Ekskluziv
439
15:20, Bu gün

"Tramp Ukraynanın məğlubiyyətini özünə rəva bilməz" - "Foreign Policy"

 
"Tramp anlamalıdır ki, ABŞ-ın təhlükəsizliyi və dünya meydanında öz təsirini qoruyub saxlaması üçün Birləşmiş Ştatlara Ukraynanın qələbəsi gərəkdir..."
 
ABŞ-ın yeni prezidenti Donald Trampın ətrafı ona sadə həqiqəti izah etməlidir. Bu da ondan ibarətdir ki, ABŞ-ın yeni lideri kimi o, Ukraynada müharibənin dayandırılması planını dərhal təqdim etməyə borcludur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.
 
Tramp, ehtimal ki, diqqətini daxili siyasətə yönəldib. Lakin o, anlamalıdır ki, onun ləngliyi yalnız hazırda ABŞ-ın birbaşa opponenti kimi çıxış edən Rusiyanın əlinə oynayır.
 
Nəşr yazır ki, Trampın planında Rusiyanın müharibə nəticəsində ələ keçirdiyi ərazilərlə bağlı güzəştlər olmamalıdır. Həmçinin Rusiya hakimi Vladimir Putinin vədlərinə bel bağlamaq olmaz, çünki o, dəfələrlə öz sözlərini tutmayıb.
 
NATO nümayəndələri və ekspertlər, demək olar ki, Ukraynanın tədricən öz mövqelərini itirdiyi və qarşıdakı qışın dönüş məqamı olacağı fikrində yekdildir. Trampın qələbəsi bu narahatlığı, o cümlədən onun Ukrayna və müharibə ilə bağlı ehtiyatlı bəyanatlarından yalnız güclənib.
 
Bundan öncə Tramp belə bir fikir söyləyib ki, Ukrayna hələ müharibə başlamazdan Rusiyaya güzəştlərə razı olmalı idi və iddia edib ki, hətta "pis sövdələşmə indi baş verənlərdən daha yaxşı ola bilərdi". O, həmçinin Ukrayna prezidentini onun ünvanına "kiçik xoşagəlməz böhtan atmaqda" ittiham edib.
 
Ukraynada vəziyyət son dərəcə mürəkkəb olaraq qalmaqdadır. Ukraynanın şərqində Rusiya əhalini fiziki və mənəvi cəhətdən tükəndirməyə cəhd edir, bu zaman cənubda limanları bloklayaraq tədarükləri çətinləşdirir. 
 
"Atlantic Council"-in baş elmi əməkdaşı Maykl Botsyurkiv qeyd edib: "Rusiya ABŞ-da seçkilər zamanı siyasi qeyri-müəyyənlikdən istifadə edib. Putin kimi avtokrat liderlər Qərbin zəifliyi və qətiyyətsizliyindən istifadə edir, Qərb isə indiyədək Ukraynaya Rusiyanın özündəki mövqelərə zərbələr vurmağa imkan verməyib, bu da Moskvaya strateji üstünlük əldə etməyə imkan verib".
 
Qərb müttəfiqləri, o cümlədən ABŞ müəyyən silah və resurslarlın verilməsindən çəkinməklə Ukraynaya dəstəyə məhdudiyyət qoyub. Bunun səbəbləri həm yorğunluqda, həm də münaqişənin Ukraynanın hüdudlarından kənara çıxacağına inamdadır.
 
Ekspertlər arasında Ukraynanın istənilən ərazi güzəştlərinin Putinin təcavüzünü yalnız gücləndirəcəyi, Rusiyanın NATO sərhədlərinə yaxınlaşacağı və Avropa üçün yeni təhlükələr yaradacağı ilə bağlı bir qorxu hökm sürür.
 
London Kral Kollecinin professoru Rut Deyermond qeyd edir ki, işğal edilmiş ərazilərin Moskvaya qalmasını nəzərdə tutan sülh sazişi Rusiyaya öz mövqelərini möhkəmləndirməyə və Belarusda hərbi mövcudluğunu artırmağa imkan verəcək, bu da NATO-nun Baltika ölkələri üçün potensial təhlükə yaradacaq. Bərkimiş Rusiya kiberhücumlarını və Avropa dövlətləri və ABŞ-ın daxili işlərinə müdaxiləsini fəallaşdıracaq.
 
"Atlantic Council" üçün məqaləsində Piter Dikinson yazıb ki, Rusiyanın Polşa, Baltikyanı ölkələr kimi "tarixən öz hissəsi" hesab etdiyi ölkələr Kremlin təcavüzü üçün potensial hədəflər ola bilər.
 
Avropa Rusiyanın qələbəsinin regionun sabitliyi üçün daha çox təhlükələr yaradacağından ehtiyat edir. Bunu Trampa izah etmək lazımdır ki, o, Ukraynaya dəstəyin ABŞ-ın təhlükəsizliyi üçün əhəmiyyətini anlasın. Məsafəyə rəğmən, sərhədlər artıq qlobal təhlükələrdən müdafiə olunmaq demək deyil.
 
Zelenski dəstək göstərilməsinə çağırış etməkdə davam edir, lakin Vaşinqton artıq bu müharibəyə xeyli vəsait və siyasi kapital yatırıb. Deyermond xəbərdarlıq edib:
 
"Ukraynanın məğlubiyyəti bütün dünya üçün ABŞ-ın Rusiyaya və ya Rusiya, İran və Şimali Koreyadan ibarət koalisiyaya uduzması kimi görünəcək. ABŞ-ın dəstəyinin azalması istənilən halda Rusiyanın ABŞ-ı geri çəkilməyə vadar etməsi təsirini bağışlayacaq. Bunun isə ABŞ-a olan etimadı azaldacağı aydındır. Putin əsasən ABŞ-ı nəzərdə tutaraq illərlə Qərbin zəifliyindən danışır".
 
Amerika ictimaiyyətinə Ukraynadakı münaqişənin uzaq görünə biləcəyinə rəğmən, bu münaqişənin ABŞ-ın təhlükəsizliyi üçün gerçək nəticələri olacaq.
 
Hələlik Trampın Ukrayna məsələsini nə dərəcədə ciddi qəbul etdiyi və təhlükələri tam mənada anladığı aydın deyil. Bundan öncə o, Putini "dahi" adlandırıb, eyni zamanda deyib ki, onun həm Putin, həm də Zelenski ilə "yaxşı münasibətləri" var.
 
Nəşr qeyd edir ki, Trampın Ukraynada nələrin taleyinin həll olunduğunu nə qədər anlaması və ABŞ-ın müttəfiqlərinə dəstək verəcəyənə nə qədər hazır olması sual altındadır. 
 
Ona görə də onun komandası ona belə bir mesaj göndərməlidir: öz təhlükəsizliyini və dünya meydanında öz təsirini qoruyub saxlaması üçün Birləşmiş Ştatlara Ukraynanın qələbəsi gərəkdir.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər