“NATO-nu dağıtmaq elə də asan prosedur deyil. Tramp bunu etmək istəsə belə, bu, qeyri-mümkündür. Təbii ki, o, qeyri-məqbul şərtlər, tələblər irəli sürməklə NATO sıralarını ciddi şəkildə təşvişə sala bilər, alyansı sarsıda bilər...”
“Birləşmiş Ştatları NATO-dan çıxarmaq və yaxud ümumiyyətlə, NATO-nu dağıtmaq elə də asan prosedur deyil. Tramp bunu etmək istəsə belə, bu, qeyri-mümkündür. Təbii ki, o, qeyri-məqbul şərtlər, tələblər irəli sürməklə NATO sıralarını ciddi şəkildə təşvişə sala bilər, alyansı sarsıda bilər. Amma bu halda NATO-nu tərk edən, uzaqbaşı, ABŞ ola bilər. Bir də Trampa bağlı Macarıstan, Slovakiya kimi ölkələr. Heç inanmıram, onlar da bu alyansı tərk edə, çünki onların da öz maraqları var. Onlar da anlayırlar ki, bu gün elə bir addım atsalar da, dünyanın sonu deyil – sabah Vaşinqtonda hakimiyyət dəyişsə, tamam başqa bir situasiya ilə üzləşə bilərlər. Və üstəlik də, NATO-dan çıxmaqla Macarıstan və Slovakiya kimi ölkələr öz təhlükəsizlik təminatlarından imtina etmiş olarlar”.
Bu fikirləri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az əməkdaşının “Tramp seçki kampaniyası və ondan da öncə deyilənlər kimi, ABŞ-ni NATO-dan çıxara və yaxud, ümumiyyətlə, bu alyansı dağıda bilərmi” sualını cavablandırarkən dilə gətirib.
“Yəni məsələlər deyildiyi qədər də sadə deyil. Təbii, Trampın hakimiyyəti çətinliklər yaradacaq, xeyli çətinliklər yaradacaq. Çünki Tramp özü qeyri-standart adamdır, adekvat adam deyil. Bunu hamı bilir, hamı anlayır. Amma ABŞ siyasətində Trampın da əl-ayağını bağlayacaq mexanizm mövcuddur. Və düşünürəm ki, Tramp ABŞ siyasətinin oturuşmuş düzənini dəyişəcək gücdə deyil. İstənilən halda... Dəxli yoxdur, lap o, seçkiləri udmuş olsun, ən yüksək faizlə udmuş olsun... Birləşmiş Ştatlar dövlətinin bugünkü siyasi kontenti yüz ildən artıqdır oturuşub, davam edir və bu dövlətin siyasətini kökündən dəyişə biləcək prezident olmayıb, yoxdu və olmayacaqdır da. Mən buna əminəm...”
Sultan Laçın