bilərik.
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
 
Link kopyalandı!
Son xəbərlər