Bizi sosial şəbəkələrdən izləyin:
“General Qasim Süleymani məhz onun keçmiş hakimiyyəti dönəmində aradan götürülmüşdü. Bu mənada mümkündür ki, 2025-ci ildə...”
Qəzzada “HƏMAS”, eləcə də Livanda “Hizbullah”la savaşın açarı, demək olar ki, İsraillə İranın əlindədir və bu məsələdə Birləşmiş Ştatların hər iki dövlətə yanaşması da mühüm rol oynayır. Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın isə hazırkı dövlət başçısı Cozef Baydendən daha çox İsrailə dəstək verəcəyi gözlənilir. Həmçinin bildiyiniz kimi, o, hakimiyyəti dövründə İranla nüvə proqramı ilə bağlı sazişi pozdu. “SEPAH”-ın hətta bu qurumun məşhur generallarından birini öldürdüyünə görə Trampın başına pul qoyduğu da iddia edilir. Bəs görəsən, belə olan halda Ağ Ev yeni prezidentin verdiyi sözə uyğun olaraq Qəzzada və Livanda savaşı necə durduracaq?..
Moderator.az-a açıqlamasında hərbi-siyasi ekspert Üzeyir Cəfərov mövzu ilə bağlı bunları söyləyib:
“Zənnimcə, Qəzzada və Livandakı savaşların durdurulmasında 2025-ci il yanvarın 20-dən sonra təyin ediləcək ABŞ-nin yeni Dövlət katibi də öz rolunu göstərəcək. Bu məsələnin həlli üçün onun üzərinə yeni vəzifələr düşəcək. Yeni Dövlət katibi bununla bağlı İran və İsrail dövlətləri ilə də birbaşa, ya dolayısıyla yeni yönlü təmaslar quracaq. Və ona da şübhə yoxdur ki, ABŞ Tramp dövründə İsrailə dəstəyini davam etdirəcək və yəqin ki, həmin dəstəyi daha da gücləndirəcək. Çünki Trampın İrana münasibəti də hamıya yaxşı bəllidir. Və bəlkə də o, İrana qarşı Baydendən də sərt mövqe nümayiş etdirəcək. Ona görə də ola bilsin, İranda da yeni prezident Pezeşkian dönəmi olmasına rəğmən iki dövlət arasında münasibətlərdəki gərginlik bəzi məsələlərdə kritik həddə çata bilər.
Yəqin ki, ABŞ-nin 47-ci prezidenti konkret “SEPAH”-la bağlı da müəyyən addımlar atacaq. Məhz Trampın keçmiş hakimiyyəti dönəmində general Qasim Süleymani aradan götürülmüşdü. Bu mənada mümkündür ki, 2025-ci ildə “SEPAH”-ın hazırkı aparıcı fiqurları da Pentaqonun hədəfində olsun. Və biz xatırlayırıq ki, Trampın özünün fiziki cəhətdən məhv edilməsi üçün “SEPAH” bəzi bəyanatlar vermişdi. Bir sözlə, belə düşünürəm ki, 2025-ci ildə ABŞ-İran münasibətləri gərgin formada davam edəcək və Ağ Ev öz müttəfiqləri ilə bərabər İrana qarşı siyasi, hərbi, iqtisadi təzyiqləri daha da artıracaq...”
Sultan Laçın