"İsrailə silah tədarükünə embarqo tətbiq etmək, onunla ticarətə son qoymaq və bu ölkəni beynəlxalq aləmdən təcrid etmək son dərəcə vacibdir..."
İslam dünyasının Qəzzada baş verənlərə adekvat münasibət göstərməyə qadir olmaması Fələstin bölgəsində yaranan vəziyyətin əsas səbəblərdən biridir.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Ölkələri Liqasının birgə sammitində çıxışı zamanı bəyan edib. Məlumatı "aa.com.tr" agentliyi yayıb.
"Qəzzada baş verənlərə müsəlman ölkələrinin lazımi tərzdə münasibət bildirməməsi, bu zaman bir ovuc Qərb ölkələrinin İsrailə hərtərəfli dəstək göstərməsi indiki vəziyyətə gətirib çıxarıb", - Ərdoğan bəyan edib.
Türkiyə liderinin sözlərinə görə, 2023-cü il oktyabrın 7-dən 50 min fələstinli, o cümlədən onların 70 faizini təşkil edən uşaqlar və qadınlar İsrailin Qəzzada və Fələstinin digər ərazilərində törətdiyi qətliamın qurbanı olub.
"İsrail hətta Qəzza bölgəsinə humanitar yardımın çatdırılması ilə də barışa bilmir və artıq göndərilən humanitar yükləri Misirdə gözlətməyə vadar edir", - Ərdoğan deyib və qeyd edib ki, müharibə başlanandan Türkiyə Qəzzaya 84 min tondan artıq humanitar yardım göndərib.
"İsrailin məqsədi Qəzza bölgəsində kök salmaq, Fələstinin İordan çayının Qərb sahilində, o cümlədən Şərqi Qüdsdə mövcudluğuna son qoymaq, nəticə etibarilə regionu ilhaq etməkdir", - Ərdoğan xəbərdarlıq edib və diqqəti ona yönəldib ki, İslam ölkələri İsrailin qanunsuz hərəkətlərinə qarıı addımlarda aparıcı rol oynamalıdır.
"İlk növbədə təcavüzə son qoyulmayanadək İsrailə silah tədarükünə embarqo tətbiq etmək, onunla ticarətə son qoymaq və onu beynəlxalq aləmdən təcrid etmək son dərəcə vacibdir", - o, bəyan edib.
Ərdoğan həmçinin Türkiyənin Netanyahu hökumətinin Fələstin ərazilərinin işğalının ona baha başa gələcəyini hiss etməyə vadar edən konkret və real təkliflərin gerçəkləşməsinə hazır olduğunu bəyan edib. O, xatırladıb ki, Türkiyə bundan öncə İsrailə qarşı ticarət məhdudiyyətləri tətbiq edib.
Türkiyə prezidentinin sözlərinə görə, Fələstin probleminin iki dövlətin yaradılması qərarı əsasında nizamlanmasının İsrailin indiki hökumətinin dönəmində həyata keçirilmə şansı yoxdur.
"Yaranmış vəziyyətdə biz daha çox ölkələrə Fələstin dövlətini tanımağa çağırış etməliyik", - Ərdoğan deyib və ərəb və İslam dünyasına BMT Cinayət Məhkəməsində "Qəzzada soyqırımla bağlı iş"ə daha çox dövlətin qoşulmasına çağırış edib.