"ABŞ bununla Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və danışıqlarda onun mövqeyinin gücləndirilməsinə ümid edir..."
ABŞ administrasiyası hakimiyyəti təhvil verməzdən öncə Kiyevə hərbi yardımı sürətləndirib.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın işgüzar "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, hal-hazırda ABŞ Ukraynaya 7 milyard dollar məbləğində silah və döyüş sursatları göndərməyə cəhd edir. İlkin planlara görə, bu hərbi yardımın aprelədək uzadılması nəzərdə tutulub.
Lakin Donald Trampın seçkilərdə qələbəsindən sonra Vaşinqton əvvəllər razılaşdırılan yardımın yanvaradək göndərilməsinə qərar verib.
Ağ Ev bununla Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və danışıqlarda onun mövqelərinin gücləndirilməsinə ümid edir.
Administrasiyanın yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, Rusiyanın raket hücumlarının fəallaşdırılmasına cavab olaraq Pentaqon Ukraynaya 500-dən artıq "Patriot" və NASAMS HHM sistemləri üçün raketlər göndərir.
Gözlənilir ki, bu silahlar yaxın həftələrdə Ukraynada olacaq. Amerikalı məmurların fikrincə, bu sayda raketlər ən azı bu ilin sonunadək kifayət edəcək.
Nəşrin həmsöhbətlərindən biri silah tədarükünün sürətləndirilməsindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu, ABŞ-ın öz silah anbarının ehtiyatlarını tükəndirə bilər. Bu səbəbdən də Vaşinqton Ukraynaya veriləcək silahın başqa ölkələrdən satın alınması variantını nəzərdən keçirir.
Dünən bəlli olub ki, Bayden administrasiyası müharibə başlanandan ilk dəfə olaraq Ukrayna ərazisinə amerikalı hərbi mütəxəssislər göndərəcək.
Bu tələsik addımlar yeni prezident Vladimir Zelenskini mövqeyinin yumşaldılmasına və Vladimir Putinlə danışıqlara sövq etmək üçün Ukraynaya silah tədarükünü azaldacağı təhdidləri ilə əlaqədar narahatlıqlarla bağlıdır. Bundan öncə Ukrayna prezidenti dəfələrlə rusiyalı həmkarı ilə təmaslardan imtina edib.
Bununla birlikdə Kiyev təkcə HHM sistemləri üçün raketlər deyil, həm də hücum silahını-
300 km-dək təsir radiusu olan ATACMS raketlərini əldə etmək istəyir. Ukrayna hakimiyyətinin bəyanatlarına görə, bu silah USQ-yə Rusiyanın dərinliklərinə zərbələr endirməyə imkan verəcək.
Lakin Pentaqon bu sorğunu təmin etməyə tələsmir, iddia edir ki, Rusiya istənilən halda öz təyyarələrini və digər vacib hərbi obyektlərini bu raketlərin təsir zonasından çıxarıb.