“Bu arzum yerinə yetdi, bayrağı tək mən yox, şəhidlər də asıb” - Şuşaya bayrağı sancan qəhrəman-FOTOLAR+ÖZƏL
4231
09 Nov 2024 | 14:59

“Bu arzum yerinə yetdi, bayrağı tək mən yox, şəhidlər də asıb” - Şuşaya bayrağı sancan qəhrəman-FOTOLAR+ÖZƏL

“Həyatımda iki arzum olub: Biri torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaq, biri də Şuşanın giriş qapısına bayrağımızı sancmaq. Birinə nail oldum, biri qalıb hələ ki. Bayraq sancanda yaşadığım hissi illər öncə də yaşamışdım. Birinci dəfə 2001-ci ildə Ali Hərbi Məktəbi əlaçı və qırmızı diplomla bitirdiyimə görə şəxsən Ulu Öndər tərəfindən mənə diplomun, ilk leytenant rütbəmin təqdim olunması və xeyir duanın verilməsi idi. O bizə baxaraq dedi ki, mən inanıram ki, Qarabağı azad edəcək şəxslər bu sıradadır. O bayrağı bizə əmanət etdi ki, illər sonra onu Şuşadan asaq”
 
Bunu Dövlət Bayraq günündə Moderator.az-a açıqlamasında ehtiyyatda olan polkovnik, “Qarabağ” ordenli Rəşad Aslanov deyib. O daha sonra əlavə edib:
 
“Çox təəssüflənirəm ki, vətənimin bu tarixi günlərində şəhid qardaşlarımız yanımızda yoxdur. Bu həqiqətən də bizim üçün ağırdır. Sevindiyim məqam isə bu şərəf və ləyaqətin qaytarılmasında, torpaqlarımızın işğaldan azad olunmasında və həyatımdakı ən uca arzuma-Şuşanın giriş qapısına gözəl üç rəngli bayrağımızı sancmağıma nail olmağıma görədir. Biz bu gün nə etsək də azdır. Gənc nəsil üçün ən böyük nümunə yolu şəhidlərimizin keçdiyi yoldur” deyə o bildirib.
Rəşad Aslanov daha sonra müharibə illərini xatırlayıb:
 
“Əks hücum başlayanda mən Naxçıvanda xidmət edirdim. Narahat idik, istəyirdik ki, biz də döyüşlərdə iştirak edək. Amma hələ ki, əmr verilməmişdi. Əmr veriləndə sevindik. İlk növbədə 300-ə yaxın şəxsi heyətlə biz gəldik. XTQ-in komandanına müraciət etdik və o bizi bölüşdürdü, tapşırıqlar verdi. Oktyabr ayının 11-dən biz döyüşlərə qatıldıq. Hadrut qəsəbəsi, Füzuli şəhərinin özü, Hadrutdan Şuşaya qədər olan kəndlər və Şuşanın özü üçün müdafiəyə qalxdıq. Bizim şəxsi heyət şəhid olmağa o qədər tələsirdi ki.. Şəhidlikdən, ölümdən qorxmurdular.. Bizim ən ağır döyüşlərimiz Hadrutda olub. Düşmən orada yaşayırdı. Hadrutu azad etməyimizə baxmayaraq düşmən dəfələrlə orada əks hücuma keçirdi. Naxçıvan Xüsusi Təyinatlıları da ilk şəhidini məhz Hadrut uğrunda döyüşlərdə verdi” deyə o bildirib.
Qəhrəmanımız Şuşaya bayraq asdığı günü belə xatırlayır:
“Döyüşlərə yollananda Naxçıvanda iş yerimdə otaqda asdığım bayrağı açıb səliqəli şəkildə cibimə qoydum. Öz-özümə dedim ki, qismət olsa, sağ qalsam bu bayrağı Şuşanın girişindən asacam. Bu hadisəni bütün döyüş yoldaşlarıma danışdım. Bayrağı da sinəmdə gəzdirirdim. Noyabr ayının 6-sı idi. Artıq Şuşa şəhərinin girişi düşməndən azad olunmuşdu. Amma düşmən hər yerdən artilleriya, topdan atırdı. Ən çox da Laçından atırdılar. Bayrağı əsgərlərə verdim ki, qalxın oradan asın. Onlar da bildirdilər ki, bu sizin arzunuzdur, siz asın. Mən bayrağı asa-asa düşmən də atırdı. Bayrağı sancanda mən heç bilmirdim ki, bunu kimsə çəkir.. Sağ olsun döyüş yoldaşlarım, bu anı lentə alaraq tarixiləşdiriblər. Sonradan həmin görüntüləri mənə verdilər. Şuşaya bayraq sancmaq hamının arzusu idi. Mən bu gün də deyirəm ki, Şuşaya bayrağı tək mən yox, şəhidlərimiz asıb. Allah şəhidlərimizə rəhmət etsin” deyə qəhrəmanımız bildirib.
Qeyd edək ki, Rəşad Aslanov Vətən müharibəsindəki şücaətlərinə görə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən "Qarabağ" ordeni, ”Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.
Link kopyalandı!
Son xəbərlər