Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
3628
12 Nov 2024 | 11:17

"Tramp seçildisə, deməli, xeyir bundadır...-Amma sən özün Allah yoluyla get və adam ol!.."

"...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (Qurani-Kərim, Bəqərə, 216)
 
“...Özünə və başqalarına, xalqa qarşı dürüst ol, ədalətli ol, insaflı ol, vicdanlı ol, namuslu, qeyrətli ol, heç kəsin haqqını tapdama, heç kəsə zülm etmə, oğurluq etmə, talama,  rüşvət alma, rüşvət vermə, sələm alma, sələm vermə, korrupsiya ilə məşğul olma, haqsız yerə can alma... Bir sözlə, adam ol, Allah adamı...”
 
“Tramp nə Rusiyada, nə də Çində, nə Orta Asiya ölkəsində,  nə Qafqazda, nə İranda, nə də Ərəbistanda dövlət başçısı seçilib. O, iki yüz ildən çox işləyən demokratik dövlət mexanizminin, institutların olduğu, eləcə də cəmiyyətin, toplumun hər hansı qanunsuz basqıya dərhal kütləvi reaksiya verə biləcək passionarlığa malik olduğu Amerika Birləşmiş Ştatlarında  prezident seçilib. Odur ki...”
 
-FİKİR SAVAŞI...-
 
Amerikadakı prezident seçkilərindən keçmiş son bir həftə ərzində bəzilərini həyəcan bürüyüb: “Ay aman! Tramp prezident seçildi- batdıq! O, əvvəla, ABŞ-da demokratiyanı tam sarsısıb orada da  Rusiya kimi avtoritar bir rejim quracaq, odur ki, Putinə də dəstək verəcək, Kreml üzərindən sanksiyaların çoxunu ləğv edəcək, Ukraynanı işğal altındakı ərazilərini Rusiyaya güzəştə getməyə məcbur edəcək. Və nəticədə Putin Ukrayna müstəqil dövlətçiliyini də məhv edib o ölkəni tam nəzarətə aldıqdan sonra, ardınca Moldovanı, hətta Baltikyanı respublikaları, Polşanı da işğal edəcək, sonra üzünü Güney Qafqaza tutacaq; Gürcüstanı tam nəzarətə alacaq, Ermənistanda Paşinyanı yıxacaq Robert Köçəryanın oğlunu hakimiyyətə gətirəcək, sonra da erməniləri təzədən Qarabağa qaytaracaq və Azərbaycanı da yenidən fakitiki Rusiyanın müstəmləkəsinə çevirəcək...
 
Əvvəla, məsələyə həm yaşadığımız dünya bucağından, həm də teoloji prizmadan, yəni paralel olaraq həm bu dünya, həm də Axirət dünyası prizmasından yanaşsaq, Trampın ABŞ-də prezident seçilməsi təbiidir və Qurani-Kərim məntiqi ilə xeyir bundadır:
 
"...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (Bəqərə, 216)
 
...Və dünyanın, eləcə də Birləşmiş Ştatlar sakinlərinin əksəriyyəti hansı əqidənin yolçusudursa, ona da uyğun aparıcı ölkə liderləri, prezidentlər hakimiyyətə gəlir. Onsuz da istər avtoritar Rusiyanın və ya Çinin, istərsə də demokratik ABŞ, ya Avropa ölkələrinin liderləri ümumilikdə Allah yoluyla getmir. Belə ki, Rusiya kimi Qərb ölkələri də, xüsusən Amerika da bu günədək bir çox xarici ölkələrə qarşı işğalçı siyasət yürüdüblər, gündəlik yaşayışlarında, ailə həyatlarında, yemək-içməklərində  halal-haram, savab-günah bilməyiblər. Və s. Sadəcə, demokratik ölkələrdə insan haqları, azadlıqları xeyli dərəcədə qorunduğundan, qanunlara riayət edildiyindən, Rusiya və əksər postsovet respublikalarından fərqli olaraq kütləvi rüşvətxorluq və korrupsiyadan uzaq olduqlarından və ümumilikdə Qərb sivilizasiyasının əsasən maddi, materialist baxımdan bəşəriyyəti tənəzzülə yox, inkişafa apardığından ağlı başında olan insanlar, ölkələr Amerikaya, Avropaya üz tuturlar, nicatlarını orada görürlər...
 
İkincisi, Tramp nə Rusiyada, nə də Çində, nə Orta Asiya ölkəsində,  nə Qafqazda, nə İranda, nə də Ərəbistanda dövlət başçısı seçilib. O, iki yüz ildən çox işləyən demokratik dövlət mexanizminin, institutların olduğu, eləcə də cəmiyyətin, toplumun hər hansı qanunsuz basqıya dərhal kütləvi reaksiya verə biləcək passionarlığa malik olduğu Amerika Birləşmiş Ştatlarında  prezident seçilib. Odur ki, Tramp, hətta Rusiya “KQB”-“FSB”sinin təsir agenti olmuş olsa da belə, nə qədər cəhd göstərsə də, həmin mexanizmi, həmin kütləvi müqaviməti sındırıb ABŞ-ni totalitar ölkəyə çevirə bilməz...
 
Üçüncüsü, Trampın bütün belə iddia və cəhdlərinə demokratik dünyanın digər qütbləri, Avropa ölkələri, xüsusən də Böyük Britaniyanın da bütün mümkün vasitələrlə müqavimət göstərəcəyi bəllidir. 
 
Dördüncüsü, Trampın yaşı artıq 80-i haqlayıb. Ona görə də uzağı iki ildən sonra onun da ABŞ kimi nəinki nəhəng ölkənin, super dövlətin idarəçiliyi, habelə digər super güclərlə üzləşərək bütövlükdə dünyanı yönəltmək missiyasının ağırlığı altında sələfi Bayden kimi boynunun, belinin büküləcəyi, ağlını, huşunu itirib axsaq ördək kimi yeriyəcəyi ehtimalı böyükdür...
 
Beşincisi, Tramp ABŞ-də demokratiyanın kökünü kəsə bilməyəcəyi halda, sözsüz ki, Ukraynanın da digər postsovet və postsosialist ölkələrinin də asanlıqla Rusiya imperiyasının, Putinin caynağına keçməsinə şərait yarada bilməz. 
 
Altıncısı, Trampın Rusiyanın təsir agenti olması versiyası inandırıcı deyil və o halda onun məlum eqoist, narsist, hər şeydə birinci olmaq xarakteri Putinin ondan üstün olmasına, başqa sözlə, Ukraynada, eləcə də Moldovada, Baltikyanıda, Güney Qafqazda və s. meydan sulamasına imkan verməyəcək... Və özünün də dediyi kimi, Birləşmiş Ştatlara əvvəlki qüdrətini qaytarmaq üçün Çinlə yanaşı, Rusiyanı da mümkün qədər alçaldıb zəiflətməyə çalışacaq...
 
Yeddincisi və iki dünya həyatı prizmasından ən əsası, əvvəla, qorxunun əcələ faydası yoxdur. İkincisi də, sən Allahın qulusansa, Tramp kimdir ki, səni yolundan çıxara. Amma sən öz yolunla, doğru yolla, Rəbbinin yoluyla get, özünə və başqalarına, xalqa qarşı dürüst ol, ədalətli ol, insaflı ol, vicdanlı ol, namuslu, qeyrətli ol, heç kəsin haqqını tapdama, heç kəsə zülm etmə, oğurluq etmə, talama,  rüşvət alma, rüşvət vermə, sələm alma, sələm vermə, korrupsiya ilə məşğul olma, haqsız yerə can alma... Bir sözlə, adam ol, Allah adamı... Bu halda bütövlükdə, səni də, ölkəni də, Trampı da, Putini də, Si Zinpini də, Netanyahunu da, Amerikanı da, Rusiyanı da, Çini də, İsraili də, Avropanı da və s. idarə edən hər kəsdən və hər şeydən qüdrətli Allah sənin arxanda, yanında olacaq və sonda sən qalib olacaqsan. Tramp uzaqbaşı, Putin kimi sənə güllə, raket, bomba ata bilər, onda da dərhal ona baş əymə, bacardığın qədər vuruş, müqavimət göstər- sonda həlak olsan belə, sən Allah yolunda olduğun üçün Cənnətə gedib xoşbəxt olacaqsan, Tramp isə Ukraynanı bombalayan, işğal edən Putin, Qəzzada, Livanda soyqırımı törədən Netanyahu kimi Şeytan yolunda olduqlarından Cəhənnəmə vasil olub bədbəxtlərin ən bədbəxti, yazıqların ən yazığı olacaq...
 
P.S. Kim dediklərimizlə razılaşmırsa, özü bilər... O da getsin Şeytanın və onun Yer üzündəki canişinlərinin yanında üzü Cəhənnəmə sarı dursun və Allahın əmrini gözləsin...
 
Sultan Laçın  
 
Link kopyalandı!
Son xəbərlər