Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardığı deyilən “İldırım” təşkilatının xanım üzvü olubmu?..-TARİX
Ekskluziv
3035
11 Nov 2024 | 18:50

Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardığı deyilən “İldırım” təşkilatının xanım üzvü olubmu?..-TARİX

“Sual: S.Vurğuna yazdığınız məktubda and içmisiniz ki, azərbaycanlı gənclər Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə lazım gəlsə öz həyatlarını belə qurban verəcək, bu yoldan dönməyəcəklər. Belə bir antisovet fikir Sizdə nə vaxt yarandı?..” 
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...                                                                                                       
“Filologiya. Rəhimov İsmixan Məmməd oğlu.
 
(Əvvəli burada:
 
17 noyabr 1948-ci ildə növbəti istintaq həyata keçirilib.                
 
(...)
 
“Sual: Bu təşkilatın Sizə məlum olan bütün üzvlərinin soyadı və atasının adını söyləyin. Cavab: Süleyman və Şükürdən başqa bu təşkilatda başqalarının olmasını bilmirəm. 
 
Sual: Doğru danışmırsan. Sən bu təşkilata üzv olan azərbaycanlı qız barədə də məlumatlısan. Bunu nədən gizlədirsən. Cavab: Bu barədə heç nə bilmirəm. Sual: Yalan danışırsan. Axı bu barədə özün danışmısan. Demisən ki, Bakı şəhərində yaşayan bu qız heç kimi satmayıb. Müqaviməti dayandırın, bu qızın kim olduğunu söyləyin. Cavab: Mən qəti olaraq bildirirəm ki, antisovet millətçi gənclər təşkilatında azərbaycanlı qız haqqında heç nə eşitməmişəm”. 
 
Bu istintaq axşam saat 23:00-da başa çatıb. 
 
Növbəti istintaq noyabrın 27-də saat 20:00-da olub.
 
Müstəntiq İ.Rəhimovdan S.Vurğuna yazılmış məktubdakı antisovet  fikirləri onda kim yaratdığını soruşur. 
 
“Sual: S.Vurğuna yazdığınız məktubda and içmisiniz ki, azərbaycanlı gənclər Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə lazım gəlsə öz həyatlarını belə qurban verəcək, bu yoldan dönməyəcəklər. Belə bir antisovet fikir Sizdə nə vaxt yarandı?” 
 
O, Səməd Vurğuna yazdıqları məktubun təxminən bu məzmunda olduğunu təsdiq edib göstərir ki, onda bu fikir 1942-ci ildə ADU-nun filologiya fakültəsinə daxil olmasından sonra yaranıb.  
 
“... daha dəqiqi bu fakültənin tələbəsi, bir qrupda oxuduğum Gülhüseyn Abdullayevlə tanışlıqdan sonra meydana gəldi. G.Abdullayevlə söhbətlərimdə antisovet millətçi baxışlarımı bölüşdürdüm. Gülhüseyn bunu təsdiq edərək bildirdi: “Azərbaycanda Azərbaycan dili deyil, rus dili dövlət dilidir. Ona görə rus dilini bilməyənlərin idarə və müəssisələrdə işləməsi mümkünsüzdür. Bu səbəbdən azərbaycanlı kadrlar inkişaf etmir”. G.Abdullayevin bu antisovet millətçi görüşləri ilə mən tam razı oldum. 
Beləliklə, antisovet millətçi gənclər təşkilatının gələcək üzvü kimi 1944-cü ildə S.Vurğuna məktub yazana kimi bu fikri mənə G.Abdullayev ötürmüşdü ki, azərbaycanlı gənclər Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə məhkumdur. Bu istiqamətdə də biz gizli danışıqlar aparırdıq. Sual: Konkret olaraq bu söhbətləri nə vaxt, harada, kimin evində aparırdınız? Cavab:  Xatırlamıram. 
Sual: Özünüzü S.Vurğuna antisovet böhtan məzmunlu məktub yazmaqda günahkar hesab edirsinizmi? Cavab:  Bəli. Sual: Vətən müharibəsi dövründə nədən siz antisovet millətçi yol tutdunuz? Cavab: Ona görə ki, 1942-ci ildə ADU-nun filologiya fakültəsinə daxil olduqdan sonra burada tələbələrdən xeyli antisovet millətçi söhbətlər eşitdim və sonra özüm bu yolu seçdim.
Birinci dəfə antisovet millətçi söhbətləri ikiillik xarici dil kursunun tələbəsi olmuş İbrahimov İslamdan eşitdim, sonra da universitetdə G.Abdullayevdən”. 
Müstəntiq İ.İbrahimovdan məhz hansı məzmunda antisovet millətçi söhbətlər eşitdiyini soruşduqda, o, əvvəlki istintaqdakı bu barədə dediyi ifadələri söyləyib. 
“... Rus tələbələrə qarşı belə açıq mənfi münasibəti gördükdən sonra onun əvvəllər XDİK tərəfindən ləğv edilmiş antisovet millətçi gənclər təşkilatının üzvü olması şübhəsi yarandı. Sual: Hansı antisovet millətçi təşkilatdan danışırsınız? Cavab: 1943-cü ildə ADU tələbələri arasında söz gəzirdi ki, XDİK İ. İbrahimovla bir qrupda oxuyan antisovet millətçi gənclər təşkilatının üzvü həbs edilib. Mən ürəyimdə belə hesab edirəm ki, İ.İbrahimov da bu təşkilatın üzvü olmuşdur. Sual: İ.İbahimovun belə antisovet millətçi ruhlu çıxışlarını Sizdən başqa kim eşidib? Cavab: Xatırlamıram. Sual: Sizə bu antisovet millətçi gənclərin 1942-ci ildə həbs edildiyini şəxsən kim söyləyib? Cavab: Dəqiq xatırlamıram. Ancaq ADU-nun filologiya fakültəsinin bütün tələbələri bunu bilirdi. 
Sual: Siz Səməd Vurğuna yazdığınız anonim məktubda dövlətə böhtan ataraq yazırsınız ki, Azərbaycanın yüzlərlə istedadlı, dahi incəsənət adamları günahsız yerə öldürülüb. Bu antisovet məzmunlu məktubda kimləri nəzərdə tuturdunuz? Cavab: XDİK tərəfindən həbs edilmiş M. Müşfiq, dramaturq Hüseyn Cavid və başqaları. Sual: Siz bilirsiniz ki, H.Cavid, M.Müşfiq xalq düşməni kimi həbs olunub, Sovet hökumətinə böhtan atdığına görə özlərini günahkar hesab edib, qatı antisovet tip olublar. Bunu qəbul edirsinizmi? Cavab: Bəli. 
 
Sual: Sizə bu böhtan xarakterli fikirləri kim aşıladı? Cavab: Antisovet məzmunlu gizli məktub tərtib olunarkən Gülhüseyn Abdullayev böhtan xarakterli fikirlər söylədi ki, sovet hökuməti yüzlərlə tanınmış, istedadlı incəsənət xadimlərini günahsız yerə həbs edib, güllələyib. O bu fikri deyərkən M.Müşfiq və H.Cavidi dediyini düşündüm. Sual: Siz də bu istiqamətdə təşkilatın digər üzvləri ilə söhbət etdiniz, düzdürmü?  Cavab: Bəli. Gizli iclaslarda bu barədə danışırdıq. Hamı bu fikri dəstəkləyirdi. Sual: Siz gizli məktubda sovet hakimiyyətinə böhtan ataraq göstərmisiniz ki, Azərbaycan ruslardan asılıdır. Bu böhtana görə özünüzü günahkar hesab edirsinizmi? Cavab: Bəli. 
 
Sual: Antisovet millətçi böhtan dolu məktubu nə üçün məhz S.Vurğuna yazmışınız? Cavab: 10 may 1944-xü ildə 
Yazıçılar İttifaqının Plenumunda S.Vurğun çıxış edərək  müasir Azərbaycan ədəbiyyatının səviyyəsinin aşağı olmasından narazılığını bildirmişdi. Bu plenumda S.Vurğun Azərbaycan yazıçılar İttifaqının sədri vəzifəsindən azad edilmişdi. Ertəsi gün bu barədə G.Abdullayev mənə danışdı və təklif etdi ki, ona məktub yazıb bildirək ki, bizim antisovet təşkilatımıza rəhbərlik etsin. Onun bu plenumdan narazı olduğunu bildirib türk şairi Namiq Kamalın sözlərini xatırladıq. Biz antisovet təşkilata rəhbərlik etməyə onu çağıraraq ondan xahiş etdik ki, razılıq əlaməti kimi “Vətən ulduzları” adlı şeir yazsın”. 
20:00-da başlayan bu istintaq dörd saat davam etmişdi.
 
29 noyabr 1948-ci ildə istintaq davam etdirilib. 
 
Müstəntiq İ.Rəhimovdan soruşub ki, istintaqda belə bir məlumat var ki, “ İngiltərə və ya Amerikaya getmək istədiyinizi söyləmisiniz. Bu belədirmi?”
 
O, bunu təsdiq edib. Səbəbini APİ-nin xarici dil fakültəsinin ingilis dili ixtisasının tələbəsi kimi ixtisasını artırmaq üçün bu ölkələrə təcrübəyə getmək istəyi ilə əlaqələndirib.
 
Müstəntiq bu cavabla razılaşmayaraq daha uzaqgedən nəticəyə gələn fikir söyləyib. Qəribədir ki, bu dəfə təqsirləndirilən dərhal onunla razılaşır.
 
“Doğru danışmırsan. Siz antisovet millətçi gənclər təşkilatına üzv qəbul edərkən şərt qoymuşunuz ki, hökmən bir xarici dil bilsinlər ki, xarici ölkələrlə əlaqə saxlamaq mümkün olsun. Təşkilatınız hansı xarici ölkələrlə əlaqə saxlamağı nəzərdə tuturdu? Cavab: Mən hər bir antisovet millətçi təşkilatımızın üzvlərinə deyirdim ki, hər bir üzv mütləq bir xarici dil bilsinlər. Ona görə ki, xarici ölkələrlə, şəxslərlə yaxşı əlaqə saxlaya bilsin. 
 
Sual: Yalan danışırsan. Siz təşkilata tanınmış adamlardan birini rəhbər qoymaqla  antisovet millətçi təşkilatın qarşısına məqsəd qoymuşunuz ki, xarici dövlətlərdən yardım almaqla dövlət çevrilişi edəsiniz. Tələb edirəm ki, müqaviməti dayandırıb göstərəsiniz ki, kimi nəzərdə tutursunuz? Cavab: Biz antisovet millətçi təşkilatımızın yığıncaqlarında və üzvlərimizlə görüşlərimizdə qərara gəlmişik ki, təşkilatımıza rəhbər postu təsis edək. Yuxarıdan çevriliş edək. Amma mən kömək üçün hansısa xarici dövlətləri köməyə çağırmaq barədə heç kimlə söhbət etməmişəm”.
 
Bu cavab müstəntiqi qane etməyib. O, İ.Rəhimova təklif edib ki, istintaqa müqaviməti dayandırsın, çünki guya istintaqa məlumdur ki, o, Türkiyəni tərifləyib, ona Şərqin güclü dövləti kimi ehtiram göstərib. Lakin təqsirləndirilən bu fikri rədd edib. 
Müstəntiq yenə ona təzyiq göstərib doğru danışmadığını, sualın mahiyyəti üzrə səmimi ifadə verməyini təklif edir. Lakin təqsirləndirilən bu ittihamı rədd edib, bütün suallara səmimi cavab verdiyini bildirir. Bu dəfə müstəntiq ondan “...antisovet millətçi gənclər təşkilatı kimdən və hansı rəhbərdən əmr, göstəriş” aldığını soruşur. 
“Cavab:  Bizin antisovet millətçi gənclər təşkilatı heç bir rəhbərdən göstəriş və tapşırıq almamışdır. Bütün antisovet işləri öz gücümüzlə yerinə yetirmişik. Sual: Siz söylədiniz ki, radioötürücü əldə etmək istəmisiniz. Kiminlə əlaqə saxlamaq istəmisiniz?” 
 
Qeyd edək ki, bura qədərki istintaq materiallarında təqsirləndirilənin belə bir ifadəsinə rast gəlinmir. Qəribədir, sanki təqsirləndirilən bu sualı gözləyirmiş. 
 
“Cavab: Radioötürücünü xarici dövlətlər və xaricdə yaşayan şəxslərlə əlaqə saxlamaq üçün deyil, yalnız əhali ilə əlaqə saxlamaq, onların arasında təbliğat aparmaq üçün əldə etmək istəyirdik”. 
 
Müstəntiq ondan bunu harada quraşdırmaq istədiklərini soruşduqda İ.Rəhimov bu məsələni hələ qəti olaraq həll etmədilkərini bildirir. Daha sonra ondan təşkilatdan radioötürücünü almağın kimə tapşırıldığı barədə məlumat vermək təklif edilir O, üzvlər arasında bu sahə üzrə mütəxəssis olmadığından bu məsələnin həll edilmədiyini, heç kimə belə bir tapşırıq verilmədiyini bildirir”.
 
İstintaq gecə saat 24:00-da başa çatıb.
 
Ertəsi gün, dekabrın 1-də saat 20:00-da istintaq davam edir.
Müstəntiq ondan antisovet fəaliyyətini nə vaxt və hansı səbəbdən dayandırdığını soruşub. O, fəaliyyətini dayandırdığı tarixin dəqiq yadında olmadığını, bunun təxminən 1945-ci ilin sonlarında olduğunu deyib, səbəbini isə belə izah edir: “...Üzvlər arasında antisovet fəaliyyətin formaları və onun gələcəyi barədə fikir ayrılığı yaranmışdı. Sonuncu iclasların birində vahid fikrə gələ bilmədik ... Beləliklə, bundan sonra biz yığışmadıq, görüşəndə də bu barədə danışmadıq.
 
Sual: Hansı sonuncu iclasda, kimin evində keçirilmiş yığıncaqda sizin antisovet millətçi gənclər təşkilatının üzvləri arasında fikir ayrılığı yarandı? Cavab : Xatırlamıram”. 
 
Müstəntiq ondan doğru danışmağı, fəaliyyətlərini dayandırmağın səbəbini düzgün izah etməyi tələb edib. İ.Rəhimov doğru danışdığını, başqa səbəb bilmədiyini deyir. 
 
“Sual: G.Abdullayev şəxsən sənə təşkilatın mövcud olması barədə orqanların xəbər tutması barədə məlumat verməyib? Cavab: Xeyr. Sual: G.Abdullayevi sonuncu dəfə nə vaxt görmüsən? Cavab: G.Abdullayevi sonuncu dəfə 1948-ci ilin avqustunda görmüşəm və bu barədə aramızda heç bir söhbət olmayıb”. 
Bununla da növbəti istintaq başa çatıb. Ancaq, qəribədir ki, gecə saat 24:00-də başlayan istintaqın 1500-da qurtardığı, onun davamının isə ertəsi gün saat 10:00-da başladığı göstərilsə də, növbəti səhifədə istintaqın 30 dekabr saat 22:00-da başladığı qeyd edilmişdir.
 
(...)
 
Beləliklə, gecə saat birin yarısında istintaq yekunlaşır.
Bu istintaqdan bir ay dörd gün sonra, 4 fevral 1949-cu ildə Azərb. SSR XDİK DTİ-nin kapitan rütbəli əməkdaşı cinayət işinə Azərb. SSR cm 72-ci maddəsinin 2-ci hissəsinin əlavə edilməsi haqqında  qərar qəbul edib. 
 
Qərarda Rəhimov İsmixan Məmməd oğlu gizli antisovet məzmunlu məktub müəlliflərindən biri kimi ittiham olunur. “...İstintaq dövründə müəyyən edilmişdir ki, məktub yazılmasının təşəbbüsçüsü ADU-nun keçmiş aspirantı Abdullayev Gülhüseyn Hüseyn oğlu olmuşdur. Onun yazılmasında Rəhimov İsmixan Məmməd oğlu iştirak etmişdir. 1943-cü ildə onlar tərəfindən antisovet millətçi gənclər təşkilatı yaradıldı. Rəhimov İsmixan Məmməd oğlu onun tərkibində fəal antisovet millətçi fəaliyyət göstərmiş, təşkilata yeni üzvlər cəlb etmiş, təşkilatın andını tərtib etmiş, Azərbaycanı SSRİ- dən ayırmağı və müstəqil respublika yaratmağı qarşısına məqsəd qoyan təşkilatın Proqram və Nizamnaməsini hazırlamışdır. 
 
Yuxarıda deyilənləri nəzərə alaraq qərara alıram:
 
Rəhimov İsmixan Məmməd oğluna Azərb. SSR cm-nin 72-ci maddəsinin 2-ci hissəsi ilə əvvəllər qaldırılmış işinə Azərb. SSR CM-nin 73 və 21-64 maddələri əlavə edilsin. Surəti Azərb. SSR Prokuroruna göndərilsin”. 
 
Qərar ertəsi gün , 05 mart 1949-ci ildə təsdiq olunur.  Elə həmin gün müstəntiq İ.Rəhimovu ittiham aktı və əlavə edilmiş maddələrlə tanış edib…
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər