Yazar
Sultan Laçın
Yazılar
ekskluziv
530
14:01, Bu gün

"“Bacarana can qurban” deyə-deyə canımızı, doğrudan da, dələduzlara, korrupsionerlərə qurban edirik..."

“Hətta ABŞ kimi iqtisadi-siyasi baxımdan ən inkişaf etmiş ölkə də “bacarana can qurban” xəstəliyinə yoluxub və məhz o səbəbdəndir ki, bu ölkənin də böyük çoxluğu Tramp kimi yalanla, əxlaqsızlıqla,  zinakarlıqla, saxtakarlıqla, şər-böhtanla uğurlar qazana bilən birinə səs verib ikinci dəfə dövlətlərinin başına çıxardı...”
 
İnsanın gündəlik həyatı və bütövlükdə taleyi ilk növbədə onun düşüncə tərzindən asılı olduğu kimi, xalqların da taleləri bu göstəricidən asılıdır. Bu gün Azərbaycanda mövcud olan toplumun bir çox müsbət xüsusiyyətləri ilə yanaşı, ilk növbədə onun özünə zərbə vuran mənfi keyfiyyətləri də var. Bunlar da əsasən ölkəmizin, yəni yaşadığımız ərazinin neçə yüzilliklər boyu müxtəlif imperiyaların, dövlətlərin işğalına, onların müstəmləkəsi olması səbəbindən kütləvi manqurtlaşmalara, repressiyalara, deportasiyalara və s. məruz qalması nəticəsində formalaşıb...
 
Sovet dövründə keçən uşaqlıq və gənclik dövrlərindən yadımdadır ki, ətrafımda olan insanların əksəriyyəti birinin hətta bir oğurluqla, yalan, hiylə ilə, fırıldaqla, saxtakarlıqla, dələduzluqla, saxtakarlıqla pul, var-dövlət, vəzifə əldə etməsindən danışanda “bacarana can qurban” deyərək ona haqq qazandırırdılar. Azərbaycan dilinin frazeoloji lüğətində “bacarana can qurban” ifadəsi “müəyyən işdə uğur qazanmış bacarıqlı, qabiliyyətli insanlar barəsində deyilən ifadə” kimi izah edilir. Eyni fikir “bacarana baş qurban” ifadəsi ilə də işlədilir... Bu ifadə normal, ədalət var olan cəmiyyətdə  hər hansı işdə halal, dürüst yollarla uğur, qazanc, qələbə əldə edənlərə xitabən işlədilir... Fəqət, vay o haldan ki, eyni ifadə günah, halal-haram bilmədən, necə gəldi, yalanla, fırıldaqla, saxtakarlıqla, rüşvətlə və s. yollarla uğur, qazanc, qələbə əldə edənlərlə də bağlı işlənə... O zaman cəmiyyət, toplum, millət, xalq gerçəkdən tənəzzülə, deqradasiyaya gedir...
 
Bir də sözügedən düşüncə sahiblərinin bir-birlərinə bir tövsiyələri də məşhur idi: “Çalış ya özün, ya oğlun sistemə keçin”. “ Sistem” deyəndə Daxili İşlər Nazirliyi, o vaxtkı “KQB”, yəni Dövlət Təhlükəsizlik Komitəsi, ya da prokurorluq, məhkəmə  və s. nəzərdə tutulurdu... Buna səbəb o idi ki, həmin qurumlarda, “levı” qazanc, “çak-çuk”, başqa sözlə, rüşvət, korrupsiya imkanları var idi. Elə həmin qurumlarda xidmət edənlər də” yaxşı qazanc” əldə edəndə çoxları onları “bacarana can qurban” deyirdi... Xülasə, belə “yeyib-dağıdan”, “fərasətli oğlanlar” tədricən yanlış valideyn tərbiyəsinin təsiri altında, az qala, bir çox yeniyetmə və gənclərin kumirinə çevrilirdilər...
 
Öncə dediyim kimi, belə yanaşmalarımızın formalaşmasına səbəb zənnmcə, əsrlər boyu həm müstəmləkələrin, həm də öz hakimiyyətlərimizin, şahlarımızın, bəylərimizin, xanlarımızın, sonra da katiblərimizin, raykomlarımızın, başçılarımızın, nazirlərimizin və s. zülmü altında  yaşamağımız olub ki, daim bu zülmlərdən qurtulmaq, bəzən sadəcə, ya qılıcdan, ya güllədən, ya da acından ölməmək üçün halal-haram müxtəlif dolanbac yollara baş vurmağımızdan irəli gəlir... Bu xislət neçə nəsillərdən nəsillərə genlərdən genlərə keçərək vərdişə, xarakterə çevrilib, təəssüf ki...
 
Və təbii ki, bu düşüncə tərzi ilə yaşayan cəmiyyətdə yalanı, hiyləni, fırıldağı, dələduzluğu, saxtakarlığı, haramxorluğu daha “yaxşı” bacaranlar getdikcə daha çox qazanc, uğur əldə edir, nəticədə ya “güclü alverçi” kimi varlanır,  ya da haram yollarla bir az pul yığdıqdan sonra vəzifə, “sistem” pillələrində uğurla irəliləyirdilər. Bu minvalla super-dələduzlar, super-rüşvətxorlar, super-korrupsionerlər yetişib həyatımızın bütün sahələrində hökmranlıq etməyə başladılar... 
 
Biri “yeyib-dağıdan” məktəb direktoru, ya unuversitet rektoru oldu – biri rüşvət vermədiyi üçün kasıb oğlunun orta məktəb attestatının qiymətini aşağı yazdı, digəri universitetə qəbul imtahanında adı məlum siyahıda olmadığı üçün həmin oğlana, yaxşı cavab verməyinə rəğmən “2” yazdı. Nəticədə həmin oğlan”prinsip”ə gedib Rusiyanın  soyuq, şaxtalı, havası nəmli Xabarovsk şəhərində ali məktəbə qəbul oldu, amma sonuncu kursda ağır xəstəliyə düçar olub Vətənə(!) qayıdıb dünyasını dəyişdi... Başqa birinin dədəsi 5-6 dana satıb onu texnikuma qəbul etdirdi, “sistem”ə keçirdi, sonda  “qayi”, yəni yol milisi (polisi) rəisi qoydurdu. O da ömründə spirtli içməyən kasıb bir sürücünü yalandan şərlədi ki, araq içib sükan arxasına əyləşmisən, əvəzində gerçəkdən içkili halda maşın sürən rayon başçısının oğluna baş əyib salam verəndən sonra o gedib az qabaqda küçəni keçən bir 12 yaşlı uşağı vurub öldürdü... 
 
Digəri “zavmaq”( mağaza müdiri) olan dədəsinin pulları, pay-püşü hesabına “medinstitut”a qəbul oldu, onu bitirdi, yekə bir cərrah oldu. Bir gün həmin qəssaba oxşayan yekəbaş, yekəqarın cərrah bir xəstənin kor bağırsağı əvəzinə, yoğun bağırsağını kəsib o dünyaya yola saldı. Daha biri rüşvətxor “raykom katibi” olan atasının hörməti, pulu sayəsində “yurfak”a(universitetin hüquq fakültəsi) qəbul oldu və oranı bitirib məhkəmədə işə düzəldi və sonda məhkəmə hakimi oldu. Bir gün yağın talonla verildiyi vaxtda milis birini şərləyib gətirdi ki, guya mağazadan yağ oğurlayıb(halbuki “zavmaq” yağı baha qiymətə satdırıb), həmin hakim də “zavmağ”ın verdiyi rüşvəti milis rəisi ilə bölüşdürüb bir neçə məhkəmə iclasından sonra rahatca, heç bir vicdan əzabı çəkmədən həmin “oğru”ya 5 il iş “nallayıb” türməyə yola saldı, o bədbəxt də orada vərəmləyib canını tapşırdı... 
 
Başqa bir rayon baş həkiminin oğlu dədəsinin xəstələrdən topladığı rüşvətlətr sayəsində “medinstituta” (indi Tibb Universiteti) girdi, onu qırmızı diplomla bitirdi, o sürətlə “böyüyüb” xəstəxana baş həkimi, rayon baş həkimi, nazir müavini və nəhayət, səhiyyə naziri oldu. Nazir olan kimi xarici ölkələrdəki bütün dələduz əczaçılıq şirkətləri ilə əlaqə saxlayıb ən saxta dərmanların ölkəyə axınını təşkil etdi, bununla paralel bütün ölkə xəstəxanalarına rüşvət hesabına özü kimi rüşvətlə oxumuş savadsız, rüşvətxor baş həkimlər(onlar da öz növbəsində bu cür həkimlər) təyin etdi. Nəticədə bütün məmləkəti ani ürək tutmasından, beyinə qan sızmasından, həmçinin cərrahiyyə əməliyyatı zamanı və ya müaliəcə zamanı səhv təyin edilmiş, yaxud saxta dərmandan ölümlər bürüdü...
 
Biri də toy müğənnisi olan anasının hesabına gəlib bir dağ rayonunun deputatı oldu. Həmin rayonun icra başçısının, milis rəisinin camaata qarşı bütün zülmlərinə göz yumdu, heç bir şikayətə baxmadı. Üstəlik, rayondakı qızıl mədənlərindən birini istismar edən şirkətin heç bir ekoloji qaydalara riayət etmədən  ətrafdakı kəndlərin camaatının zəhərləməsinə susdu, cınqırını çıxarmadı. Və bu minvalla yüzlərlə insan cürbəcür xəstəliklərdən dünyasını dəyişdi, qalanları da həm yoxsul, həm də xəstə, zəlil oldu...
 
Bu cür “bacaran”lara can qurban verilməsi hallarını sonsuzadək çoxaltmaq olar... Göründüyü kimi, həyatımızın bütün sahələri üzrə “bacarana can qurban” deyərək bütün səviyyələrdə başımıza çıxardığımız “can”lar sonda bir xalq olaraq öz canımıza bəla olublar. Və ortadakı reallıq heç də nikbinliyə əsas vermir...
 
Çünki toplumun belələrinin əlindən çəkdiyi bütün siyasi, iqtisadi-sosial, tibbi, psixoloji, ekoloji və s. əzab və zülmlərə rəğmən “bacarana can qurban”, “hamı necə, sən də elə” “hamı kimi sən də ye dağıt” kimi haram düşüncə tərzi beyinlərdə hökmran olmaqda davam edir... Və bu düşüncəni dəyişməyincə bizi idarə edənlər də, həyatımız, güzəranımız yaxşılığa doğru dəyişməyəcək...
 
P.S. Dünyadakı son olay və prosesləri təhlil edəndə belə nəticəyə gəlmək olur ki, əslində artıq bəşəriyyətin əksəriyyəti, hətta ABŞ kimi iqtisadi-siyasi baxımdan ən inkişaf etmiş ölkə də “bacarana can qurban” xəstəliyinə yoluxub və məhz bu səbəbdəndir ki, bu ölkənin böyük çoxluğu Tramp kimi yalanla, əxlaqsızlıqla,  zinakarlıqla, saxtakarlıqla, şər-böhtanla uğurlar qazana bilən birinə səs verib  ikinci dəfə dövlətlərinin başına çıxardı...
 
Sultan Laçın
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər