Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
8113
08 Nov 2024 | 11:07

Vətən savaşından sonra da nəfsinə məğlub olanlar Zəfər Günü haqda danışmasın barı...

“Torpaqları müdafiəsində, yaxud işğal altındakı torpaqların azad olunmasında istər döyüşçü, istər komandir, istər həkim, iqtisadçı, yaxud siyasətçi kimi istənilən qədər xidmət göstərmiş heç bir kəsin buna görə digər vətəndaşlara, xalqa minnət qoymaq, onlara üstdən aşağı baxmaq, onların hüquqlarını tapdamaq, əlindəki səlahiyyətlərdən sui-istifadə edərək özünə əlavə gəlir mənbələri əldə etmək, qoçuluğa, dələduzluğa, saxtakarlığa, rüşvətxorluğa və s. qurşanmaq haqqı yoxdur...”
 
Bu dünyaya, bu həyata yanlış baxışla baxanlar heç nəyin mahiyyətini doğru anlamaz... Həyatın da, mübarizənin də, savaşın da, Qələbənin də, Zəfərin də... Həyata Quran məntiqi ilə, yəni həm bu dünyanın, həm o dünyanın- Axirətin prizmasıından baxanda öncə aydın olur ki, Peyğəmbərimizin(ə.s.) hədisində deyildiyi kimi, Qalib yalnız Allahdır və yaxud səfər bizdən Zəfər Allahdandır... Bu mənada heç kəs - nə döyüşçü, nə komandir, nə komandan özünə Qalib deyə bilməz. Əlbəttə ki, dünyaya, həyata yalnız əyləncə, ləzzət, yeyib-içmək meydanı nəzəri ilə baxanlar Allahı, Peyğəmbəri(ə.s.), Quranı tanımayanlar bunu anlaya bilməz... Eybi yox, Qiyamət Günü, sonra da Cəhənnəmdə hamısına hər şey anladılacaq...
 
Sözsüz ki, bəli, 4 il öncə Azərbaycan bir xalq, bir dövlət olaraq təcavüzkarlara qalib gəlib 30 ilə yaxın işğalda qalan torpaqlarının azad edilməsinə nail oldu... Əlbəttə, burada həm siyasi, həm diplomatik, həm hərbi baxımdan hər şeyi ölçüb-biçdikdən sonra iradə göstərərək bu Azadlıq əməliyyatının başlanması əmrini verən və sonadək ona rəhbərlik edən ölkə başçısının xidmətləri xüsusi qeyd olunmalıdır. Amma təbii ki, bu Zəfərdə ən böyük yükü ordumuz,  yetərincə cəsarət, şücaət, igidlik və fədakarlıq göstərərək canlarını fəda edərək düşmən üzərinə gedən döyüşçülərimiz daşıdı... Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə səbir və şəfa diləyirik... 
  
Bəs Qarabağdakı zəfərimizdən sonra bir ölkə, bir xalq olaraq şəhidlərimizin, qazilərimizin amalına uyğun yaşadıqmı, işlədikmi, fəaliyyət göstərdikmi? Təəssüf ki, bütövlükdə yox!.. Ölkə başçısı İlham Əliyevin özünün dediyi kimi, nöqsanları, cinayətləri malalamaq lazım deyil... Bu 4 il ərzində də bütövlükdə toplum, xalq olaraq nəinki nöqsanlarımız, ağır günahlarımız, cinayətlərimiz də çox oldu... Bəs bunun əsas səbəb nə oldu? Peyğəmbərimizlə(ə.s.) bağlı məşhur hədisin təbirincə desək, kiçik cihadda( konkret Qarabağdakı döyüşlərdə, Vətən müharibəsində) udsaq da, böyük cihadda(nəfsimizlə savaşda) uduzmağımız oldu... Yəni müharibədən əvvəlki haram, cinayətkar əməllərimizi yenə davam etdirdik: ən yoxsuldan, fəhlədən, süpürgəçidən tutmuş müdirlərə, direktorlara, rəislərə, başçılara və yüksək rəhbərliyədək yalan, hiylə, dələduzluq, saxtakarlıqla, rüşvətxorluqla, korrupsiya ilə məşğul olmaqla yaşayanlar bu işlərini tərgitmədi... Kasıb, vəzifəsiz fəhlə işlədiyi sexdən, süpürgəçi çalışdığı məktəbdən nəsə oğurlayıb evinə daşıdı, yataqxanada yaşayan köçkün birisi işğaldan azad torpaqlarda iki evə yiyələnmək üçün sənəddə məhkəmə ilə arvadından boşandı, həkim xəstədən, müəllim şagirddən, tələbədən rüşvətini almaqda davam etdi, işğaldan azad ərazilərdə bərpa, tikinti işləri ilə məşğul olan fəhlələr, ustalar çəkdikləri zəhmətə nisbətdə maaşları az olduğundan işlərində səhlənkarlıq etdilər, memarlar, mühəndislər tikinti şirkətlərinin rəhbərləri ilə, onlar da müvafiq mərkəzi qurumlarla əlbir olub külli miqdarda korrupsiyaya şərait yaratdılar, son məhkəmə işlərindən göründüyü kimi, digər əksər sahələrdə, hətta ölkənin müdafiəsinə cavabdeh olan, savaşlarda qələbəmizin əsas təminatçılarından biri olan qurumda da rüşvət, korrupsiya halları səngimədi...
 
Bəzi yerli və mərkəzi qurumlar Zəfərimizi, ərazi bütövlüyümüzü təmin etmiş bir sıra şəhidlərimizin, qazilərimizin özlərinə, ailələrinə laqeyd münasibət göstərdi... Xeyli qazinin işlə təmin ollunması bir yana, bəzi media orqanlarının oxucu sayını artırmaq xatirinə artıq neçə ildir ki, iki gündən bir tirajladığı “Qazilərin 80 manatlıq müavinəti bu qədər artacaq” kimi feyk-xəbərlərə, açıqlamalara rəğmən əlaqədar mərkəzi qurumlar, nazirlər bu artımın gerçəkdən həyata keçirilməsi üçün hərəkətə keçmədi. Nəticədə, bəzi məlumatlara görə, 100-dən çox qazimiz intihar etdi – yenə də müvafiq qurumların tükü tərpənmədi... Digər yandan isə ərazi bütövlüyümüzün təmin olunmasında iştirak etmiş bəzi qazilər, komandirlər, generallar, hətta şəhid ailələri qazandıqları güzəşt və üstünlüklərdən sui-istifadə etməyə başladılar... Halbuki, ölkənin ərazisinin müdafiəsi və ya işğal altındakı torpaqlarının azad olunmasında istər hərbi, istər tibbi, istər iqtisadi, istərsə də siyasi və s. sahələrdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əlindən gələni etmək hər bir vətəndaşın borcudur. Və bu işdə istər döyüşçü, istər komandir, istər həkim, iqtisadçı, yaxud siyasətçi kimi istənilən qədər xidmət göstərmiş heç bir kəsin buna görə digər vətəndaşlara, xalqa minnət qoymaq, üstdən aşağı baxmaq, onların hüquqlarını tapdamaq, əlindəki səlahiyyətlərdən sui-istifadə edərək özünə əlavə gəlir mənbələri əldə etmək, qoçuluğa, dələduzluğa, saxtakarlığa, rüşvətxorluğa qurşanmaq haqqı yoxdur... Amma təəssüf ki, son illər ərzində aramızda belə nəfsinə məğublar da xeyli oldu...
 
Və təbii ki, nəfsinə, Şeytana qul olan bəndənin iş dairəsi, vəzifə, məsuliyyət çərçivəsi böyüdükcə onun günahları, cinayətlərə və xalqa, ölkəyə və bütövlükdə bəşəriyyətə vurduğu zərbələr daha da böyük olacaq...
 
Bu halda belələrinin Zəfər Günündən danışmağa haqları varmı? Təbii ki, yox...
 
Barı sussunlar, danışmasınlar ki, Allahın, xalqın qəzəbindən payları bəlkə bir az azala...
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər